Məlum olduğu kimi, Ermənistanın təcavüzünə cavab olaraq Ordumuzun keçirdiyi əks-hücum əməliyyatları düşməni çıxılmaz vəziyyətə salıb. Bu səbəbdən də tezliklə atəşkəsin elan edilməsi üçün onlar müxtəlif yalanlara əl atırlar. Son günlər apardıqları əsas təbliğat ondan ibarətdir ki, güya Azərbaycan tərəfdə ərəb ölkələrindən gətirilən muzdlu döyüşçülər vuruşur.
Təbiidir ki, onların bu iddiaları konkret fakta əsaslanmayan dezinformasiyadır. Ancaq maraqlıdır ki, Ermənistan özü ən ali, Prezident səviyyəsində terroru dəstəklədiyini və həmin növ yaraqlılardan istifadə etdiyini təsdiqləyir. Ermənistanın prezidenti Armen Sarkisyan “Əl-Cəzirə” telekanalına müsahibəsində Türkiyənin təkcə Dağlıq Qarabağda deyil, həm də Liviya, İraq və Suriyada münaqişələrə müdaxilə etdiyini deyib. Aparıcı “Türkiyə Dağlıq Qarabağ münaqişəsinə müdaxiləsini niyə gizlətsin” sualının ardından əlavə edib ki, axı Türkiyə hakimiyyəti Suriya və İraq ərazilərində terrorçulara qarşı mübarizə apardıqlarını gizlətmir, eləcə də Liviyada rəsmi tanınan hakimiyyəti dəstəkləyir. Nə deyəcəyini bilməyən A.Sarkisyan bu cavabı verib: “Bu mənim versiyamdır, Türkiyənin isə öz versiyası var, hansı versiyanı seçməyə özünüz qərar verməlisiniz”. Ermənistan prezidenti həm də müxtəlif ölkələrdən olan ermənilərin Dağlıq Qarabağda döyüşdüklərini etiraf edib. A.Sarkisyan deyib: "Onlar etnik ermənilərdir və müxtəlif ölkələrin vətəndaşları olmalarına baxmayaraq, Dağlıq Qarabağda vuruşmalarında pis bir şey yoxdur. Biz müxtəlif ölkələrdən olan ermənilərin hərbi əməliyyatlarda iştirakını qəbul edirik". Ermənistan prezidenti qeyd edib ki, bu ermənilər ABŞ, Fransa, Ukrayna və Rusiyadan ola bilərlər. Ermənistan prezidentinin bu etirafını necə qiymətləndirmək olar?
Hüquqşunas Mehman Muradlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan prezidenti Armen Sarkisyanın başqa ölkədə yaşayan ermənilərin Dağlıq Qarabağda döyüşməsini etiraf etməsi onun birbaşa terroru dəstəkləməsi deməkdir: “ Beynəlxalq qanunvericiliyə görə, xarici ölkə vətəndaşının başqa ölkənin işğal etdiyi ərazidə döyüşməsi birbaşa terrordur. Ermənistan bu işləri yalnız indi görmür. Uzun illərdir ki, bölgənin demoqrafik vəziyyətini dəyişmək üçün bu addımları atır. Azərbaycan tərəfi dəfələrlə buna ən müxtəlif səviyyələrdə etiraz edib. Ancaq dünya birliyi susub. İndi Fransa prezidenti Makron utanmadan Azərbaycanı terrorçu cəlb etməkdə günahlandırmaq istəyir. Sarkisyanın ən nüfuzlu telakanalın efirində belə etirafı etməsi Makrona verilən ən tutarlı cavabdır. Sübut olundu ki, terrorçuları biz yox, Ermənistan cəlb edir. Ermənilər hər zaman terrora meylli xalq olublar. ASALA kimi terror təşkilatı bu mövzuda onların möhürüdür. Hesab edirəm ki, Sarkisyanın bu etirafından Azərbaycan hüquqi müstəvidə istifadə etməlidir. Həmin çıxışa görə fakt üzrə cinayət işi açılmalıdır. Eyni zamanda bütün beynəlxalq qurumlara prezidentin terroru dəstəklədiyinı sübut edən fikirləri təqdim etməliyik. Eyni məntiqlə götürsək, onda dünyada 50 milyon azərbaycanlı üçün də biz qapılarımızı açıb onları buradakı müharibəyə cəlb etməliyik. Bunun adı cinayət olar. Baxmayaraq ki, bu istəyini ifadə edən on minlərlə azərbaycanlı var. Ermənistanın bu etirafı ilə bağlı bizim də hüquq-mühafizə orqanları hərəkətə keçməlidir. Çünki həmin yaraqlılar bizim ərazimizə gətirilib”.
Azərbaycan öz ordusu ilə işğal altındakı ərazilərini azad etmək üçün vuruşur. Bu, Azərbaycanın müdafiə hüququdur. Azərbaycanın öz ərazilərində düşməni məhv etmək haqqı var. Həm də Azərbaycan təcavüzə qarşı mübarizə aparır. Təcavüz isə beynəlxalq cinayətdir.
Məhəmmədəli QƏRİBLİ