09/08/2020 12:18
728 x 90

Ermənistanın hərbçi generalımızı öldürmək məsuliyyətindən qaçmaq niyyəti – guya daxildə xəyanət versiyası gündəmdə...

Əli Orucov: “Onlar düşmən tərəfi olaraq ordumuzun nüfuzuna kölgə salmaq istəyirlər”

img

Məlum olduğu kimi, iyulun 14-də Tovuz rayonunda gedən döyüşlər nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub.

Bu arada erməni mediası uydurma iddialarla çıxış edib. İddia edilir ki, guya generalın olduğu yer haqqında məlumatı Azərbaycan tərəfi ermənilərə ötürüb: “Məlumdur ki, keçmiş müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin əmri ilə hərbi hissənin komandiri vəzifəsinə 1975-ci il təvəllüdlü Polad Həşimov təyin edildi. Ancaq bu onun yeni Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun sevimlisinə çevrilməsinə mane olmadı. O tez bir zamanda karyera pillələri ilə qalxdı”.

Daha sonra belə yazırlar ki, guya generalın xidməti fəaliyyətindən bəziləri razı olmayıb: “Ehtimal olunur ki, Zakir Həsənovun əleyhdarları tərəfindən P.Həşimovun olduğu yer barədə məlumat Ermənistan tərəfinə ötürülüb”.

Göründüyü kimi, erməni mediası belə uydurma versiyalar irəli sürür ki, guya Azərbaycan ordusunda güclü intiriqalar var. Həmin intiriqalar nəticəsində naziri vurmaqdan ötrü onun əleyhdarları belə şeylərə əl atırlar. Guya generalın olduğu yeri ermənilərə özümüz satmışıq və s. Bütövlükdə, erməni mediasında belə yalanlar nə məqsədlə uydurulur?

  • “Ermənilər təkcə cəbhədə deyil, bütün sahələrdə Azərbaycana qarşı təxribatla məşğuldurlar”

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov bunu bir sıra faktorlarla əlaqələndirdi: “Ermənilərin belə yalan informasiyalar uydurmaqda bir sıra məqsədləri var. Əvvəla, Ermənistan düşmən tərəfdir. Onlar təkcə cəbhədə deyil, bütün sahələrdə Azərbaycana qarşı təxribatla məşğuldurlar. Şəhid olan generalımız və polkovnikimiz barədə ona görə belə yalan iddialarla çıxış edirlər ki, Azərbaycanda orduya inam sarsılsın. Ölkədə ordu ilə bağlı müxtəlif şübhələr yaransın. Bu, qarşı tərəfin çirkin informasiya savaşıdır. Bütün vasitələrlə çalışırlar ki, Azərbaycan ictimai rəyində çaşqınlıq yaransın. Bax budur onların məqsədi. Məsələ ondadır ki, Tovuz döyüşlərində Azərbaycan ordusu ermənilərə güclü zərbələr endirib. Bunun nəticəsində onlar çox böyük tələfatla üzləşiblər. Baxmayaraq ki, həqiqi itkilərini dəqiq göstərməyə cəsarətləri çatmır. Əvəzində yüksək rütbəli hərbçilərimiz barədə belə uydurma xarakterli yazılarla çıxış edirlər. Hesab edirəm ki, biz hər zaman bu kimi təxribatlara hazır olmalıyıq. Eyni zamanda adekvat cavab verməliyik. İmkan vermək olmaz ki, bu kimi yalan propoqanda ilə onlar nəyəsə nail olsunlar. Onlar düşmən tərəfi olaraq ordumuzun nüfuzuna kölgə salmaq istəyirlər. Bu səbəbdən ağıllarına nə gəlir onu yazırlar. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

Görünən odur ki, düşmən hər vasitə ilə ordumuz barəsində mənfi rəy yaratmağa çalışır.

Vidadi ORDAHALLI

Son xəbərlər