İçərişəhərdə yeni yaradıcılıq qalereyası - Nur Art House mərkəzi noyabrın 19-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Rəssamlıq fakültəsinin tələbələrinin əl işlərindən ibarət “Gənclik nəfəsi” ilə bakılıların, sənətsevərlərin və qonaqların üzünə qapısını açdı. Tədbiri galereyanın rəhbəri, sənətşünaslıq doktoru, professor, “Şöhrət orden”li Röya Tağıyeva açaraq, qalereyanın mədəniyyətimizə və yetişməkdə olan gənc nəslin yaradıcılığına dəstək məqsədi ilə fəaliyyət göstərəcəyini ifadə etdi. Sərginin açılışında ADMİU-nun rektoru, sənətşünaslıq doktoru, professor Fərəh Əliyeva, Xalq Rəssamı Arif Əziz, Portuqaliyanın Azərbaycandaki səfiri, Türkiyə səfirliyinin nümayəndələri, xarici qonaqlar, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Noyabrın 19-dan 26-dək davam edəcək sərgidə xalçaçılıq, qobelen və batika işləri nümayiş olunur. Məqsəd qədim xalça sənətimizi yetişən nəslin nəfəsində, duyğu və düşüncələrində ənənə və müasirliyin qovuşaraq daha mükəmməl sənət əsərləri yaratmasına nail olmaqdır. Belə nümunələrdən biri artıq toxuma mədəniyyətimizə daxil olan, texnoloji xüsusiyyətlərinə, kompozisiya və milli estetikanın ümumi prinsiplərinə görə xovsuz xalçalara çox yaxın olan qobelen sənətidir. Qobelen qısa zamanda sözün əsl mənasında milliləşdi və estetik mədəniyyətimizin tərkib hissəsinə çevrildi. Gənclərimiz qobelendə hiss, duyğu və düşüncələrini daha parlaq rənglərlə ifadə edirlər. Sərgidə Aynurə Mahmudlu, Jalə Rəfili, Səbinə İsgəndərli, Nərgiz Abbasova, Aysel Süleymanova, Bürhan Qəhrəmanlı, Məryəm Hümbətov, Şəhla Abbasova və s. gənc rəssamların əsərləri nümayiş ediləcək. Qalereya fəaliyyətini milli irsin qorunması, yaradıcılığın himayə edilməsi, mədəniyyətin insan inkişafı amili kimi qəbul edilməsi, tariximizlə bugünümüzün qovuşması prinsipi üzərində qurub və dostluğa, barışa, mədəni əlaqələrin inkişafına yardım etmək niyyətindədir. Röya Tağıyeva bildirdi ki, bu mədəniyyət ocağının məqsədi dekorativ-tətbiqi sənətin və təsviri sənətin bütün sahələrinə aid yaradıcılıq nümunələrinin tanıdılmasına, istedalı gəncləri və uşaqları dəskləmək, onların yaradıcılıq sərgilərinə ev sahibliyi etmək, gənc nəslin zövqündə gözəl sənət növlərimizin inkişafına yardımçı olmaq, həmçinin bu sahədə maarifləndirici konfransların keçirilməsinə, mədəniyyətimizin hər bir sahəsini əhatə edən kitabların təqdimatına, film və videogöstərilərinin izlənməsinə şərait yaratmaqdır. Bundan başqa dünya mədəniyyəti nümunələrinin də sərgilənməsinə ev sahibliyi etməklə yanaşı beynəlxalq qurumlarla birgə mədəni layihələrin həyata keçirilməsinə təşəbbüs göstərməkdir.
Ünvan: İçərişəhər Qəsr küçəsi N: 27 NUR Art House qalereyası Əlaqə tel.: (012) 497 04 54