Bu il Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi tamam olur.
2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur. Adı YUNESKO-nun "2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilmiş bu böyük söz ustadının yubileyinin respublikamızda geniş qeyd olunmasıyla bağlı ölkə prezidentinin sərəncamı olub. Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yubileyinin qeyd olunması ilə Azərbaycan Aşıqlar Birliyi də tədbirlər planı hazırlayıb. Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, Molla Pənah Vaqifin 300 illiyi ilə bağlı Aşıqlar birliyinin hazırladığı konsert may ayinin 15-də Azərbaycan Dövlət Filarmoniyasında axşam saat 19:00 da kecirləcək.Tədbirə giriş sərbəstdir. AAB saz-söz sevərləri tədbirə dəvət edir.
"Molla Pənah və aşıq sənəti” mövzusunda keçiriləcək tədbir "Könüldən könülə yollar görünür” adı ilə təqdim ediləcək. Proqramda M.P.Vaqifin qoşma və gəraylıları, gözəlləmələri, deyişmələri saz havaları üstündə oxunacaq, Vaqif poeziyası ruhunda sonrakı dönəm aşıqların yaratdıqları dastanlardan parçalar və aşıq mahnıları teatral şəkildə təqdim olunacaq.
İradə SARIYEVA