Məlum olduğu kimi, Azərbaycan əsilli milyarder Mübariz Mənsimov Türkiyədə həbs edilib. Onun həbsi ilə bağlı sosial şəbəkələrin Azərbaycan seqmentində çoxlu sayda paylaşım edilir. Maraqlıdır ki, həmin paylaşımların bir çoxunda heç ciddi sübut və dəlilə əsaslanmadan tanınmış iş adamının Azərbaycan hakimiyyətinin sifarişi ilə həbs edildiyinə dair fikirlər dövriyyəyə buraxılır.
Ən qəribəsi budur ki, hakimiyyətlə antoqonist mövqedə olan siyasi radikal qruplar da bu həbsin arxasında Azərbaycan hakimiyyətini gördüklərini bəyan edirlər. AXCP sədri Əli Kərimlinin həbs xəbərindən sonra öz hesabında yazdığı fikirlərə diqqət edək: “Azərbaycan əsilli milyarder Mübariz Mənsimovun həbsi siyasi qərardır. Şübhə etmirəm ki, bu həbsin təşəbbüsü Azərbaycan hakimiyyətindən gəlib... Azərbaycandakı hakimiyyət bir zəngin iş adamının dünya okeanında “Məhəmməd Əmin Rəsulzadə”, “Əbülfəz Elçibəy” adlı gəmilər üzdürməsini həzm edə bilməzdi. Milyardları olan bir zəngin iş adamının SOCAR-ı (əslində, həm də onun simasında hakimiyyəti) açıq və sərt tənqid etməsini, ictimai-siyasi proseslərlə bağlı müstəqil fikirlərini vaxtaşırı ictimaiyyətlə paylaşmasını özünə təhlükə görürdü. Türkiyə hakimiyyətinin bu həbs sifarişini yerinə yetirməsinə çox təəssüflənirəm. Türkiyə və Azərbaycan cəmiyyətinin bu həbsi diqqətdə saxlayacağına ümid edirəm. Mübariz Mənsimov azad edilməlidir”.
Göründüyü kimi, ixtisasca hüquqşünas olan Əli Kərimli həbsin hansı səbəbdən baş verdiyini araşdırmadan, bununla bağlı rəsmi açıqlamanı gözləmədən yalnız öz təxəyyülünə əsaslanaraq iki qardaş ölkə arasındakı münasibətləri zədələyə biləcək açıqlama verir. Bununla o həm siyasi məsuliyyətsizlik edir, həm də Türkiyənin oturuşmuş hüquq sisteminin iş fəaliyyətini zərbə altına qoymuş olur. Ə.Kərimlinin bu açıqlamasından sonra Türkiyənin rəsmi dairələri iş adamının həbsinin hansı səbəbdən reallaşdığına dair məlumatı ictimaiyyətin diqqətinə təqdim etdilər. Məlum oldu ki, “Palmali” Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı M.Mənsimov və şirkətin meneceri Nuray Nurcahan Perker FETÖ/PDY istintaqı çərçivəsində saxlanıblar.
İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanan Mənsimov və Perkerin FETÖ-nün yüksək səviyyəli rəsmisi ilə sıx əlaqədə olduğu bildirilib.
Mənsimovun İstanbulun Beşiktaş rayonundakı evində və Leventdəki ofisində axtarış və İstanbul Polis İdarəsinin Maliyyə cinayətləri ilə mübarizə şöbəsində araşdırma aparıldığı da qeyd olunub.
Türkiyə hökumətinin 667 saylı qərarı ilə bağlanan Türk-Rus Vəqfinin də qurucusu olan Mənsimovun telefon danışıqlarının araşdırılması nəticəsində FETÖ-nün yüksək səviyyəli idarəçilərindən olan Hamdi Akın İpək, Suat Yıldırım və Süleyman Uysalla telefon danışıqları apardığı, FETÖ ilə əlaqədə olduğu üçün Rusiya tərəfindən bağlanan "Atlantic İnternational School”un idarə heyətində təmsil olunduğu iddia edilib.
Bundan başqa, Mənsimovun FETÖ-nün Rusiya imamı olan və haqqında axtarış elan olunan "Saffet” kod adlı Əhməd Hamdi Vuralla əlaqədə olduğu, Vuralın iş adamının şirkətinə tez-tez gəldiyi və gəlişi zaman danışıqların eşidilməsinin qarşısını alan "Jammer” cihazını tətbq edərək təhlükəsizlik tədbirlərini gördükləri də iddialar arasındadır. Hətta Mənsimovun Vuralla birlikdə səyahətə çıxdığı da bildirilib.
Azərbaycanlı iş adamının haqqında axtarış elan olunan FETÖ-çü Müəmmər İhsan Kalkavan, FETÖ-nün Yüksəl-Karkın-Küçük (YKK) vəkillik bürosu ilə də sıx əlaqədə olduğu iddiası müzakirədədir.
Göründüyü kimi, ortada olduqca ciddi faktların olduğu üzə çıxır. Qədim dövlətçilik ənənələrinə malik olan Türkiyədə çox oturuşmuş hüquq sistemi mövcuddur. Hansısa başqa bir ölkədən olan istəklə belə çapda olan tanınmış bir adamın həbsə atılması həmin ölkəyə heç lazım deyil. Hələlik bu işlə bağlı ilkin araşdırmalar gedir. Son sözü məhkəmə deyəcək. Bu səbəbdən də iş adamının həbsinə bildirilən münasibətlərdə ifrata varmaq yersiz və əsassız görünür. Xüsusilə də ölkəmizdə olan radikal siyasi dairələrin bu məsələ ətrafında yaratdıqları ajiotaj siyasi alver niyyətindən başqa nəyəsə bənzəmir və daha çox Mənsimovun pullarına atılan qarmağı xatırladır. Bu səbəbdən də Azərbaycan vətəndaşları panikaya uymamalı və yalnız Türkiyə məhkəmələrinin qərarını gözləməli, onlara uyğun məsələyə münasibətlərini açıqlamalıdırlar.
Məhəmmədəli QƏRİBLİ