Vaqif Azəryar: "Onunla işləməkdən həmişə böyük zövq almışam" Nizaməddin Şəmsizadə: "O aydan arı, sudan durudur" Aqşin Babayev: "Zülfiyyə xanım haqqında həmişə gözəl sözlər demişəm" Həmidə Ömərova: "Zülfiyyənin mənim üçün etdiyi bir yaxşılığı heç vaxt unutmaram" Əjdər Zeynalov: "Zülfiyyə xanımın sənətkarlığı da, rolları da göz qabağındadır" Simarə İmanova: "Dövlətimiz tərəfindən ona fəxri ad verilsin" İlham Qəhrəman: "Zülfiyyə xanım bu gün Azərbaycan səhnəsinin qazandığı istedadlı, bacarıqlı aktrisadır" Gülşən Əliyeva: "Zülfiyyə xanım çox səmimi, sadiq bir dostdur"
Qadın haqqında yazmaq, onu təsvir etmək, onu küll halında qiymətləndirməkdən çətin iş yoxdur. Həqiqət budur ki, qadın həyatın başlanğıcıdır. Deyərdim ki, bəşəriyyətin çırağı, əbədi yanan pərvanəsi elə qadındır...
Onu uzun illərdir tanıyıram. İşıq kimi, günəş kimi, hava-su kimi mərhəmdir, doğmadır mənə. Mənim tanıdığım, dəyər verdiyim Zülfiyyə Eldarqızı, sözün əsl mənasında, fədakar qadındır. Fədakar olmasaydı, sənətdə özünəməxsus dəst-xətt yarada bilməzdi, ailəsini, dostlarını qoruya bilməzdi. Ancaq fədakar insanların getməyi bacara biləcəyi bir yol tutub o. Mən hər gün onu yenidən tanımağa başlayıram. Arximedin gözəl bir sözü var, deyir ki, sevginin və dostluğun hər gün təsdiqə ehtiyacı var. Zülfiyyə xanım hər gün bu münasibətləri yenidən təsdiq etməyə hazır xanımdır. Bəzən müşahidə edəndə görürəm ki, onun dostlarının əsas heyəti illərin sınağından üzüağ çıxan insanlardan ibarətdir. O da sadiqdir, dostları da sədaqətlidir. Mənim insanda ən çox qiymətləndirdiyim keyfiyyətlərdən biri məhz sədaqət məfhumudur. Sən sədaqətli deyilsənsə, başqasından da sədaqət ummağa birmənalı olaraq haqqın yoxdur. Ancaq Zülfiyyə Eldarqızı sədaqəti haqq edən dost, xanım sənətkardır. Onun sənət yolu sadə və hamar olmayıb. Çox çətinliklərdən, qaranlıqlardan adlayıb, bəzən yoluna kötük itələyənlər, hasar çəkmək istəyənlər də olub. Ancaq onlar öz "arzu"larına çata bilməyib. Çünki bu yolu seçən qadın inadkar, fədakar, məqsədi aydın, xeyirsevər bir insan olub. Məqsədi, məramı sənətə gəlmək və sənətdə öz halal, bənzərsiz cığırını açmaq istəyi ona stimul verib. Əlbəttə, Uca Tanrı da sevdiyi bəndəni sınaqlardan çıxararaq onu istəyinə qovuşdurub. Bu gün Z.Eldarqızı sənətdə özünü tapıb. Sənət adamı öz yolunu tapa bilirsə, onun dizlərini bükmək, ilhamını göylərdən endirmək çətindir. Qadın və zaman bir-birilə paralel hərəkətdə olan qüvvələrdir. Zülfiyyə xanım zamanın sınaqlarından mətin çıxan xanımlarımızdandır.
20 iyun Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının aktrisası, sənətşünslıq üzrə fəlsəfə doktoru, tanınmış bədii qiraətçi, "Bakı-Xəbər"in mədəniyyət üzrə eksperti Z.Eldarqızının növbəti doğum günüdür.
Zülfiyyə xanımın neçə yaşı olduğunu qeyd etmirəm, heç buna lüzum da yoxdur. Əsas odur ki, o var, sənət aləmindədir, teatrda, kinoda, bədii qiraət sahəsində öz sözünü deyir. Onun deməyə hələ sözü çoxdur və uzun illər səhnədən öz qəlbinin işığını, ruhunun hərarətini, mehr-məhəbbətini tamaşaçılara paylayacaq.
Hər il doğum günü ərəfəsində Z.Eldarqızını redaksiyamıza dəvət edib onunla yeni arzu və istəkləri, ad günü sevincinin yaratdığı xoş ovqatla bağlı müsahibə götürürdüm. Bu dəfə ənənəni pozdum, özü də bilərəkdən. Bu dəfə onun ad gününə yaxın dostlarının, sənət yoldaşlarının fikir və arzularını ərmağan edirəm. Necə deyərlər, sürpriz edirəm ona.
Sizə Z.Eldarqızı haqqında tanınmış rejissor Vaqif Azəryarın, tanınmış alim, professor Nizaməddin Şəmsizadənin, yazıçı-dramaturq Aqşin Babayevin, xalq artisti Həmidə Ömərovanın, tərəfmüqabili, aktyor Əjdər Zeynalovun, professor Gülşən Əliyevanın, xalq artisti Simarə İmanovanın və şair İlham Qəhrəmanın fikirlərini təqdim edirəm.
Görək Z.Eldarqızı dostlarının "ayna"sında necə görünür...
Tanınmış rejissor Vaqif Azəryar: "Zülfiyyə xanımla tanışlığımın səbəbkarı Mədəniyyət və İncəsənət Unversitetinin dossenti Nadir Hüseynov olub. Əvvəllər Zülfiyyə xanımın da çalışdığı səhnə danışığı kafedrasında hər il yaradıcılıq işi təhvil verirdilər. Nadir müəllim məndən xahiş etdi ki, bu işlərə rejissorluq edim. Zülfiyyə xanımın da iştirakı ilə çox möhtəşəm bir kompozisiya hazırladım. O çox istedadlı, bacarıqlı, öz üzərində işləməyi sevən, çalışqan, rejissor sözünə qulaq asan bir səhnə adamıdır. Bizim hazırladığımız kompozisiya Musa Yaqub və Ramiz Rövşənin şeirlərindən ibarət idi. Kompozisiya o qədər maraqlı alınmışdı, Zülfiyyə xanım şeirləri o qədər gözəl ifa etmişdi ki, hər kəsin xoşuna gəlmişdi. Hətta Ramiz Rövşən Zülfiyyə xanımın ifasında öz şeirlərini dinlədikdən sonra tədbirin sonunda "bu şeirləri mən yazmışam" - deyə bir sual da verdi. O istedadlı aktrisa, gözəl bədii qiraətçi olmaqla yanaşı, savadlı, bilikli pedaqoqdur. Onunla işləməkdən həmişə böyük zövq almışam. Onun haqqında ancaq xoş sözlər deyə bilərəm. O mərd, səmimi, dediyi sözə yiyə duran, istedadlı, şən, zarafatcıl, hər şeyin yerini bilən insandır. Mənim üçün hər zaman onunla ünsiyyətdə olmaq xoşdur. Sevinirəm ki, belə bir şəxsiyyəti tanıyıram. Mən onu doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uğurlar, xoşbəxtlik arzulayıram. Çünki o bunların hamısına layiqdir".
Professor Nizaməddin Şəmsizadə: "O daxilən zəngin, emosional, romantik bir xanımdır. Sözü, sənəti, poeziyanı gözəl bilir. Zülfiyyə xanım Anarın kino yaradıcılığı ilə bağlı çox maraqlı dissertasiya yazıb, onu da çox yüksək səviyyədə müdafiə etdi. O evdar xanım kimi də çox dəyərlidir, ailəcanlıdır. Qızı televiziyada işləyir, oğlu Azərbaycan Dövlət Dillər Universitetində oxuyur. O, Azərbaycan ənənələrini, qayda-qanunlarımızı, mənəvi keyfiyyətlərimizi, xanımlarımızın gözəllik etalonunu qoruyub saxlamağa çalışan bir qadındır. Həddindən artıq ürəyiaçıq olması səbəbindən bəzən ətrafdakılar onu başa düşmür. O ciddi bir xanımdır. Ona dayaq olmuşam həmişə, uzun illər İncəsənət Universitetində birgə çalışmışıq. Elin bir sözü var: "O aydan arı, sudan duru" bir xanımdır. Onun gözəlliklərindən biri də odur ki, bizim keçmiş elat, tərəkəmə xanımlarının sərbəstliyinə, müstəqilliyinə malikdir. Zülfiyyə xanım daxilən sərbəstdir. Bu onun xarakterində də əks olunur. Allah ona hər şey verib -istedad, sərbəstlik, gözəllik, ailə, övlad da. Eşq olsun Zülfiyyə xanıma".
Yazıçı-dramaturq Aqşin Babayev: "Biz onunla bir yerdə işləmişik. Zülfiyyə xanımın dissertasiya işinin müdafiəsi çox yüksək səviyyədə keçdi. Onun müəllimliyi də çox gözəl idi, tələbələri onu həddindən artıq çox sevirdi. Mənim ən çox rəğbət bəslədiyim, öz balam, öz qızım kimi çox istədiyim Zülfiyyə xanım haqqında həmişə gözəl sözlər demişəm. Bu ona layiqdir. Çexov deyib ki, hər bir şey insanda gözəl olmalıdır. Yəni insanın ağlı da, gözəlliyi də, istedadı da, savadı da, geyimi də yüksək səviyyədə olmalıdır. Çexovun bu tələbinə Zülfiyyə xanım birmənalı olaraq cavab verir. Hazırda İrəvan Teatrında çalışır. Çox istedadlı aktrisadır, onun oynadığı rollara baxmışam. Hidayətin "İrəvanda xal qalmadı" pyesində baş rollardan birini oynayıb, bu obraz mənim çox xoşuma gəlir. O hərtərəfli şəxsiyyətdir. Onda bütün keyfiyyətlər özünün əksini tapıb. Arzu edirəm ki, doktorluq işini də müdafiə etsin. Ona böyük uğurlar arzu edirəm".
Xalq artisti Həmidə Ömərova: "Z.Eldarqızı hər şeydən əvvəl gözəl, istedadlı yaradıcı şəxsiyyətdir. Onun çox gözəl şeir demək qabiliyyəti var, poeziyanı bilir, hər bir şeirin poetikasını, müəllifin ruhunu dinləyiciyə çatdıra bilir. O həm də gözəl, sədaqətli dost, yaxşı yol yoldaşıdır, qiymətli anadır. Mən ona bütün işlərində, yaradıcılıq yolunda uğurlar arzu edirəm. Son vaxtlar insanlarda qiymətləndirdiyim bir xüsusiyyət var - xeyirxahlıq. Zülfiyyə çox xeyirxah bir xanımdır. O hamıya yaxşılıq arzu edir. Hər kəsin işinin yaxşı olmasını, insanların dara düşməməsini istəyir. Bacardığı qədər insanlara yaxşılıq edir. O çox nəcibdir. İnsanlarda olan müsbət keyfiyyətləri qiymətləndirməyi, onlara stimul verməyi bacarır. Zülfiyyənin mənim üçün etdiyi bir yaxşılığı heç vaxt unutmaram. Mənim çətin günlərimdə o mənə dayaq olub. Amneziya xəstəliyindən əziyyət çəkən anam üç gün idi itmişdi. Heç yerdə tapa bilmirdik, Zülfiyyə də mənə qoşulub anamı axtarırdı. Elə anamı da xəstəxanalardan birindən Zülfiyyə tapdı. O görüb ki, anam "Qaragilə" mahnısını oxuyur, yanına gedib, oradan mənə zəng vurub dedi ki, Nəsibə xala mahnı oxuyur, onu tapmışam. Mən bu yaxşılığı ömrü boyu unutmaram. Zülfiyyəni çox istəyirəm və onun dostluğunu çox yüksək qiymətləndirirəm. Ad günün mübarək, əziz dost!".
Aktyor Əjdər Zeynalov: "Zülfiyyə xanım çox gözəl insandır, çox istedadlı, bacarıqlı tərəfmüqabildir. Öz üzərində işləməyi, rejissor tapşırıqlarına əməl etməyi çox sevir. O eyni zamanda da gözəl pedaqoqdur. Açığı, mən onu bədii qiraətçi və pedaqoq kimi tanıyırdım, amma o bizim teatra gəldikdən sonra gördüm ki, həm də gözəl aktrisadır. Onunla bir neçə tamaşada tərəfmüqabil olmuşam və zövq almışam. Peşəkarla işləmək peşəkara müsbət təsir edir. Ondan çox razıyam. Zülfiyyə xanımın sənətkarlığı da, rolları da göz qabağındadır. O çox çalışqandır. Zülfiyyə xanımın bütün xarakteri, sadəliyi, səmimiliyi, dostluğu çox qiymətlidir. Mən Zülfiyyə xanımın doğum gününü təbrik edir, ona uğurlar arzu edirəm. Kollektivimiz də, tamaşaçılar da onu çox sevir. Bir aktrisa kimi özünü tamaşaçılara çoxdan sevdirib".
Xalq artisti Simarə İmanova: "Deyirlər ki, qardaşın necədir, deyir hələ yoldaş olmamışam. Mədəniyyət və Turizm Nazirliyinin tədbirləri ilə bağlı Zülfiyyə xanımla çox yol yoldaşı olmuşam. İnsanı yolda tanıyarlar. O qədər gözəl, qayğıkeş xanımdır, dostdur. Həddindən artıq sədaqətli insandır. Gözəl ailəsi, balaları var, yaxşı sənətkardır. Zülfiyyə xanımda bütün keyfiyyətlər toplanıb, hamısı da göz qabağındadır. Zülfiyyə xanımı təbrik edirəm, ona can sağlığı, balalarının xoş gününü görməyi arzu edirəm. Arzu edirəm ki, yaxın gələcəkdə dövlətimiz tərəfindən ona fəxri ad verilsin. Ona görə ki, o buna gerçəkdən layiq bir xanım sənətkardır".
Şair İlham Qəhrəman: "Zülfiyyə xanım bu gün Azərbaycan səhnəsinin qazandığı istedadlı, bacarıqlı aktrisadır. O səhnədə hökmdar obrazından tutmuş, sadə evdar qadına qədər obrazlar yaradıb. Obrazların daxilinə girməyi çox yaxşı bacarır. Bu günlərdə İrəvan Teatrı Rus Dram Teatrının səhnəsində "Min möhtəşəm günəş" tamaşasının premyerasını keçirdi. Bu tamaşada Zülfiyyə xanım da rol almışdı. Öz rolunu elə məharətlə təqdim etdi ki, mən bir tamaşaçı kimi böyük zövq aldım. Onun bacarığından, istedadından həm kino, həm də teatr rejissorları geniş istifadə etməlidir. Çünki o çox talantlıdır. Gözəl bədii qiraətçidir. Şeir deməyi ayrı bir aləmdir. Hansı tədbirə dəvət edirsənsə, mütləq gəlib iştirak edir. O çox gözəl və xeyirxah insandır. Mən ona uğurlar və can sağlığı arzu edirəm. Yaxşıların yaxşısına layiq bir xanım dostumuzdur".
Professor Gülşən Əliyeva: "Zülfiyyə xanım çox səmimi, sadiq bir dostdur. Onu haqqında "könül dostu"dur demək olar. Çox vəfalıdır. Söyüd yarpağı kimi kövrək, ceyran kimi hürkəkdir. Eyni zamanda da şir ürəyi yeyib. Hər zaman dosta gərək olmağı bacarır. Gecə də yuxudan oyadıb desən ki, mənimlə getməlisən, heç soruşmaz ki, hara gedirik, "hara gəlim" deyəcək. O çox mərddir. Biz uzun illərdir onunla dostuq, sirdaşıq. Mənə o qədər qayğı, diqqət, nəvaziş göstərib ki, mən ona onun qədər qarşılıq verə bilməmişəm. Mənə elə gəlir ki, bu yolda ondan geridə qalıram. İndiyə qədər o mənə ona edə bilməyəcəyim yüzlərə sürpriz edib. Hərəkətlərində, jestlərində çox orijinaldır. Mən Zülfiyyə xanımı çox sevirəm. Ona can sağlığı, uzun ömür, gözəl günlər arzu edirəm".
İradə SARIYEVA