Cəbhədə ciddi itkilər verən Ermənistan Azərbaycan ordusunun əks-hücum əməliyyatlarını dayandırmaq üçün cəzaçəkmə müəssisələrindəki məhkumları da döyüşlərə göndərir. Artıq vəziyyət o dərəcəyə gəlib çatıb ki, Ermənistanın ümidi kriminal məhbuslara qalıb.
Sözügedən məsələ ilə bağlı Ermənistanın "Joxovurd" qəzetinin yaydığı məlumata görə, artıq 100-dən artıq məhbus cəzalarının bağışlanması qarşılığında Qarabağa göndərilib. Onların təmas xəttinin müxtəlif istiqamətlərində yerləşdirildiyi bildirilir. Onların “Nubaraşen”, “Vanadzor” və “Armavir” həbsxanalarında cəza çəkən məhbuslar olduğu bildirilib.
Ermənistanın Pentensiar Xidməti Müdafiə Nazirliyi ilə məsləhətləşərək məhkumları ən çox ehtiyac yaranan döyüş mövqelərində yerləşdirir. Proses məxfilik şəraitində həyata keçirilsə də, bəzi məhkum yaxınları faktdan xəbər tutaraq ombudsmana şikayət edib. O da məlum olub ki, sözügedən məhbuslar arasında ən qatı cinayət törətmiş şəxslər var.
Bütün bunlar Ermənistanda əsgər çatışmazlığı ilə bağlı vəziyyətin acınacaqlı olmasından xəbər verir. Gör vəziyyət nə yerə gəlib çatıb ki, məhbuslar orduya cəlb olunaraq Qarabağ cəbhəsinə göndərilir.
“İndi bunların yerini doldurmaqdan ötrü həbsxanada cəza çəkən məhbusları azad edərək orduya cəlb edirlər”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, bütün bunlar işğalçı ordunun canlı resurslarının azalmağa doğru getməsindən xəbər verir: “Zatən Ermənistan ordusunda əsgər çatışmazlığı problemi var idi. Ermənistan bunun yerini doldurmaq üçün müxtəlif vasitələrə əl atdı. İlk növbədə Suriyadan, Livandan, İraqdan muzdlu terrorçuları ölkəyə gətirməyə başladılar. Daha sonra 55 yaşınadək səfərbərlik elan etdilər. Ancaq şanlı Azərbaycan ordusunun düşmənə endirdiyi ardıcıl zərbələr nəticəsində düşmənin çoxsaylı əsgəri sıradan çıxarılıb. İndi bunların yerini doldurmaqdan ötrü həbsxanada cəza çəkən məhbusları azad edərək orduya cəlb edirlər. Əslində işğalçı ölkə Birinci Qarabağ müharibəsində də sözügedən metoddan istifadə edib. Özü də orduya cəlb edilən həmin cinayətkarlar dinc insanlara qarşı xüsusi amansızlıqları ilə seçiliblər. Bu dəfə də Ermənistan “ənənəsinə” sadiq qalaraq məhbusları orduya cəlb edir. Ancaq bu dəfə cinayətkarlar belə Ermənistanı xilas edə bilməyəcəklər. Qəhrəman ordumuz işğal altında olan ərazilərimizi azad edəcək”.
Ekspert onu da qeyd etdi ki, düşmənin məğlubiyyətə uğrayacağı gün uzaqda deyil.
Vidadi ORDAHALLI