Cənubi Qafqaz ölkələri arasında koronavirusun kütləvi yayıldığı ölkə Ermənistandır. Qısa zaman ərzində Ermənistanda 32-dən artıq şəxsdə koronavirus aşkarlandığı məlumdur. Hətta faktı bu ölkənin Səhiyyə naziri “Facebook” hesabında təsdiqləyib və bildirib ki, ölkədə bu virusa yoluxanların sayı günü-gündən artmaqdadır.
Onu da vurğulayaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın və həyat yoldaşının da koronavirusa görə karantinə götürüldüyü barədə rəsmi xəbərlər yayılıb. Bundan əlavə, Ermənistan ordusunda da koronavirusun sürətlə yayıldığı bildirilir, hətta onlar arasında yüksək çinli hərbçilərin də olduğu istisna edilmir. Bir sözlə, bu gün Ermənistan bölgədə koronavirusun çox geniş yayıldığı bir ölkədir. Cəmi 3 milyon vətəndaşı olan bir ölkədə hər 10 min adamdan birinin koronavirusa yoluxması ciddi faktdır. Heç şübhəsiz ki, bu da daha çox bu ölkədə koronavirusla bağlı təhlükəsizlik tədbirlərinin görülməməsi ilə əlaqədardır.
Ermənistan əhalisinin kütləvi olaraq koronavurusa yoluxması Cənubi Qafqaz bölgəsi üçün böyük təhlükə mənbəyidir. Məlumdur ki, 10 milyon əhalisi olan Azərbaycanda cəmi 3-4 nəfərdə bu virus aşkarlanıb və həmin şəxslər də müalicəyə cəlb ediliblər.
Koronavirus böhranı içində çabalayan Ermənistan koronavirusdan Azərbaycan əleyhinə necə istifadə edə bilər? Bu ölkə respublikamızda bu virusun geniş yayılması üçün nə kimi təxribatlara əl ata bilər? Ümumiyyətlə, bu virusu Azərbaycan ərazisində yaymaq üçün cəhdlər edə bilərmi?
“Bəzi çaylar Ermənistan ərazisindən keçərək ölkəmizə axır və ermənilər çaylar vasitəsilə...”
Siyasi şərhçi Azər Həsrət Azərbaycana qarşı hər zaman məkrli siyasət yürüdən Ermənistanın bu virusun Azərbaycanda da kütləvi şəkildə yayılması üçün istənilən təxribata əl atmağa hazır olduğunu qeyd etdi. O hesab edir ki, Ermənistan istənilən vasitədən istifadə edərək Azərbaycana qarşı belə bir addım ata bilər. “Həqiqətən də Ermənistan çox məkrli və xain düşməndir. Ermənilərin xisləti bundan ibarətdir ki, üzbəüz heç nə etmirlər, amma axradan zərbə endirirlər. Ermənistanın hazırda bu ölkəni aciz duruma salan koronavirusdan bir “silah” kimi ölkəmizə, ordumuza qarşı istifadə etməsi ehtimalı yox deyil, diqqətli olmalıyıq. Bu gün dünyanın aparıcı dövlətləri belə bu virusun qarşısında acizdirsə, demək, bundan tam olaraq yayınmaq, qorunmaq imkanları mümkün deyil. Ermənilərin bizim ərazilərimizə koronavirusa yoluxmuş “fərari əsgər” göndərib bu təxribatı həyata keçirmək ehtimalı böyükdür. Gürcüstan-Azərbaycan sərhədləri bağlı olsa da, Gürcüstanda yaşayan soydaşlarımızın həm Ermənistan, həm də Gürcüstan erməniləri ilə təmasları mövcuddur, onlar bundan istifadə edərək azərbaycanlıları yoluxdura bilərlər. Bundan başqa, bilirsiniz ki, bəzi çaylar Ermənistan ərazisindən keçərək ölkəmizə axır və ermənilər çaylar vasitəsilə də Azərbaycan əhalisini yoluxdurmaq üçün təxribatlara əl ata bilərlər. Yəni biz buna hazır olmalıyıq. Azərbaycan dövləti də, vətəndaşları da bu məsələdə ayıq-sayıq olmalıdır”.
A.Həsrət bildirdi ki, sərhədlərimizi bağlasaq da, bu virusun hava ilə keçmək ehtimalı da böyükdür. Hazırda Azərbaycan dövlətinin kifayət qədər ayıq-sayıqlıq nümayiş etdirdiyini deyən A.Həsrət bildirdi ki, bütün dövlət qurumları ölkə əhalisinin bu bəladan xilas olması üçün tədbirlər həyata keçirirlər.
İradə SARIYEVA