Təbrizin məşhur "Dalğa" qrupunun rəhbəri "Bakı-Xəbər"də... - FOTO

Təbrizdə fəaliyyət göstərən və dünyanın əksər ölkələrində aşıq və folklor musiqisini uğurla təbliğ edən "Dalğa" qrupunun çıxışlarını uzun illərdir izləyirik. Fikrimizcə, Azərbaycanda bu qrupun ifasını sevməyən aşıqsevər tapılmaz. Biləndə ki, 26 yaşlı "Dalğa"nın yaradıcısı və rəhbəri, tanınmış təbrizli aşıq Çingiz Mehtipur Bakıdadır, onunla müsahibə fürsətini qaçırmaq istəmədik. Ustadla görüşdük, söhbətləşdik və onun maraqlı fikirləri ilə sizi də tanış etmək qərarına gəldik...
- Aşıq Çingiz, xoş gördük... Bu gün elə bir sazsevər tapılmaz ki, o, "Dalğa" qrupunun ifasına maraqla qulaq asmasın. "Dalğa" necə yarandı?
- Təşəkkür edirəm. Mən illər əvvəl musiqi sahəsinə bir solo saz ifaçısı kimi gəldim. Azından 35 il əvvəldən başlayaraq musiqi öyrətməklə məşğulam. Rəsmi olaraq sazı tədris etməyə Tehranın musiqi məktəblərindən başlamışam. "Dalğa" qrupundan əvvəl xeyli işlərim olub. Onlardan biri sazı nota almaq haqqında düşüncələrimdir ki, bir neçə il çalışdıqdan sonra buna nail ola bildim. "Saz məktəbi" ("Qopuz məktəbi") adlı kitabım var, orada saz havalarını yazmışam. Bundan başqa, illər əvvəl "Rövşən" musiqi məktəbini yaratdıq. Hazırda o məktəbin 400-ə yaxın tələbəsi var. Bu sənətin inkişafı üçün əlimdən gələni etmişəm, bu gün də edirəm. Bu məktəbdə çox yüksək səviyyəli gənc aşıqlar yetişib. Çalışmışıq ki, bu sənətin qulluğunda duraq və ona sədaqətlə xidmət edək. "Rövşən"dən bir neçə il sonra isə "Dalğa" qrupunu yaratmaq fikrinə düşmüşəm. Azərbaycanın o tayda dahi sənətkarlarından biri - ustad Əli Səlimi tar ifaçısı idi.
- Siz bəstəkar Əli Səlimini nəzərdə tutursunuz?
- Bəli, "Ayrılıq" mahnısının müəllifini deyirəm. Bir gün Əli Səlimin məktəbində idim. Bir də gördüm ki, qapını döyüb deyir ki, iki nəfər gəlib sizi soruşur. Gələn adamlardan biri İranın incəsənət nazirinin müşaviri, o biri isə böyük musiqi alimi Səid Şəhram idi. Səid Şəhram Amerikada musiqi təhsili almışdı. Onlar dedilər ki, biz not bilən aşıq axtarırıq, konsert keçirmək fikrimiz var. Onlar istəyirdi ki, konsertdə müxtəlif musiqilərlə yanaşı, saz musiqisi də səslənsin. Biz o konsertdə iştirak etmək üçün beş nəfər musiqiçi ilə işə başladıq.
- Kimlər idi qrupun ilk üzvləri?
- Oxuyanımız aşıq Novruz Səməni idi. Hələ onda aşıq Məhbub səhnəyə gəlməmişdi. Yəni oxuyurdu, amma peşəkar səhnədə yox idi. Qrupda ilk olaraq gözəl balaban ifaçısı Həsən Namə, qardaşım, saz ustadı Fərrux Mehtipur, gözəl qaval ifaçısı Hüseyn Azəri və bir də mən idim. Arada qrupa başqa aşıqları da dəvət edirdik. İşlədik, fəaliyyət göstərdik, get-gedə qrup böyüdü. 20 il bundan əvvəl, Milli Hökumət dövründən sonra ilk dəfə olaraq Təbrizdə "Dalğa" qrupu bilet sataraq konsert verdi. Doğrudur, müxtəlif tədbirlər, hadisələr zamanı aşıqlar konsertlər verirdi.
- Tamaşaçılar sizin ifanızı necə qarşıladı?
- İnanın ki, xalq tərəfindən aşıq musiqisi, sənətimiz çox yüksək səviyyədə qarşılandı. 850 nəfərlik zalda 4 gün konsertimiz oldu. Bu dörd gündə salonda yer olmadı. Bu hadisə "Dalğa"nın yaranmasından 6 il sonra baş verirdi. Bu konsertdə aşıq Novruz Səməni və aşıq Məhbub Xəlili oxuyurdu. Bura aşıq Əhməd Həmidinin də adını əlavə edək. Xalqdan belə söhbət eşitdim ki, Milli Hökumət zamanından bəri Təbrizdə belə yüksək səviyyəli konsert görməyiblər. Həqiqətən də o konsert proqramının üstündə çox işləmişdik.
- "Dalğa" çox tez tanındı və Azərbaycan sazını dünyaya çıxardı. Buna necə nail oldunuz?
- Bizim konsertdən sonra gənclərin aşıq sənətinə marağı artdı və onlar bu sənətə gəlməyə başladılar. Hamı üçün maraqlı idi ki, necə ola bilir, aşıq qrupu bilet satıb konsert verir?
- Belə çıxır ki, sizin qrupun meydana çıxması, konsert verməsi bu sahədə böyük bir oyanışa səbəb oldu?
- Bəli. Gənclər gəlir deyir ki, siz bizi xeyli müddətdən sonra bu sənətlə barışdırdınız. Çünki gənclər aşıq sənətindən uzaqlaşırdı. Bu gün sizə deyim ki, "Dalğa" qrupu yeni oranjemanla aşıq musiqisini təqdim edir. Biz bunu bugünkü tamaşaçının marağını, zövqünü və dünya tamaşaçısının tələbatını ödəmək üçün edirik. Bu tayda vəziyyət necədir bilmirəm, onu siz daha yaxşı müşahidə edə bilirsiniz. Ancaq hazırda o tayda bu sənəti hədsiz sevirlər. Bizim konsertlərdə 3 min nəfərlik zalda bizi dinləməyə gələn tamaşaçıların yarısı qeyri-millətlərin nümayəndələri olur. Onlar farslar, kürdlər, ərəblər və başqa xalqların nümayəndələridir. Bir də görürsən fars, yaxud ərəb bizə zəng edib deyir ki, biz sizin filan konsertinizdə olmuşuq, onun diskini istəyirik. Onlardan bizə çoxlu zəng gəlir. Düşüncəmə görə, hər zamanın bir tələbatı var.
- Siz zamanın nəbzini tutursunuz?
- Həm zamanın nəbzini tutmağa çalışırıq, həm də bu sənəti yaşatmağın yolunu arayırıq. Gördüyümüz işlərə gələcəkdə qiymət verilər, bunu xalq bilir. Ancaq, məncə, "Dalğa" qrupu buna nail oldu.
- "Dalğa"nın repertuarındakı üstünlüklərdən biri odur ki, həm klassikanı qoruyursunuz, həm də Azərbaycanın müxtəlif aşıq, saz mühitlərinin yolunu, ifaçılıq tərzini qoruyursunuz. Eyni zamanda da xalq mahnıları və təsniflərimizi ifa edirsiniz. Buna necə nail olursunuz?
- Əvvəla onu qeyd edim ki, mənim ilk ustadım əmim Eynulla Mehtipur olub və o çox zəhmətimi çəkib. İkinci ustadım yaxınlarda rəhmətə gedən Hüseyn Əsədi olub. Allahdan əmimə can sağlığı, Hüseyn Əsədiyə isə rəhmət diləyirəm. Sevinirəm ki, ustadlarım bizi bütün aşıq mühitləri ilə tanış etdilər. Özüm də bu tay aşıqların ifası ilə çox maraqlanırdım. Xudafərin rayonunda olardıq, hər səhər qalxıb radioda aşıqların ifasına qulaq asardım. Bu taydakı bütün böyük aşıqları dinləyərdik. Bu gün ustad aşıqlarımızın ifa etdikləri bütün havaları öz barmaqları kimi ifa edə bilərəm. Ustad Kamandar Əfəndiyev, ustad Əmrah Gülməmmədov, ustad Hüseyn Saraclı, ustad Ədalət Nəsibov, ustad Əkbər Cəfərov, ustad İmran Həsənov, ustad İsfəndiyar Rüstəmovun ifaçılıq yollarına qulaq asıb onları mənimsəmişəm. Eləcə də Şirvan aşıq mühitinin qüdrətli aşıqları - aşıq Məmmədağa, aşıq Şakir, aşıq Bəylər və başqalarının ifası, sənəti ilə yaşamışam. Biz bunları dinləmişik. Bu gün mənim xoşbəxtliyim ondadır ki, mən yalnız bir yolu tutmamışam, bütün klassik aşıqların yolunu özümdə cəmləyib özüməxas bir ifa tərzi meydana çıxarmışam. Çünki özüm aşıq ailəsindən olduğuma və aşıq musiqisi ilə böyüdüyümə görə oranjemanlarım təbii alınır.
- Sizin ümumiyyətlə musiqi təhsiliniz varmı?
- Bəli. Bəstələrim də var. Həm aşıq havaları, həm lirik mahnılar bəstələmişəm. Peşəkar bəstəkar deyiləm, amma bu sahəni sevirəm, ürəyimdən gəlib bəstələmişəm. Böyük sənətkarların sənəti, ruhu ilə tanışam, ona görə də mənim oranjemanlarımda aşıq sənətinin klassikliyi və əsaləti qorunub saxlanıb. "Mansırı" havasını oranjeman etmişəm. Zəmanəmizin böyük sənətkarlarından olan Alim Qasımov Təbrizdə olanda biz onunla Marağa şəhərində bir böyük şair var, onun görüşünə gedirdik. Yolda diskdə "Mansırı"ya qulaq asırdı. Bəlkə on dəfə mənə dedi ki, Çingiz, geri qaytar, yenidən qulaq asım, hələ bu səviyyədə güclü əsər eşitməmişdim. Deyirdi ki, elə oranjeman etmisən ki, eşidən bunun qədimdən belə olduğunu fikirləşər. Bu onunla bağlı idi ki, bu sənətlə qaynayıb qarışmışam. Mənim ifalarımda, oranjemanlarımda yamaq görməzsiniz. Elə ustadlarımız var ki, onlar ifa edəndə deyirsən ki, filan hava elə qədimdən belə olub. Yəni o qədər təbii, canlı çatdırır... Məsələn, ustad Ədalət Nəsibovun ifa etdiyi "Yanıq Kərəmi"də və digər havalarda yamaq görmürəm, adam qulaq asanda belə düşünür ki, elə bu hava minillər əvvəl də belə imiş. Amma bəzi ifaçıların ifasına qulaq asıram, istəyir nə isə iş görsün, gördüyü iş yamaq kimi görsənir, o ifa havanın ruhundan uzaqlaşır.
- Bu tayla müqayisə etsək, hazırda o tayda aşıq sənətinin vəziyyəti necədir? Hansı daha yaxşı inkişaf edir?
- Çox cəsarətlə deyə bilərəm ki, bu gün orada aşıq sənəti çox güclü inkişaf edib. Bir də orada gənc aşıqlar biz getdiyimiz yolu davam etdirir. Onlar yalnız Borçalı, Gədəbəy, Şirvan yolunda dayanmır, bütün mühitlərin yollarını, bütün havaları öyrənməyə çalışır. Mən oradakı bütün aşıq məktəblərinin ifaçılarını buradakılardan güclü görürəm. Bunu isbat da edə bilərəm. Bilirsiniz ki, bizdə aşıq Məhbub Xəlili, aşıq Muxtar Borçalı yolunu çox güclü oxuyur. Aşıq Əkbərin yolunda Cavad Məhərrəmi kimi oxuyan var. Şirvan aşıqlarının yolunu davam etdirən aşıqlarımız var. Onlardan Məmməd Fərzəqaninin, aşıq Məhbub Əbdinin və digərlərinin adını çəkə bilərəm ki, onlar Şirvan məktəbinin çox layiqli davamçılarıdır. Burada da yaxşı sənətkarlar çoxdur təbii ki... Demək istəyirəm ki, o tayda bu məktəblər cəm halında yaşadılır. Bəzən deyirlər ki, filan aşıq məktəbi bizimdir, filan yox. Buna təəssüf edirəm. Bu məktəblərin hamısı bizimdir, hamısına sahib durmalıyıq. Sevindirici haldır ki, hər aşıq məktəbindən bir şey öyrənirik. Onu deyim ki, bizdə həm də güclü balaban ustaları var, onlardan biri də Cəlil Həmididir. Siz onun da, digər balabançıların da ifasını yəqin ki, dinləmisiniz...
- Bayaq xarici ölkələrdə konsertlərinizin necə qarşılandığı haqqında söhbətimiz yarımçıq qaldı... Ümumiyyətlə, hansı ölkələrdə konsert vermisiniz və əcnəbilər sazımızı necə qarşılayıb?
- Bir neçə dəfə Yaponiyada, Çində, Kolumbiyada, Amerikada, Kanadada və digər ölkələrdə konsert proqramı ilə çıxış etmişik. Deyərdim ki, 30-dan artıq ölkədə sazımızı təmsil etmişik. Sazımızı çox yüksək səviyyədə qəbul edirlər. Desəm ki, onlar bəlkə də sazımızı bizim öz xalqımızdan yaxşı anlayırlar, inanarsınız?
1990-cı ildə Hollandiyada konsertdə iştirak edirdim, başqa sənətkarlar da vardı. Hər ifaçıya 5 dəqiqə vaxt verilirdi. Mən də çıxıb ifa etdim. Orada mister Bipink adlı böyük musiqi alimi vardı, gecəni də o aparırdı. İfam başa çatanda səhnəni tərk etmək istəyəndə "hara gedirsiniz" dedi. Dedim ki, vaxtım başa çatıb. İsrar etdi ki, yenidən səhnəyə qayıdın və ifanızı davam etdirin, çünki tamaşaçılar sizin ifanızı tələb edir. Mənə dedi ki, bilmirəm hardansınız, haralısınız, ancaq musiqinizdən belə anladım ki, yaşadığınız yer dağ-daş, soyuq olan yerdir və orada insanlar çox məhrum yaşayıb. Yəni bir xalqın 5 dəqiqəlik musiqisi ilə onun tarixini, yaşadığı coğrafiyanı, mühiti təsvir etmək mümkündür, yəni qulaq asana elə gəlir ki, qalın bir kitab oxuyur...
Başqa bir hadisə də Kolumbiyada baş verib. Kolumbiyada bir yerə 1500 nəfər musiqi məktəbinin tələbəsini dəvət etmişdilər. Orada solo saz ifaçısı kimi çıxış edirdim. Mənim yanımda bir kamança ifaçısı, bir də zərb aləti ifaçısı vardı. Konsertdən sonra milli paltarımızı soyunub dincəldik. Çölə çıxanda gördük ki, güclü yağış yağır, ancaq tamaşaçılar divar boyu düzülüb bizi gözləyir. Deyirdilər ki, sizin musiqi ilahi musiqidir, insanları göylərə qaldırır. Hər yerdə yüksək səviyyədə qarşılanırıq. Sözümün canı odur ki, bizim belə möhtəşəm musiqimiz var. Amma bunu öz xalqımıza lazımi səviyyədə çatdıra bilməmişik. Bəlkə bu biz sənətkarların qüsurudur, sazımızın potensialını göstərə bilməmişik ki, sənətimizdə belə güc var. Sazı tanıtmaq, onun gücünü göstərmək lazımdır.
- Bakıda konsert vermək fikriniz varmı?
- Allah qoysa, bu yaxın zamanlarda konsertimiz olacaq. Bu konsertdə sazın imkanlarını göstərmək üçün Mosartın 25-ci simfoniyasından 15 dəqiqəlik kvartet olaraq sazlarda ifa edəcəyik. Bilirsiniz, bununla özümüzü göstərmək məqsədi güdmürük. İstəyirik ki, öz xalqımıza sazımızın qabiliyyətini, gücünü göstərək. Bunu cəsarətlə deyə bilərəm ki, bir zamanlar musiqimiz toylarda yaşayırdı, amma bu gün toylarda məhv olur. Zaman olub ki, tariximizi, qəhrəmanlıq səhifələrimizi aşıqlar yaşadıb...
- Bir neçə gün əvvəl bir fikriniz Şirvan aşıqları ilə qalmaqala səbəb oldu. Əslində söhbət nədən gedirdi?
- İllər boyu mən Şirvan aşıq mühitinin böyük sənətkarlarının ifası ilə yaşamışam. Aşıq Məmmədağadan tutmuş, aşıq Şakirə, aşıq Bəylərə sevə-sevə qulaq asmışam. İndi Abbas Musaxanoğlu, aşıq Əhliman Rəhimov, aşıq Vüqar Mahmudoğlu, aşıq Ağamurad və digərləri ilə dostluğum var. Mən bütün not kitablarımda Şirvan aşıq mühitinin havaları haqqında yazmışam, konsertlərimizdə Şirvan aşıqlarının repertuarından istifadə edirik. Bu halda, mən necə Şirvan məktəbinə kəc baxa bilərəm? Bəzi insanlar özlərini elə aparır ki, guya biz yad millətik, erməniyik, bu sənətin müdafiəçisi təkcə odur, o olmasaydı, guya bu sənət aradan gedəcəkdi. Bax, bu münasibət məni çox incitdi. Onu deyə bilərəm ki, Şirvan aşıqlarının qədim zamanlardan bəri çalğıda elə də məharəti olmayıb. Ancaq sevindirici haldır ki, bu gün Şirvan aşıq mühitinin gəncləri çox gözəl solo saz ifa edir, gözəl barmaqları var. Aşıq Məharət var, çox yaxşı saz çalır. Yəni belə gənclər çoxdur. Mənim bütün fəaliyyətimi araşdırsalar görərlər ki, Şirvan aşıq mühitinə çox böyük hörmət bəsləyirəm.
İradə SARIYEVA
Günel CƏLİLOVA