“Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq”. Bu fikirləri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində səsləndirib.
Ölkə başçısının sözlərinə görə, bir həftədir Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır: “Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır. Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar”.
Ölkə başçısı onu da qeyd edib ki, biz bütün şəhərləri bərpa edəcəyik: “Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq. Biz ermənilər tərəfindən bizim tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq. Bizim yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir”.
Bütün bunlar onu göstərir ki, Azərbaycan öz yeni şanlı tarixini yazır.
“İllərdir diplomatiyanın görə bilmədiyi işi ordumuz gördü”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Azərbaycan Ordusu döyüş meydanında şanlı tarix yazır: “Həqiqətən də Silahlı Qüvvələrimiz illərdir həsrətində olduğumuz əraziləri işğaldan azad edərək şanlı tarix yazır. İllərdir diplomatiyanın görə bilmədiyi işi ordumuz gördü. Əlbəttə ki, bütün bunlar qürurverici haldır. Ordumuz Azərbaycan xalqının ruhunu dirçəltdi, illərdir insanların şüurunda kök atan məğlubiyyət sindromunu aradan götürdü. Bununla bağlı formalaşan stereotipləri sildi. Çünki torpaqların işğal altında qalması, istər-istəməz, cəmiyyətin bütün sahələrinə mənfi təsir edirdi. Elə bir sahə yox idi ki, orada bunun izləri olmasın. Bu həm də, müəyyən mənada, insanlarda natamamlıq kompleksi yaradırdı. O üzdən, ordumuzun əldə etdiyi uğurları sözlə təsəvvür etmək çətindir. 27 ildən sonra Cəbrayılın işğalına son qoyuldu. İnşallah, digər rayonların da işğalına son qoyulacaq. Onu da qeyd edim ki, 27 il idi biz bir sıra Qarabağətrafı rayonların işğal gününü kədərlə qeyd edirdik. Həmin günlər bizim tariximizə qara hərflərlə yazılan günlər idi. Artıq bu məğlubiyyət sindromu olmayacaq. Ordumuz yeni-yeni qələbələrə imza atır. Bütün bunlar bizim yeni və qürurverici tariximizdir”.
Partiya funksionerinin fikrincə, bütün bunlarla biz fəxr etməliyik.
Vidadi ORDAHALLI