Sərvər Əliyev: "Binamız əsaslı şəkildə təmir edilib, maddi-texniki baza günün tələblərinə cavab verir"
Vaqif Vəliyev: "2003-cü ildə Füzuli Teatrının həyatında böyük qayıdış baş verdi və biz Horadizə qayıtdıq"
"Qaçqın teatrlar" deyimi son illər yaranıb. Erməni təcavüzü yalnız Dağlıq Qarabağda və ətraf rayonlarda yaşayan insanlara deyil, eyni zamanda mədəniyyətimizə böyük zərbə vurub. Bədnam qonşularımızın törətdiyi terror aktları, həyata keçirdiyi separatçılıq nəticəsində mədəniyyət ocaqlarımız dağıdılıb, teatrlarımız məhv olmaq təhlükəsi ilə üzləşib. Erməni zülmündən xilas olan teatrlar qaçqın taleyi yaşamağa məhkum olunub.
Bu gün Şuşa Musiqili Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Füzili Dövlət Dram Teatrı qaçqın vəziyyətdə fəaliyyətini davam etdirir. Erməni təcavüzü böyük ənənələrə malik olan hər üç teatrın inkişafına sözsüz ki, zərbə vurub.
Bu teatrların əməkdaşlarının, demək olar ki, əksəriyyəti həm də Qarabağ savaşında erməni təcavüzünə qarşı əlində silah mübarizə aparıb. Bu gün qaçqın ömrü yaşamağa məcbur edilən "qaçqın teatrlar" tam gücü ilə fəaliyyətini davam etdirir. Çünki Azərbaycan dövləti bu teatrların yaşaması üçün lazımi şərait yaradır. Dövlət qayğısı ilə əhatə olunan teatrlar tam gücü ilə mədəniyyətimizə xidmət etməkdə davam edir.
Hazırda Ağdam Dövlət Dram Teatrı Ağdam rayonunun Quzanlı qəsəbəsində, Şuşa Musiqili Dövlət Teatrı Bakıda, Füzuli Dövlət Dram Teatrı isə Füzuli rayonunun Horadiz şəhərində fəaliyyətini davam etdirir.
"Qaçqın teatr"ın özünü saxlaması..."
Ağdam Dövlət Dram Teatrının baş rejissoru, respublikanın əməkdar artisti Sərvər Əliyev bizimlə söhbətində bildirdi ki, teatrın fəaliyyət göstərməsi üçün dövlət tərəfindən dəstək göstərilir: "Hazırda Ağdamın Quzanlı qəsəbəsində fəaliyyətimizi davam etdiririk. Yerləşdiyimiz bina qəsəbə klubu olub vaxtilə. Binamız əsaslı şəkildə təmir edilib, maddi-texniki baza günün tələblərinə cavab verir. İşləməyimiz üçün şərait var, narazılığımız yoxdur. Dövlət qayğısı olmadan hansısa bir əyalət teatrının fəaliyyət göstərməsi asan ola bilməz. "Qaçqın teatr"ın özünü saxlaması isə lap çətin olardı. Ola bilsin, paytaxtda hansısa bir teatr özünü dolandıra bilər, amma əyalətdə bu mümkün deyil. Teatrımızın zəngin repertuarı var. Bu yaxınlarda bir tamaşa təhvil vermişik. Bakı Uşaq Teatrının rəhbəri İntiqam Soltanı teatrımıza dəvət etdim. O burada müəllifi olduğu "Dələduzlar" əsərini tamaşaya hazırladı, artıq o tamaşanı təhvil vermişik. İkinci tamaşamız da var. "Sadığın toyu" adlı tamaşanı da təhvil verəcəyik. Bu tamaşaya Kərim Həsənli quruluş verib".
Teatrın üç il ərzində dövlətə 6 tamaşa təhvil verdiyini deyən S.Əliyev bildirdi ki, bu tamaşalar tamaşaçıların da xoşuna gəlir. Teatra tamaşaçı marağından danışan S.Əliyev bildirdi ki, əvvəlki dövrlərlə müqayisədə teatrın tamaşaçısı var: "Biz gərgin işləyirik. İstəyirik ki, tamaşalarımız tamaşaçıların ürəyincə olsun. Hazırda tamaşaçı kontingentimiz var. Biz tez-tez məktəblilər və əsgərlər qarşısında çıxış edirik. Bilirsiniz ki, Ağdam ərazisinin 70 faizdən artıq hissəsi erməni işğalındadır. Rayon sakinləri Azərbaycanın müxtəlif bölgələrinə səpələnib. Bununla belə, tamaşaçı korluğu çəkmirik. Düzdür, tez-tez tamaşalar verməsək də, bütün premyeralarımız böyük anşlaqla keçir. Tamaşaçılar bizi tək qoymur".
Rayonlara qastrol səfərlərinə getdiklərini deyən S.Əliyev qeyd etdi ki, teatr bir müddət əvvəl Ağcabədidə qastrol səfərində olub. May ayında Zərdab rayonuna hazırlaşdıqlarını deyən baş rejissor, iyun ayında da hacıqabulluların qonağı olacaqlarını bildirdi: "Payızda isə Bakıya imtahana gələcəyik. Bu imtahana hazırlaşırıq. Paytaxta Süleyman Rüstəmin "Çimnaz xanım yuxuda" və Vasili Siqarovun "Ağ ölüm" tamaşalarını gətirmək istəyirik. Teatrımız tam gücü ilə işləyir. Sağ olsun dövlətimiz, bizim yaşamağımız üçün əlindən gələni edir. Ağdam İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov da teatrımıza böyük qayğı göstərir".
Sarabskinin teatrı...
Füzuli Dövlət Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev "Bakı-Xəbər"ə teatrın fəaliyyəti ilə bağlı ətraflı məlumat verdi. Hazırda dövlət dəstəyi və qayğısı sayəsində teatrın yaşadıldığını deyən V.Vəliyev qeyd etdi ki, rəhbərlik etdiyi teatrın 1 əsrə yaxın yaşı var. "Füzuli Dövlət Dram Teatrı böyük ənənələri olan teatrdır. Əvvəl rayonumuzun adı Qaryagin olub və o vaxtlar teatrımız da Hüseynqulu Sarabskinin adını daşıyıb. O dövrdə Sarabski Qaryagindən Dumaya deputat olub. Sarabski dəfələrlə bu teatrda məşhur Məcnun rolunu oynayıb. Ondan sonra isə tələbələrindən biri olan Ağabala Abdullayev də teatrımızda Məcnun rolunu ifa edib. Yəqin məlumatınız var, 1953-cü ildə müəyyən səbəblərdən əyalət teatrları bağlandı, o cümlədən də Füzuli teatrı bağlanmaq taleyi yaşadı. Lakin teatrımızın bir neçə fədakarı teatrın ocağını sönməyə qoymayıb və xalq teatrı yaradıb. Keçən əsrin 80-ci illərinin sonlarında xalq teatrının bazasında Füzuli Dövlət Dram Teatrı yaradılıb. Bizim teatrın 1 əsrə yaxın yaşı var. Təəssüflər olsun ki, teatrımızın yaranma tarixi qanlı-qadalı Qarabağ müharibəsinə təsadüf edib. Füzuli teatrı çox böyük məhrumiyyətlərdən adlayıb. 1988-ci ildən başlayaraq Qarabağ münaqişəsi başladı və ərazidə yerləşdiyi üçün teatrımız da mütəmadi olaraq erməni quldurlarının hücumuna məruz qalıb. Ermənilər tez-tez müxtəlif çaplı silahlardan rayon mərkəzini atəşə tuturdu. Buna görə də 1991-ci ildə Horadiz qəsəbə klubuna yerləşdirildik. O vaxtdan indiyə qədər teatr bir dəqiqə də olsun fəaliyyətini dayandırmayıb" - deyə teatr direktoru bildirdi.
Füzuli Teatrının Sumqayıt dövrü
V.Vəliyevin sözlərinə görə, teatr o illər də, indi də cəbhə bölgəsində tamaşalarla çıxış edir. 1993-cü ilin məlum hadisələrindən sonra Mədəniyyət və Turizm Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin qərarına əsasən, teatrın Sumqayıt şəhərinə köçürüldüyünü və Sumqayıt Dövlət Dram Teatrının binasında fəaliyyətini davam etdirdiyini deyən V.Vəliyev bildirdi ki, Sumqayıt dövrü teatra böyük nailiyyətlər qazandırıb: "Bakı aurasına yaxın yerdə fəaliyyət göstərməyimiz, eləcə də Sumqayıt Teatrı ilə yaxınlığımız teatrımız üçün böyük məktəb rolunu oynadı. Buradakı sənətkarların aktyor və rejissor kimi Füzuli Teatrına dəvət edilməsi müsbət mənada təsirsiz ötüşmədi, yaradıcılıq sahəsində yaddaqalan işlər gördük. Sumqayıt Teatrının baş rejissoru, respublikanın əməkdar artisti Firudin Məhərrəmov Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povestini "Danabaşlar" adı ilə səhnələşdirdi və bu tamaşa teatrımıza böyük uğur gətirdi. Eyni zamanda da teatrımızın tarixinə monumental tamaşa kimi düşdü. O vaxt AzTV tam olaraq bu tamaşanı çəkib qızıl fonda daxil etdi. Firudin Məhərrəmovun quruluşunda Cəfər Cabbarlının "Almaz", "Aydın", Mərkəz Qacarın "Qabanın səfəri" alleqorik əsəri uğurla tamaşaya qoyuldu. Respublikanın xalq artisti Valeh Kərimovun quruluş verdiyi Novruz Gəncəlinin "Niyə dirilmisən?" əsəri də maraqlı tamaşalardandır".
Teatrın Sumqayıtda fəaliyyət göstərdiyi illərdə müxtəlif festivallara qatıldığını deyən V.Vəliyev bildirdi ki, monotamaşalar festivalında teatr xüsusilə fərqlənib.
Horadizə böyük qayıdış...
O qeyd etdi ki, Sumqayıtda fəaliyyət göstərdikləri dövrdə Füzuliyə qayıtmaq istəklərindən əl çəkməyiblər və nəhayət, o gün teatr kollektivinə nəsib olub. Onlar Füzulinin mərkəzinə qayıda bilməsələr də, Horadizə qayıtmağa nail olublar: "Rayon rəhbərliyi bizə deyirdi ki, şərait yaranan kimi teatrı Horadizə qaytaracağıq. 2003-cü ildə Füzuli Teatrının həyatında böyük qayıdış baş verdi və biz Horadizə qayıtdıq və burada kluba yerləşdirildik. 2013-cü ildə hazırda yerləşdiyimiz bina əsaslı təmir olundu və açılışda cənab Prezident iştirak edirdi. Sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və icra başçımız Alı Alıyev bizi bina ilə təmin etdi. Teatr binası müasir Avropa standartlarına uyğun qurulub, yeni texnologiya ilə təchiz edilib. Bizə bu binanı dövlət ərmağan etdi. Sözsüz ki, bu da bizə böyük yaradıcılıq ruhu verdi".
Teatra gənclərin böyük maraq göstərdiyini deyən V.Vəliyev qeyd etdi ki, Bakıdan bura aktyor və aktrisa dəvət etmək çətindir, onlar bura gələndə yaşamaları üçün şərait, yüksək əməkhaqqı istəyir. O bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə Füzuli Teatrında da teatr studiyası fəaliyyət göstərir və gənc kadrlar bu studiyada yetişdirilir: "Bilirsiniz ki, Bakıdan aktyor və aktrisa dəvət etmək bir az problemdir. Çünki onlar gələndə yüksək əməkhaqqı, mənzil şəraiti istəyir. Təbii ki, biz cəbhə bölgəsində yerləşdiyimiz üçün, mütəmadi olaraq bədnam qonşularımız bizi atəşə tutur. Biz artıq buna öyrəşmişik. Artıq üç il olar ki, Mədəniyyət və Turizm Nazirliyi teatrlarda teatr studiyaları açıb. Bu studiyalar bizə imkan verir ki, orta məktəbi bitirən və xüsusi istedadı olan gəncləri teatra cəlb edək. Qarabağlı olduqları üçün bizim aktyor və aktrisaların gözəl səs imkanları da var. İstedadlı gənclərimiz çoxdur. Biz onları müsabiqə yolu ilə studiyaya cəlb edirik və onlara professional aktyorlar tərəfindən dərslər keçirilir. Sonra isə onlar teatra işə qəbul edilir. Deyim ki, bu iş böyük effekt verir".
V.Vəliyev qeyd etdi ki, teatr tez-tez əsgərlər qarşısında çıxışlar edir. O bildirdi ki, yaxın vaxtlarda teatrın Kürdəmir şəhərinə qastrol səfəri gözlənir. V.Vəliyev çətinliklərə baxmayaraq, kollektivin teatra sadiq olduğunu dedi. O, həmçinin, vurğuladı ki, tezliklə torpaqlarımızın işğaldan azad olunacağına və Füzuli Teatrının rayon mərkəzinə qayıdıb orada fəaliyyət göstərəcəyinə inanır.
İradə SARIYEVA