Fransa Prezidenti Emmanuel Makronun Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son hadisələrə dair verdiyi bəyanat təəssüf ki, Fransanın bu çətin və gərgin mərhələdə Ermənistan tərəfinin mövqeyini dəstəklədiyini göstərir.
Bu, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyətini ciddi şəkildə şübhə altında qoyur. Hər halda, Fransanın müvafiq rəsmi dairələri bu ölkənin vasitəçi kimi hansı mövqedən fəaliyyətini davam etdirəcəyi barədə açıqlama verməlidir. Makronun bəyanatı birmənalı şəkildə bölgədə sülhə töhfə verməyə xidmət etmir. Makron deyir ki, “Qarabağın Azərbaycan tərəfindən yenidən ələ keçirilməsini qəbul etməyəcəyik”. Bu, nə deməkdir?! Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan torpağının işğalçıdan azad olunması Azərbaycan xalqının haqqıdır və beynəlxalq hüququn tələbidir. Onun bu açıqlamaları Azərbaycan xalqında və rəsmi dairələrində belə fikir formalaşdırıb ki, ATƏT-in Minsk Qrupunun formatı dəyişdirilməlidir. Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çəkilməlidir. Bu ölkə ilə Azərbaycanın münasibətlərinə yenidən baxılmalıdır. Həmçinin qeyd edilir ki, Azərbaycanın hərbi əməliyyatları davam etdirməsi bu cür bəyanatlara ən yaxşı cavab olacaq. Çünki Fransa bu münaqişənin nizamlanmasına cavabdeh olan ATƏT həmsədrlərindən biri kimi indiyə qədər bir dəfə də olsun BMT qətnamələrinin yerinə yetirilməməsinə, Azərbaycanın tarixi torpaqlarının işğal edilməsinə, milyondan çox insanın öz vətənində qaçqın və köçkünə çevrilməsinə, mülki əhalinin məhv edilməsinə, həmçinin Ermənistan rəhbərlərinin sərsəm bəyanatlarına və Azərbaycana hücum etməklə müharibəyə təhrik etməsinə munasibət bildirməyib.
Belə olan vəziyyətdə Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyətini şübhə altında qoyur. Bu ölkənin vasitəçi kimi yalnız Ermənistanın mövqeyindən fəaliyyətini davam etdirməsi nə Azərbaycan rəhbərliyini, nə də Azərbaycan xalqını qane edə bilməz. Fransanın bu çətin və gərgin mərhələdə Ermənistan tərəfinin mövqeyini dəstəkləməsi Azərbaycanı işğal altında olan ərazilərini azad etmək üçün apardığı mübarizədən çəkindirə bilməz. Ordumuz Ermənistan təxribatına lazımi cavab verib, Ermənistanı yerində oturdandan sonra atəşkəsin əldə olunması istiqamətində ən böyük canfəşanlığı məhz Makron edir. O, bir neçə dəfə Paşinyanla telefon əlaqəsi qurub. Bundan sonra, vasitəçi ölkəyə yaraşmayan tərzdə bəyanat verib. Ən son cəhdində isə Prezident İlham Əliyevə müraciət edib. Oktyabrın 2-də baş tutan telefon danışığı zamanı Fransa Prezidenti Ermənistan-Azərbaycan təmas xəttində döyüşlərin davam etməsindən narahatlıq hissi ifadə edərək atəşkəsin bərpa edilməsi və tezliklə danışıqların aparılmasına çağırıb. Prezident İlham Əliyev bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması nəticəsində 19 mülki şəxsimiz həlak olub, 60-dan çox adam yaralanıb, yüzlərlə ev dağıdılıb. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları həyata keçirərək işğal olunmuş ərazilərimizin bir hissəsini işğaldan azad edib.
Dövlətimizin başçısı onu da qeyd edib ki, Ermənistan danışıqlar prosesinin pozulması istiqamətində addımlar ataraq bu prosesə böyük zərbə vurub. Prezident İlham Əliyev vurğulayıb ki, danışıqların pozulması, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.
Görünən budur ki, Makronun erməniləri düşdükləri vəziyyətdən çıxarmaq cəhdləri səmərə vermir və bunun nəticəsində də o, Fransanın neytral ölkə kimi Minsk Qrupu formatında həmsədrliyini davam etdirmək şansını tamamilə məhv etdi.
Məhəmmədəli QƏRİBLİ