Koronavirus təhdidi baş qaldırdıqdan sonra, Azərbaycan da daxil olmaqla, bir sıra ölkələr xaricdəki vətəndaşlarının ölkəyə qayıdışını uğurla təmin etdi. Hətta Azərbaycanda bu xüsusda bütün xərclər dövlət tərəfindən qarşılandı. Indinin özündə də Azərbaycan xaricdə qalan vətəndaşlarının ya ölkəyə gəlişini təmin edir, ya da onlara müxtəlif formada yardımlar edir. Amma tamam fərqli vəziyyətin hökm sürdüyü ölkələr də var və Ermənistan indi buna əyani misal qismində göstərilir.
Məsələ burasındadır ki, Ermənistan indiki şəraitdə xaricdən, xüsusən Rusiyadan vətəndaşlarının ölkəyə gəlişinə qarşıdır. Ermənistan hökuməti yanında diaspor məsələləri üzrə ali komissar Zare Sinanyan da etiraf edir ki, ölkəsi repatriasiyaya hazır deyil. Onun sözlərinə görə, Ermənistanda hazırda xaricdən vətəndaşlarının kütləvi qayıdışına hansısa formada şərait yaratmaq imkanı yoxdur:“Gəlin, düz danışaq. Pandemiyaya görə repatriasiya baş versə, bizim bunu qarşılamağa hazırlığımız yoxdur. Üstəlik, insanlar Ermənistana qayıtsa, biz onları saxlaya biləcəyikmi? Əsas məsələ budur”. Ali komissar deyib ki, repatriasiya istiqamətində iş aparmazdan əvvəl bir suala cavab vermək lazımdır:“Qayıdacaq insanları Ermənistan şərait və lazımi işlə təmin edə biləcək? Xeyr. Biz onları saxlaya bilmərik”. Bu durumda Ermənistan mediası ölkədə bir aylıq gündəlik tələbat mallarının qaldığını yazır. Qeyd edilir ki, hökumət pandemiya dönəmində Ermənistan daxilində qalan insanların belə ehtiyacını qarşılamaqda çətinlik çəkir. Xaricdən gələnlər olsa, vəziyyət daha da pisləşəcək. Bu səbəbdən xaricdə olanların orada qalmasına Ermənistan hakimiyyəti ciddi cəhdlə səy göstərir. Erməni politoloq Andranik Tevanyan da hakimiyyətin vətəndaşlara laqeyd münasibət göstərdirdiyini vurğulayır:“Ermənistan hakimiyyəti hər şeyi tərsinə edir, qərarlar gecikmiş, məsuliyyətsiz və qeyri-kompetentdir. Profilaktik tədbirlər görmək lazım olanda heç nə etmədilər. Fövqəladə vəziyyət elan etmək lazım olanda insanları böyük qruplarla toplayaraq və infeksiyanın yayılmasına töhfə verərək "bəli" təbliğatı ilə məşğul idilər. İndi də Ermənistan hakimiyyəti əllərini ovuşdurur və vətəndaşı koronavirusla üz-üzə qoyur. Xaricdə qalan vətəndaşlar isə taleyin ümidinə buraxılıb”.
Bu durumda rusiyalı iqtisadçı Aleksandr Razuvayev də bildirib ki, Rusiyadakı ermənilər geri qayıtsa, bu, ermənilər üçün çox ağır zərbə olacaq:“Karantin bir çox ölkələrə, o cümlədən Ermənistana ağır zərbə vurdu. Martın 16-dan etibarən Ermənistanda fövqəladə vəziyyət rejimi hökm sürür, iqtisadi fəaliyyət məhduddur, ictimai nəqliyyatın işi taksi və dəmir yolu istisna olmaqla qadağandır, təhsil və mədəniyyət müəssisələri bağlanıb. Ermənistanda, ikinci rübün yekunlarına görə, iqtisadi göstəricilərin kəskin azalması gözlənilir. Bunu ölkənin İqtisadiyyat naziri Tiqran Xaçatryanın simasında hakimiyyət açıq şəkildə etiraf edir. Ermənistanın bir çox vətəndaşı qazanc üçün Rusiyaya üz tuturdu, amma indi onların hamısı işsiz qalıb. Deməli, pul da yoxdur. Turizm sektorunun çökməsi də Ermənistan üçün böyük zərbə oldu. Ən nikbin qiymətləndirmələrə görə, Ermənistan turizmi ən tez iki ildən sonra bərpa olunacaq, yəni böhrandan əvvəlki göstəricilərə qayıdacaq”. O əlavə edib ki, aprelin sonunda Ermənistan Mərkəzi Bankı yenidən maliyyələşdirmə dərəcəsini 5%-ə endirib. Əsas faiz dərəcəsi 0,25 faiz bəndi aşağı salınıb və indi misli görünməmiş dərəcədə aşağı səviyyədədir:“Amma çətin ki, bu, İrəvanın iqtisadiyyatına ciddi dəstək versin. Hazırda Ermənistanda iqtisadi vəziyyət Rusiya turistinin Ermənistana gedib-gəlməsindən, Ermənistan vətəndaşlarının Rusiyada əvvəlki iş yerlərinə qayıtmasından, “Qazprom” və digər Rusiya şirkətləri tərəfindən Ermənistana investisiya qoyuluşundan asılıdır”. Ekspertin sözlərinə görə, bu baxımdan İrəvanın Moskvaya qarşı tutduğu yolu ağılsızlıq adlandırmaq lazımdır:"Moskva ilə qarşıdurma indiki durumda İrəvanı uçuruma apara bilər. Çünki Rusiya əmək bazarında erməniləri Qırğızıstan və Özbəkistandan olanlar əvəz edə bilər, Ermənistanın əvəzinə isə rusiyalı turistlər Türkiyə və ya Azərbaycanı seçə bilər”. Belə vəziyyətdə, ekspertin fikrincə, Rusiyadakı ermənilərin geri qayıdışı həqiqətən də Ermənistan üçün böyük yük olacaq. Respublika Partiyasının sədr müavini Armen Aşotyan da vəziyyətin qəliz olduğunu bildirir. Onun sözlərinə görə, bir çox başqa hallarda olduğu kimi, bu dəfə də Paşinyan tarix dərslərini bilmir və başa düşmür ki, çörək olmadan yalnız səhnələrlə xalqı susdura bilməyəcək: “Hələ 22-ci ildə imperator Tiberius etiraf etmişdi ki, romalılara buğda paylamaq qanunu olmasa dövlət məhv olacaq. “Çörək yoxdur, amma siz yola gedin” variantı işləməyəcək və yalnız neronçu hakimiyyətin sonunu yaxınlaşdıracaq. Boş mədə səhnələri həzm etmir”. Aşotyan qeyd edib ki, bu səbəbdən Paşinyan iqtidarı xaricdə olan Ermənistan vətəndaşlarını taleyin ümidinə buraxıb. Bu durumda hesab edilir ki, son iki ildə kriminal idarəetmə forması quran Nikol Paşinyanın pandemiya dövründən çıxmaq üçün konkret "yol xəritəsi"nin olmaması erməni xalqını aclıq və səfalətə məhkum edib. İndi istisna olunmur ki, yaxın tezlikdə əhalinin hakimiyyətə qarşı yeni qiyamı başlanacaq. Hər halda, hadisələr məhz bu istiqamətdə cərəyan edir.
Nahid SALAYEV