Aprelin 1-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Nəsimi rayonu Şövkət Ələkbərova adına 20 nömrəli musiqi məktəbinin 50 illik yubileyinə həsr edilmiş konsert keçirilib.
Nəsimi RİH-dən baki-xeber.com-a verilən məlumata görə, tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov musiqi məktəbinin şagirdlərini və müəllimlərini yubileylə bağlı təbrik edərək, onlara yeni yaradıcılıq uğurları diləyib. A.Əsgərov Birinci vitse-prezident Mehriban Əliyevanın musiqi ilə məşgul olan yeniyetmə və gənclərə göstərdiyi xüsusi diqqət və qaygıdan danışaraq bildirib ki, Azərbaycanın milli musiqi irsinin qorunub saxlanılması, dünya musiqi incilərinin Azərbaycanda, xalqımıza məxsus nadir musiqi əsərlərinin isə dünyada tanıdılması Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyətində mühüm yer tutur.
Daha sonra Nəsimi rayonu Ş.Ələkbərova adına 20 nömrəli uşaq musiqi məktəbinin direktoru Sevda Məmmədova çıxış edərək, məktəbin kollektivi və valideynləri adından Azərbaycanın istedadlı uşaq və gənclərinə hər zaman göstərdikləri qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkür edib.
Konsertdə musiqi məktəbinin istedadlı şagirdləri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və dirijor, Xalq artisti Fəxrəddin Kərimovun müşayətilə musiqi əsərləri səsləndirib. Tədbirdə qeyd edilib ki, 1967-ci ildə fəaliyyətə başlayan Nəsimi rayonu Şövkət Ələkbərova adına 20 nömrəli 11 illik musiqi məktəbində şagirdlər 12 ixtisas üzrə təhsil alır. Bu illər ərzində məktəbi bitirən məzunlardan 500 nəfəri təhsilini davam etdirərək professional musiqiçi olub. Məktəbin məzunları dünyanın müxtəlif mədəniyyət ocaqlarında - ABŞ, ingiltərə, Almaniya, Rusiya, Türkiyə, İsrail kimi xarici ölkələrdə milli mədəniyyətimizi uğurla təmsil edir.