Məlum olduğu kimi, son günlər Prezident Administrasiyasının rəhbərliyində təmsil olunan şəxslərin müxtəlif siyasi partiyalarla təmasları baş tutur. Bunun təşəbbüskarı qismində hakimiyyət çıxış edir. Hətta bir çox müxalif partiya da belə görüşdə iştirak etdiyini bildirib. Görüşdən, hakimiyyətlə təmaslardan imtina edən siyasi qüvvələr də var.
Xüsusilə də radikal mövqeləri ilə tanınan və siyasi mühitdəki fəaliyyətləri ilə bir-birini kopyalayan AXCP ilə Milli Şura belə görüşdə iştirakla bağlı xüsusi şərtlər ortaya qoyurlar. İrəli sürülən həmin şərtləri nəzərdən keçirdikdə məlum olur ki, hər iki qurum mətni bir-birindən köçürüb. Hər halda, siyasi etika tələb edir ki, adı fərqli olan bu qurumların şərtləri də azacıq bir-birindən fərqlənsin. Biz isə bunun tərsini görürük. Bildirilir ki, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Prezident Administrasiyasına dəvət olunub. Bu barədə onun özü açıqlama verib.
O deyib ki, Prezident Administrasiyasının Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti ilə iş şöbəsinin rəhbəri Ədalət Vəliyevdən görüş təklifi alıb: "Bu təklifi həm Milli Şuranın sədri, hazırda ABŞ-da elmi ezamiyyətdə olan professor Cəmil Həsənli ilə, həm də Milli Şuranın Koordinasiya Mərkəzində dostlarla dəyərləndirdik.
Konseptual olaraq iqtidar və müxalifət arasında siyasi dialoq ideyasını dəstəklədiyimizi bildirdim. Lakin bu görüşlər imitasiya xarakterli deyil, real dialoqun gerçəkləşməsinə xidmət etməlidir.
Digər tərəfdən, görüşlər Prezident Administrasiyasının şöbə müdiri ilə deyil, siyasi hakimiyyətin siyasi qərarların qəbuluna təsir etmək səlahiyyəti və imkanı olan yüksək təmsilçilərilə keçirilməlidir.
Milli Şura olaraq düşünürük ki, çox ağır problemlərlə yüklənmiş ölkənin iqtidarı ilə müxalifəti ilk öncə aşağıdakı mövzularda müzakirə aparıb ölkənin taleyüklü problemlərinin həllinə çalışmalıdır:
1. Siyasi məhbusların azad edilməsi;
2. Sərbəst toplaşma azadlığının təmin edilməsi;
3.Seçki islahatları;
4. Yeni parlament seçkilərinin keçirilməsi;
5. Qarabağ və təhlükəsizlik sahəsində mövcud təhlükələr və təhdidlər".
G.Hacıbəyli qeyd edib ki, üzləşdikləri təzyiq və təqiblərə baxmayaraq, ölkənin və xalqıın ali maraqlarından çıxış edərək, qeyd edilən mövzular ətrafında Azərbaycan hakimiyyətilə siyasi dialoqa hazırdırlar.
Bəllidir ki, Əli Kərimlinin qələmindən çıxdığı şübhə doğurmayan bu şərtləri irəli sürməklə hakimiyyətlə dialoqa getmək qeyri-mümkündür. Bununla radikallar hakimiyyətdən sanki səlahiyyətlərinin bir hissəsini istəyirlər. Radikal dairələrin bu mövqeyinin siyasi proseslərə nə kimi təsiri ola bilər?
Qabil Hüseynli: “Qarşıdırma havasına köklənən siyasi qurumların bu mövqeyinin ümumi prosesə heç bir təsiri olmayacaq”
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hakimiyyətin ortaya qoyduğu siyasi iradə təqdir olunmalıdır: “Çoxpartiyalı siyasi sistemin inkişafı üçün siyasi partiyalarla məsləhətləşmələrə ehtiyac duyulur. Bunun üçün də Prezident Administarsiyası müxtəlif siyasi partiyalarla görüşlər keçirir. Bəzi partiyaların və qurumların qabaqcadan şərtlər qoyması dialoqdan yayınmaq üçün bəhanədir. Həmin şərtlərə baxdıqda məlum olur ki, hakimiyyət onu qəbul edən deyil. Çünki mədəni şəkildə hakimiyyətə deyilir ki, biz sizinlə görüşmürük. Mənə elə gəlir ki, belə dialoqun keçirilməsi hakimiyyətdən daha çox, partiyalara lazımdır. Çünki siyasi partiya yalnız vəziyyəti gərginləşdirmək üçün ortaya atılmayıb. Onlar həm üzvlərinin, həm də cəmiyyətin problemlərinin nizama düşməsində maraqlı olmalıdırlar. Bunun da yolu hakimiyyətlə dialoqdan keçir. Sən get görüş, xoşun gəlməyəcəksə, gələcəkdə əməkdaşlıq etmə. Burada qeyri-adi nə var ki? Tarixdən bəllidir ki, hətta ən radikal qüvvələr belə hakimiyyətlərlə kompromislərə gediblər. Siyasi lider və partiya manevrləri də bacarmalıdır. Bunu edə bilmirsə, bizdəki durum ortada olacaq. Xüsusilə də indiki şəraitdə, Azərbaycana beynəlxalq basqılar gücləndiyi, torpaqlarımızın hələ də işğal altında olduğu dönəmdə milli birliyin nümayişi vacibdir. Qarşıdırma havasına köklənən siyasi qurumların bu mövqeyinin ümumi prosesə heç bir təsiri olmayacaq. Onların bütün ziyanları özlərinə dəyəcək. Radikal dairələrin görüşdən imtinası ilə xalqa xidmət arzuları üst-üstə düşmür”.
Məhəmmədəli QƏRİBLİ