Rusiyanın məşhur “Dojd” telekanalı Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Xankəndi şəhərindən reportaj hazırlayıb. Reportajda Xankəndi sakini Naxşun Qriqoryan döyüş əməliyyatlarının ikinci günündə ərinin həlak olmasından danışıb. İndi o, dərhal orduya çağırılan qardaşı üçün qorxur.
N.Qriqoryan deyir ki, əri hərbçi olub və işğal altında olan Şuşada xidmət edib: “O, Şuşada xidmət edirdi və onu ön cəbhəyə göndərməməli idilər. Onu qanunsuz olaraq başqa yerə göndərdilər və onlar maşında gedərkən türklər (ermənilər azərbaycanlıları belə adlandırırlar – red.) onları dayandırdılar və hamısını məhv etdilər. Şuşada daha təhlükəsiz idi, mənim ərim isə qanunsuz olaraq başqa yerə göndərildi və onu öldürdülər. Bu, necə ölkədir axı?”, - gənc qadın deyib.
N.Qriqoryanı Ermənistana yola salan anası deyir ki, onun oğlunu da orduya çağırıblar və Azərbaycan Ordusuna qarşı vuruşmağa göndəriblər: “Mənim oğlum təzəlikcə hərbi xidmətdən qayıtmışdı və onu dərhal yenidən çağırdılar və hərbi posta göndərdilər”. N.Qriqoryan deyib: “Ərimi müharibənin ikinci günündə öldürdülər. Biz onu dəfn edə bildik. Mən Cermuka gedirəm, anam isə burada ölmək üçün qalır. Qardaşımı atmaq istəmir. Burada hamı nə istəyir, onu da edir. Kimin üçünsə müharibə, kimin üçünsə də biznesdir. Niyə gəncləri ölməyə göndərirlər?! Azərbaycanlılar onsuz da bizdən daha güclüdürlər, gəncləri isə ölümə göndərirlər”.
Rusiyanın “Znak.com” internet qəzetinə müsahibə verən veteran erməni hərbçilər qeyd ediblər ki, azərbaycanlılar çox yaxşı döyüşürlər: “Onların döyüş üslubu fərqlidir. Mən 90-cı illərdə Qarabağda döyüşmüşəm. Onlar o vaxt belə savaşmırdılar. Azərbaycan Ordusu hazırda çox güclüdür”.
Qeyd edək ki, daha əvvəl bir sıra xarici media kanallarında ermənilər Azərbaycan Ordusunun güclü olduğunu etiraf etmişdilər.
“…döyüş zamanı bizə məğlub olduqlarını etiraf edirlər”
Hərbi ekspert Rasim İsgəndərov qeyd etdi ki, Azərbaycan hazırda haqq işi aparır, başqa sözlə desək, öz ərazisində təmizlik işləri görür: “Bu gün Qarabağda gedən döyüşlər bütün dünyanın diqqətindədir və artıq hər kəs Azərbaycanın qüdrətini görməkdədir. Ermənilərin özləri də Azərbaycan Ordusunun güclü olduğunu və döyüş zamanı bizə məğlub olduqlarını etiraf edirlər. Ermənilər xarici media qurumlarına azərbaycanlıların çox yaxşı döyüşdüklərini, Ermənistan ordusunun zəif olduğunu bütün dünya ictimaiyyətinə çatdırırlar. Beləliklə, bütün dünya Azərbaycan Ordusunun güclü olduğunu bir daha anlayır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Ermənistan ordusu heç zaman güclü olmayıb. Azərbaycan Ordusu Ermənistan ordusundan qat-qat güclü olub, bu gün də min dəfələrlə güclüdür, Azərbaycan əsgəri də erməni əsgərindən min dəfələrlə güclüdür, biz əsgərimizin gücünü həmişə görürük .
Günel CƏLİLOVA