Məlum olduğu kimi, bir sıra Rusiya kütləvi informasiya vasitələrində və sosial media səhifələrində Rusiya erməniləri İttifaqının rəhbəri Ara Abramyanın və Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi üzrə Mərkəzin sədri Semyen Baqdasarovun Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suvereneliyinə qarşı bəyanatları, habelə terrorizmin təbliğinə açıq çağırışlara dair çıxışları yayılıb.
Baş Prokurorluqdan verilən məlumata görə, göstərilənlərlə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnova rəsmi müraciət edərək cinayətlərin törədilməsinə açıq çağırışlara yol verən şəxslər və təşkilatlar barəsində qanuni tədbirlərin görülməsini xahiş edib.
01.10.2020-ci il tarixdə Rusiya Federasiyasının Baş Prokuroru rəsmi məktubla cavab verərək, hər hansı ölkənin ərazisində qanunsuz əməllərin törədilməsinə, həmçinin kütləvi informasiya vasitələrində millətlərarası nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıq çağırışlar edilməsinin yolverilməzliyini və bu kimi hallara obyektiv hüquqi qiymət verilməsinin vacibliyini qeyd edib.
Həmçinin, Dağlıq Qarabaq münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qərar və qətnamələrinə əməl edilərək beynəlxalq humanitar hüququn çərçivəsində həllinə dair mövqesini də bildirib.
Bundan başqa, Rusiya Federasiyasının Baş Prokuroru Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə əməkdaşlıq istiqamətində münasibətlərin inkişaf etdiriləcəyinə ümidvar olduğunu da xüsusi vurğulayıb.
Maraqlıdır, Rusiya Baş Prokurorunun bu cavabından qane olmaq olarmı? Yaxud da o adamlarla bağlı tədbir görülməli idi?
“Sözügedən məsələ ilə bağlı hüquqi addımlar atılmalı idi”
Məsələyə münasibət bildirən “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri, hüquqşünas Şəmsəddin Əliyevin sözlərinə görə, Rusiya Baş Prokurorunun cavabını qaneedici saymaq olmaz: “Rusiya Baş Prokuroru ümumi sözlərlə kifayətlənib. Ara Abramyan və Semyen Baqdasarovun məlum çağrışları ilə bağlı hüquqi ölçü götürülsəydi, bu daha ədalətli olardı. Ancaq Rusiya Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğun sorğusuna prosessual qəlibdə yox, başqa qəlibdə yanaşıb. O üzdən, bunu qaedici saymaq olmaz. Sözügedən məsələ ilə bağlı hüquqi addımlar atılmalı idi. Belə olsa idi daha ədalətli olar. Bu cür yanaşmaların nəticəsidir ki, 27 ildən artıqdır BMT qətnamələri icraya yönəldilmir. Ermənistan bütün sahələrdə beynəlxalq hüququn prinsiplərini pozur. Ona görə də hüquqşünas olaraq Rusiya tərəfinin sorğuya cavabını məqbul hesab etmirəm”.
Ş. Əliyev hesab edir ki, bu kimi məsələlərdə hüququn aliliyinə önəm verilməlidir.
Vidadi ORDAHALLI