Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi onu göstərir ki, respublikamızda yaşayan bütün xalqlar azərbaycançılıq bayrağı altında birləşib.
Qədim tarixə malik olan Azərbaycan zəngin mədəniyyətə, yeraltı və yerüstü sərvətlərə malikdir. Ölkəmizdə saysız abidələr, müxtəlif dinlərə mənsub olan məbədlər, ziyarətgahlar mövcuddur. Bu abidələrin hər biri Azərbaycan dövləti tərəfindən qorunur, mühafizə olunur, qayğı ilə əhatə edilir.
Qədim tarixə malik olan məbədlərdən biri də Kiş məbədidir. Məlumatlara görə, Kiş məbədi Azərbaycan ərazisində mövcud olan ən əski alban abidəsidir. Birmənalı olaraq deyə bilərik ki, Kiş məbədi əsl multikulturalizm ocağıdır. Çünki burada bir multikultural əhval hökm sürür.
Kiş məbədi haqqında bilgi verən alimlər bildirir ki, abidə Azərbaycanın Şəki rayonunun Kiş kəndi ərazisində yerləşir. Bu alban məbədinin yaranması haqqında məlumat verən tədqiqatçılar diqqətimizi qədim rəvayətə yönəldir.
Rəvayətə görə, İsa peyğəmbərin din qardaşı müqəddəs Yakov xristianlığı təbliğ etmək üçün müqəddəs Yeliseyi Albaniyaya göndərir. Çola vilayətində missionerlik etdikdən sonra ölkənin Uti vilayətinin Kiş kəndinə gələn müqəddəs Yelisey orada kilsə tikdirir. Kiş məbədi yalnız Qafqaz Albaniyası ərazisində deyil, ümumiyyətlə, Zaqafqaziyada tikilmiş ilk xristian kilsəsidir. Məlumatlara görə, vaxtilə məbədin üzərində onun müqəddəs apostol Yelisey kilsəsi olduğunu və 1244-cü ildə alban kilsəsinin arxiadiakonu Serafim tərəfindən yenidən qurulduğunu bildirən kitabə olub. Qeyd edilənə görə, XIX əsrin 30-cu illərində alban kilsəsi Sinodun qərarı ilə rəsmən ləğv edildikdən sonra, bir çox digər alban məbədləri kimi, bu məbədin də kitabəsi təmiz pozulub.
Tarixçilər yazır ki, bu məbəd əsrlər boyu Qafqaz Albaniyası kilsəsinin dini maarif mərkəzi olub. Maraqlıdır ki, məbədin yerləşdiyi kənd "din, etiqad, pərəstiş" mənasında 2000 ildən artıqdır "Kiş" adlanır.
Kiş Alban Həvari Kilsəsinin tikilmə tarixi haqqında məlumat verən tədqiqatçılar vurğulayır ki, abidə I əsrdən XII əsrə kimi beş tikinti mərhələsi yaşayıb. Alban memarlığı üslubunda inşa edilən abidə Azərbaycandakı tarixi abidələrin milli qeydiyyat siyahısına daxil edilib.
Qafqazın ilk kilsəsi olan Kiş məbədinin müxtəlif dövrlərdə alban, gürcü və erməni kilsəsi kimi fəaliyyət göstərməsi haqqında bəzi iddialar var.
Qeyd edilənə görə, Kiş kilsəsi Ay ilahəsi Selenaya həsr edilən paqan məbədinin özülləri üzərində inşa edilib.
Məlumatlara görə, Albaniyada xristianlığın yayılması, ilk kilsənin yaradılması apostolların adı ilə bağlıdır, qədim mənbələrdə də bu kilsənin Kiş kəndində tikilməsi haqda məlumatlar var.
"Alban ölkəsinin tarixi"ndə göstərilir ki, "Ədalət Günəşi"nin zühur olan günlərində və bizim xilaskarımız, Dərkedilməz Varlığın şöhrət və mahiyyəti olan Atamızın zühur edib bütün insanların qeydinə qalmaqla və heç bir zaman ayrılmadığı öz varlığının şöhrətinə sahib olması zamanında o öz müqəddəs və sevimli şagirdlərini (havarilərini) bütün dünyaya təbliğatçı kimi göndərir və biz Şərq xalqına müqəddəs havari Faddey təyin olunub. Faddey Artaz vilayətinə gəlir və burada çar Sanatürkün əlilə şəhid olur. Faddeyin şagirdi müqəddəs Yelisey Qüds şəhərinə qayıdıb, öz dindaşı havarinin həsəd oyadan şəhidliyi haqda söhbət edir. Bundan sonra Yelisey Qüdsün birinci patriki Ağamızın qardaşı müqəddəs Yakovun tövsiyəsilə müqəddəs Ruh naminə Şərqə təyin edilir. Yelisey öz sərəncamına Şərqi (Albaniyanı) alır. Qüdsdən ayrılıb İrana gedir və oradan ermənilərin gözündən qaçaraq Məsküt elinə keçir. Öz təbliğini o, Çolada başlayır və müxtəlif yerlərdə şagird toplayaraq, onlara xilaskarı andırmağa çalışırdı. Müqəddəs patrik Gisa gəlir, burada kilsə tikir və qansız qurban verir. Bu yer Şərqin bütün kilsələrinin və şəhərlərinin başlanğıcıdır və biz şərqlilərə xristianlığın qəbul edilməsi mənbəsidir".
Tarixçilərin məlumatına görə, 1824-cü ildə Şəki əyalətində əhalinin ilk siyahıya alınması zamanı Kiş kəndində 1 nəfər də olsun xristian, o cümlədən xristian din xadimi qeydə alınmayıb. Rəşid bəy Əfəndiyevin şəhadətinə görə də 20-ci əsrin əvvəllərində Kiş kəndində 1 nəfər də olsun xristian yox imiş, amma o qeyd edir ki, şəhərdə, yəni Nuxa (Şəki) şəhərində məskən salmış Zuğ (Tuğ) erməniləri kilsəni "... mənimsəmişlər və divarının üzünə suvaq vurub üstünə dəmir çəkmişlər. Bu minvalı zahirisini asarü-ətiqəlik (tarixi abidə) halından çıxarmışlar". Rəşid bəy, həmçinin, bu kilsənin "həvarilərdən zamanından qalma" olduğunu vurğulamaqla yanaşı, həm də qeyd edib ki abidənin ətrafında qazıntılar aparılarsa, "gözəl nəticələr verəcəyi şübhəsizdir".
Abidəyə diqqət çəkən alimlər bildirir ki, tədqiqatçıların Yeliseyin kilsə tikmiş olduğu Kiş kəndi haqqında da müxtəlif fərziyyələri var. Z.N.Yampolski həmin yaşayış məntəqəsinin Şəkidə yerləşən Kiş kəndi, R.B.Göyüşov isə bu kəndin Xocavənd rayonundakı Kiş kəndi olduğunu iddia etmişlər.
Alimlər qeyd edir ki, Strabon qədim albanların dini haqqında məlumat verərkən onların Helios, Zevs və Selenaya sitayiş etdiklərini, Selenaya isə xüsusi rəğbət olduğunu yazıb. "Selena məbədi İberiya sərhədləri yaxınlığında yerləşir. Buranın kahini çardan sonra ikinci adamdır. O, geniş və yaxşı məskunlaşmış müqəddəs torpaqları və məbəd qullarını idarə edir".
Z.N.Yampolski e.ə. V əsr - b.e. II əsrlərinə aid mənbələri tədqiq edərək Albaniyada məbəd, Allaha həsr olunmuş vilayətin olduğunu qeyd edib. A.E.Krımski Selena məbədinin Şəki vilayətində yerləşdiyini, K.V.Trever isə Şəki vilayətinin e.ə. I əsrdə İberiya sərhədlərindən uzaqda yerləşdiyini və bu məbədin Qum bazilikasının yerində olduğunu söyləyib.
Alimlər yazır ki, Selena məbədinin yerində Kiş kilsəsini inşa etdirmiş, Şəki yaxınlığında şəhid edilmiş həvari Müqəddəs Yelisey, ikona, Cotaari kilsəsi, Şəki vilayətinin indiki Şəki-Zaqatala bölgəsinin ərazisini əhatə etdiyi nəzərə alındıqda, bu müqəddəs vilayətin məhz Şəki vilayəti olduğu güman edilir. Şəki vilayəti cənub-şərqdə Qəbələ, qərbdə və cənub-qərbdə Kambisena ilə, şimal-şərqdə Lpina ilə həmsərhəd idi. Onun şimal sərhədi İberiyaya kimi uzanırdı. Şəki vilayətinin müqəddəs vilayət olması fikrini təsdiq edən bir fakt da keçmiş Şəki vilayətinin ərazisinə aid olan Şəki-Balakən bölgəsində Qum bazilikası (IV-V əsrlər), Ləkit kilsəsi (V-VI əsrlər), Zəyzid (VI-VII əsrlər) və s. kimi məbədlərin olmasıdır ki, onlar da əvvəllər dini mərasimlər keçirilən köhnə məbəd qalıqlarının yerində inşa edilib. Bu proses Ermənistan və Gürcüstanda da eyni tərzdə baş verib. Ərəblər Azərbaycanı işğal etdikdən sonra onlar da paqan və ya xristian məbədlərinin üzərində məscidlər tikir və ya onları məscidə çevirirdilər. Bunlara misal olaraq İçərişəhərdəki Cümə məscidini və Katuk monastrını (V-XII əsr) göstərmək olar.
Tədqiqatçılar yazır ki, Kiş məbədinin tikilməsi haqda da tədqiqatçıların bir-birilə ziddiyyət təşkil edən fikirləri mövcuddur. 2000-2001-ci illərdə Kiş məbədində aparılmış arxeoloji qazıntılarda arxeoloq-məsləhətçi kimi Norveç tərəfini təmsil edən professor Bernar Sturfiel məbədin XI- XII əsrlərdə tikildiyini iddia edir. O öz fikrini aşağıda göstərilmiş üç mülahizə əsasında sübut etməyə çalışıb:
I. Kiş məbədinin tikintisi zamanı bünövrə qazılmış torpaq qatından götürülmüş nümunələrin radiokarbon analizinin nəticələrinin 990-1160-cı illərə aid olduğunu əsas gətirərək məbədin bünövrəsinin ən aşağı qatının da bu vaxt salındığına;
II. Məbədin ən aşağı qəbirlərinin bu əraziyə gəlmiş ilk xristianlara məxsus olduğunu və bu qəbirlərdəki insan sümüklərinin radiokarbon analizinin nəticələrinin 980-1060-cı illər olduğundan, Kişə xristianların göstərilən tarixdə gəldiklərinə;
III. Mehrabın arxeoloji tədqiqindən əldə olunan nəticələr Kiş məbədinin 3 mərhələdən ibarət fəaliyyət dövrünün I mərhələsində diofizit, II-III mərhələlərində isə monofizit təriqətinə riayət etdiyinə əsaslanaraq məbəd apostollar tərəfindən deyil, XI-XII əsrlərdə gəlmə xristianlar tərəfindən tikilib.
Yazılanlara görə, digər Norveç alimi Byon Veqqi Kişdə xristianlığın mövcudluğunu təsdiqləyən yazılı mənbənin V əsrdən qədim olmadığına əsaslanaraq məbədin də tikilməsini bu tarixdən sonraya aid olduğunu qeyd edib.
Məlumatlara görə, 2000-2001-ci illərdə Kiş məbədində aparılan arxeoloji qazıntılara rəhbərlik etmiş memarlıq doktoru Vilayət Kərimov arxeoloji qazıntıların nəticələrinə əsaslanaraq Kiş məbədinin sadə təknefli bazilikadan günbəzli memarlığadək 5 tikinti mərhələsini müəyyənləşdirib. Professor V.Kərimov qeyd edir ki, Kiş məbədinin memarlıq xüsusiyyətləri Qafqaz Albaniyası memarlığının ilkin xristian mərhələsinə aiddir.
Tədqiqatçılar abidənin memarlıq xüsusiyyətlərini də açıqlayıb. Belə ki, sadə birnefli plan əsasında inşa edilmiş Kiş kilsəsi, günbəzlə örtülmüş zal formalı kilsələr qrupuna aid olmaqla, şərq tərəfdən yarımdairəvi apsida ilə tamamlanır. Kilsənin planlaşdırma həlli erkən orta əsrlər Qafqaz Albaniyası memarlığı üçün xarakterik xüsusiyyətlərə malikdir. Bir qədər uzun ibadət zalı bir cüt pilyastrla iki hissəyə bölünür. Şərq tərəfdən zala altar apsidası birləşir. Pilyastrlar vasitəsilə T-formalı məkan kəsişən arkaların saxladığı tağvari damla örtülür. Apsidanın triumfal arkası da bu cür həndəsi quruluşa malikdir. Yan divarların pilyastrlar və apsida arasındakı dərin hissələri də analoji görünüşə malik ikimərtəbəli arkalarla tamamlanır. Dörd arka vasitəsilə formalaşdırılmış düzbucaqlı sferik parusların köməyi ilə barabanın oval təməlinə keçir, bu təməl üzərində günbəz yüksəlir.
Tədqiqatçılar vurğulayır ki, kilsənin ən maraqlı xüsusiyyətlərindən biri ibadət zalının düzbucaqlı həcminə birləşən yarımsilindrik altar apsidasıdır. Digər bir mühüm cəhət isə yan divarların günbəzaltı hissəsində yerləşən və xaç-günbəz formalı kilsələrin transeptini xatırladan divar tağları əmələ gətirən üçbucaqlı formaya malik hissələrdir. Bu cür psevdotransept nəinki Qafqaz Albaniyası memarlığı, eyni zamanda Qafqaz ölkələri memarlığında unikal haldır.
Kilsə iri əhəngdaşı bloklarından inşa edilib. Pəncərə kənarları üçhissəli yarımdairələrlə əhatələnib ki, onların da ortada olanı kənarda olanlardan iki dəfə enlidir. Barabanın yarımsilindrik həcmi təməldə və karnizdən bir qədər aşağıda yarımdairəvi profilə malikdir. Binanın indiki planlaşdırma həlli altar apsidası ilə birlikdə IV-V əsrlərdə formalaşmış, sonrakı dövrdə günbəz inşa edilib.
(Ardı var)
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.