Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarından sonra məhv edilən, yaralanan erməni silahlılarının sayı durmadan artır. Azərbaycan əsgəri cəbhə xəttində davam edən döyüşlərdə açdığı sərrast atəşlə düşmən hərbçilərini sıradan çıxarır.
Ermənistan hökuməti hazırda itkilərinin sayını gizlətsə də, bir neçə gün əvvəl yaralı hərbçi çoxluğundan ölkənin xəstəxanalarında xəstə qəbulu dayandırılıb. Çünki Ermənistanın səhiyyə ocaqları eyni anda yaralı hərbçilərlə mülki vətəndaşları qəbul etmək iqtidarında deyil. Elə təkcə bu fakt Ermənistan səhiyyəsinin əsl mahiyyətini üzə çıxarır.
Oktyabrın 4-də erməni cərrah xarici mediaya açıqlamasında bildirmişdi ki, Ermənistan hərbçiləri arasında ölən və yaralananlar həddən artıq çoxdur: “Son iki gündə yaralananların sayı kəskin dərəcədə artıb. Bütün sutka ərzində əməliyyat edirik. Son yeddi gündə maksimum altı saat yatmışam. Təkcə dünən (oktyabrın 3-də) hospitala 60 yaralı gətirilib. Ölü sayı isə həddən artıq çoxdur”.
Beynəlxalq təşkilatların hesabatlarında Ermənistan səhiyyəsinin bərbad halda olduğu dəfələrlə açıqlanıb. Hazırkı şəraitdə Ermənistan səhiyyəsi isə olduqca çətin durumdadır. Çünki yaralılarla xəstəxanaları dolmuş, oradakı tibbin vəziyyəti isə buna qarşılıq vermək gücündə deyil. Ermənistan nəinki regionun, dünyanın ən bərbad səhiyyəsinə malikdir. Odur ki istər tibbi təchizat, istərsə də personal baxımından ağır durumda olan xəstəxanalar nəinki yaralıların üçdə birini yenidən döyüşə qaytara bilməyəcək, onların yaşaması belə sual altındadır.
“…hərbçilərinə düzgün tibbi xidmət göstərə bilməyərək, ağır və çoxsaylı itkilə uduzur”
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayevin sözlərinə görə, Ermənistanda hazırda səhiyyənin süqutunun yaşandığı hər kəsə məlumdur: "Bunu bir çox rəsmi statistika da sübut edir. Rəsmi statistikalara əsasən, Ermənistanda 1000 nəfərə düşən həkim sayı Azərbaycandakı həkim sayından dəfələrlə azdır. Ermənistanda ümumi tibbi xidmətinin səviyyəsinin də aşağı olduğunu nəzərə alsaq, orada həkim sayının daha az olması müharibə şəraitində onlara çox ciddi problem yaradır. Bundan əlavə, rəsmi statistikalar 1000 nəfərə düşən tibbi personalın və çarpayının da Azərbaycana nisbətən Ermənistanda dəfələrlə aşağı olduğunu sübut edir. Bu da onlarda hər hansı tibbi xidmətləri, məsələn, cərrahi əməliyyatları həyata keçirmək üçün imkanlarının, şəraitlərinin də olmamasını üzə çıxarır. Beləliklə, bu, onun göstəricisidir ki, Ermənistanın tibbi xidmət səviyyəsi 0-a yaxınlaşır. Rəsmi statistik göstəricilərə əsasən, düzgün qənaətə gəlmək olur ki, Ermənistan bu müharibəni təkcə hüquqi müstəvidə deyil, eləcə də hərbçilərinə düzgün tibbi xidmət göstərə bilməyərək, ağır və çoxsaylı itkilə uduzur".
Günel CƏLİLOVA