“Mən hazırda xaricdə təhsil alan yüzlərlə azərbaycanlı tələbədən biri kimi doğma Azərbaycanımızın müqəddəs torpaqlarının Sizin rəhbərliyiniz altında şanlı ordumuz tərəfindən işğalçılardan azad edilməsinin sevincini uzaq Avstriyada böyük həyəcanla yaşamaqdayam. Hər gün bu qərib ölkədə doğma yurdumdan aldığım zəfər xəbərləri qəlbimi qürur hissi ilə doldurur.
Döyüş meydanlarında şücaət göstərən əsgərlərimizin hər uğurunu ailəmin Xocalıda şəhid olmuş əzizlərinin intiqamının alınması kimi dəyərləndirirəm.
Hələ keçən il Avstriya Konservatoriyasında musiqi təhsili almağa başlayanda ən böyük arzum o olmuşdur ki, Vətənə yetkin musiqiçi kimi dönəndə ilk ifamı yurdumun musiqi beşiyi olan Şuşada səsləndirim. Bu gün çox sevincliyəm ki, digər ərazilərimiz kimi, Şuşanın da azad olunmasına sayılı günlər qalıb. Bu sevinci və xoşbəxtliyi biz tələbə və gənclərə yaşatdığınız üçün Sizə sonsuz minnətdarlığımı bildirirəm.
Hazırda doğma Vətəndən uzaqda olsaq da, qəlbimiz xalqımızın qəlbi ilə bir döyünür. Bu sınaq günlərində müzəffər ordumuza cansağlığı və yalnız böyük qələbələr arzu edirəm. Dualarımız və sevgilərimiz sizinlədir! Yaşasın dünya azərbaycanlıları, yaşasın Ali Baş Komandanımız, yaşasın doğma Azərbaycanımız!”.
Bunları Avstriya Respublikasının Vyana şəhərindən gənc tələbə Məmmədli Ayan Eyvaz qızı Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com