Martın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Nəsimi rayonu H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin konserti olub.
Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov musiqi məktəbinin şagirdlərini və müəllimlərini konsetrlə bağlı təbrik edərək, onlara yeni yaradıcılıq uğurları diləyib. RİH başçısı Birinci vitse-prezident Mehriban Əliyevanın musiqi ilə məşgul olan yeniyetmə və gənclərə göstərdiyi xüsusi diqqət və qaygıdan söz açıb, bildirib ki, Azərbaycanın milli musiqi irsinin qorunub saxlanması, dünya musiqi incilərinin Azərbaycanda, xalqımıza məxsus nadir musiqi əsərlərinin isə dünyada tanıdılması Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyətində mühüm yer tutur. A.Əsgərov qeyd edib ki, ümumiyyətlə Heydər Əliyev Fondu xalqın milli varlığını özündə yaşadan maddi-mənəvi irsə böyük diqqət və həssaslıqla yanaşır, milli mədəniyyətimizin dünya arenasına çıxmasında və təbliğində fəal iştirak edir.
Nəsimi rayonu H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin direktoru Mehriban Rüstəmova məktəbin kollektivi və valideynləri adından Azərbaycanın istedadlı uşaq və gənclərinə hər zaman göstərdikləri qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirib.
Musiqi məktəbinin istedadlı şagirdləri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və dirijor, Əməkdar artist Fuad İbrahimovun müşayətilə musiqi əsərlərini səsləndiriblər. Məktəbin şagirdləri Xuraman Quliyeva (fortepiano), Sadəddin Cumayev (fleyta), Əli Əlizadə (fleyta), Kənan Abbaszadə (klarnet), Amin Əliyev (balaban), Həmid Süleymanzadə (tar), Ayan Hacıyeva (fortepiano), İlkin Əliyev (fleyta), Leyla Mahmudova (fortepiano) və Əliheydər Məmmədzadənin (fortepiano) ifalarını tamaşaçılar alqışlarla qarşılayıb.
Baki-xeber.com