Məlum olduğu kimi, bir sıra ərazilərin işğaldan azad olunması ilə bağlı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciət edib.
Ölkə başçısı müraciətində bir sıra məqamlara toxunub. Bununla yanaşı, Prezident açıq danışaraq bəzi dövlətlərin münaqişənin tənzimlənməsində tutduğu mövqeyi tənqid etdi, eyni zamanda, kəskin xarakterli mesajlar verdi. Prezident qeyd etdi ki, otuz il ərzində danışıqlar gedə bilərmi: “Otuz il ərzində Azərbaycan xalqını belə vəziyyətdə saxlamaq olarmı?! Otuz il ərzində biz ümidlə yaşayırdıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deyəcək. Dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. Bu qətnamələr 27 ildir kağız üzərindədir. İyirmi yeddi il ərzində biz bütün dövrlərdə - danışıqların bütün dövrlərində konstruktiv mövqe göstərmişdik, ədalətli mövqe göstərmişdik. Ancaq bunun müqabilində nə gördük? Təcavüzkar daha da azğınlaşıb. Təcavüzkarın tamahı daha da böyüyüb, bizim dədə-baba torpağımıza göz dikib”.
Prezident qeyd edib ki, onun danışıqlarla bağlı şərti birdir: “Çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki, indi şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Çünki biz dayansaq, onlar dayanmayacaq. Amma hər halda, bunun üzərində işləmək olar. Yoxsa ki, siz dayanın, onlara vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasınlar? Vaxt verək ki, yenə də adam toplasınlar bizə hücum etsinlər?”.
Göründüyü kimi, Prezident danışıqlar məsələsində çox açıq danışdı. Ölkə başçısının belə açıq mətnlə çıxışının nə kimi faydaları olacaq?
“Status-kvonun saxlanmasından bundan sonra söhbət belə gedə bilməz”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, Prezident İlham Əliyevin açıq mətnlə danışmasının bir sıra faydaları olacaq: “Əvvəla bununla ölkə başçısı açıq şəkildə bəyan etdi ki, danışıqlar naminə danışıqlara getməyəcək. Bu səbəbdən status-kvonun saxlanmasından bundan sonra söhbət belə gedə bilməz. Ermənistanı açıq və gizli himayə edən dairələr anladılar ki, Azərbaycanın bundan sonra başını nəyəsə qatmaq və daha 30 il danışıqları uzatmaq mümkün olmayacaq. Ya münaqişənin həllində Ermənistana təzyiq edib bu ölkəni yola gətirəcəklər, ya da Azərbaycan Ordusu bu işi sona qədər həll edəcək. Prezidentin xalqa müraciətində məhz bu fikir əsas üstünlük təşkil edirdi. Bu da, əslində, beynəlxalq qurumlara və xüsusən də ATƏT-in Minsk Qrupu həmsədrlərinə bir mesaj idi. Onlar nə qədər bundan tez nəticə çıxarsalar, bu bir o qədər işin xeyrinə olacaq”.
Siyasi ekspert hesab edir ki, Azərbaycan qarşıya qoyduğu hədəflərə çatacaq.
Vidadi ORDAHALLI