Bakıda dahi müğənni Müslüm Maqomayevin 75 illik yubileyi münasibətilə möhtəşəm konsert proqramı keçirilib.
Baki-xeber.com-un xəbərinə görə, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutan konserti Bakı Baş Mədəniyyət və Turizm İdarəsi təşkil edib. Konsert zamanı dahi müğənninin həyatının müxtəlif məqamlarını əks etdirən kinosüjet də təqdim olunub.
Konsertdə ölməz sənətkarın adını daşıyan 26 saylı Musiqi məktəbinin tələbə və müəllimləri çıxış edib. Tədbirdə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin başçısı Vüqar Zeynalov, Mədəniyyət və Turizm nazirliyinin şöbə müdiri Yaşar Əliyev və Müslüm Maqomayevin çoxsaylı pərəstişkarları iştirak edib.
Xatırladaq ki, yaşasaydı, bu il avqustun 17-də Müslüm Maqomayevin 75 yaşı tamam olacaqdı.