Azərbaycan ədəbiyyatının, fəlsəfi fikir tarixinin elə simaları var ki, onlar hər zaman xatırlanır. Demək istəyirik ki, o şəxsiyyələr üçün zaman anlayışı yoxdur, çünki hər zaman xatırlanırlar. Milli-mənəvi dəyərlərin və bədii təfəkkürün zənginləşdirilməsində xidməti olan dahilərin irsi bizə böyük örnəkdir.
24 oktyabr tarixində dünyaya gələn dahi şair və dramaturq, milli romantizmin banisi Hüseyn Cavid öz zəngin bədii-fəlsəfi irsi ilə Azərbaycan ədəbiyyatı tarixində mühüm rol oynayan şəxsiyyətdir. Məlumdur ki, dahi şairin əsərləri məktəbli yeniyetmələrin milli-mənəvi tərbiyəsində, ədəbiyyatımızın və azərbaycançılıq məfkurəsinin təbliğində ədəbi-fəlsəfi mənbə kimi xüsusi aktuallıq kəsb edir. Hüseyn Cavid də xalqımızın yetirdiyi böyük söz sənətkarları və mütəfəkkirləri kimi, özündən əvvəlki mədəni-mənəvi xəzinəni mənimsəyib və öz ölməz fikir və obrazları ilə daha da zənginləşdirib. Məhz bu səbəbdən dahi Hüseyn Cavidin zəngin irsinin yeniyetmə və gənclər arasında təbliğini məqsəd kimi qarşıya qoymuş layihənin reallaşdırılması Azərbaycan ədəbiyyatının təbliğinə böyük töhfə olacaq. Hüseyn Cavid elə bir şəxsiyyətdir ki, onun yaradıcılığı bütün nəsillər üçün ideya mənbəyidir.
Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov qeyd edir ki, türkçülük ideyalarının alovlu tərənnümçülərindən biri də Hüseyn Cavid olub. Alim vurğulayır ki, onun əsərlərində türkçülüklə azərbaycançılıq vəhdət təşkil edir. Alim filologiya elmləri doktoru Aybəniz Kəngərlidən sitat gətirir: "XIX yüzilin sonu, XX yüzilin əvvəllərində yetişən türkçülər nəslinin görkəmli nümayəndələrindən biri kimi Hüseyn Cavid təkcə Azərbaycan türkləri üçün yazmırdı, bütün türk dünyası üçün yazırdı, Cavid üçün türklük bir bütöv idi, tam idi. Ümumtürk ədəbi dilinin nə olduğunu anlamaq üçün Hüseyn Cavid əsərlərinin dilinə baxmaq kifayətdir".
Filologiya elmləri doktoru A.Kəngərli qeyd edir ki, Hüseyn Cavid üçün vahid türk ədəbiyyatı, vahid türk mədəniyyəti vardı və o ədəbiyyatın, mədəniyyətin içində Hüseyn Cavid vardı: "Şəxsən mənə görə, Hüseyn Cavidsiz türk mədəniyyəti ola bilmədiyi kimi, türk milləti də ola bilməz. İsmayıl Qaspıralını, Məmməd Əmin Yurdaqulu, Ziya Göyalpı oxuyan, tanıyan, canü-könüldən sevən Osmanlı türkünün Hüseyn Cavidi də onlar qədər tanımaması nə qədər acıdır, ağıla, məntiqə sığmayan bir şeydir...".
V.Ömərov qeyd edir ki, Cavid ömrü türklük üçün, türklük yolunda yaşanmış ömürdür və bu həqiqəti hər bir türkün anlaması gün işığı kimi aydın bir zərurətdir...
Qeyd edilənə görə, millət öz böyüklərini tanıyanda böyük olur. Millət Hüseyn Cavid kimi dahilərə malik olduğunu anlayanda, onları sevməyi, dəyərləndirməyi bacaranda millət olur.
Alim yazır ki, XX əsrin 60-cı illərində pantürkist damğası vurulduğu zaman Azərbaycan mühacir ədəbiyyatşünası Mustafa Haqqı Türkəqul "Azərbaycan türk şairi Hüseyn Cavid" adlı dəyərli bir əsər yazıb onu bir daha Türkiyəyə tanıtdı: "A.Kəngərli 60-cı illərdə Mustafa Haqqı Türkəqul Osmanlı türkünün də türklüyün Hüseyn Cavid adlı böyüyünü, türk qanlı, türk imanlı əzəmətli dahisini tanımamasını yolverilməz saymışdı və gec də olsa, Cavidi Osmanlı türkünə tanıtmaq işini boynuna götürmüşdü.
Müəllif kitabı, sadəcə, "Azərbaycan türk şairi Hüseyn Cavid" adlandırmışdı və o tamamilə haqlı idi. Çünki Cavid təkcə Azərbaycan şairi deyil və sayıla da bilməz, Cavid bütün türklüyə məxsusdur, Cavid türk şairidir, bütün türklərin də onu öz milli şairi kimi tanıması, sevməsi təbiidir, vacibdir" - deyə yazır. Mustafa Haqqı bəy "Azərbaycan türk şairi Hüseyn Cavid" əsərini yazanda, bu işi görmək o qədər də asan deyildi - ən azı Cavid haqqında elementar qaynaq, bilgi əldə etmək problemi buna imkan vermirdi. Yəni müəllif bu əsəri bizə məlum olan zəngin qaynaqlar əsasında yazmayıb. Amma bütün o məhdud imkanlar daxilində Mustafa Haqqı bəyin əsəri uğurlu alınmışdı və o, Hüseyn Cavidi olduğu kimi tanıtmağa, qismən də olsa, müvəffəq olmuşdu.
AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov Hüseyn Cavidin pantürkist damğası ilə 1937-ci ildə həbs edilib sürgün edildiyinə işarə edərək, onu ümumiləşmiş hadisə kimi təqdim edib yazır: "O dövrdə yaşayan dahilərin simvolikləşmiş qürub məqamına - 1937-ci ilə nəzər salmaq istərdik. Nə qədər işıqlı həyatların sonu olan, özü ilə nə qədər parlaq simaları yaradıcı dünyadan qoparıb aparan tarix salnaməsində şəxsiyyətlərin və milliyyətlərin taleyinə qəsd məqamı kimi qalan acılı-ağrılı həmin 37-ci il, sən demə, təkcə Sovetlər çərçivəsində yox, bütün planetdə - Şərqdə və Qərbdə, Şimalda və Cənubda - hər yerdə öz məşhum missiyasını yerinə yetirirmiş".
V.Ömərov yazır ki, həmin bu dəhşətli ildə Avropada faşizmin timsalında gələcək faciələrin təməli qoyulurdu. Hərbiləşmiş qüvvələr təpədən-dırnağa qədər silahlanmış, beyni zəhərli gənclər təkcə yəhudiləri deyil, bütün parlaq düşüncə sahiblərini sıxışdırıb qovmaqdan, qətlə yetirməkdən həzz alırdılar. Haqq sözünü deməyə çalışanlar Avropanın mərkəzində bir yolla, Sovetlərdə isə başqa yolla təqib olunurdular, mahiyyət isə eyni idi. İşıqlı simalar qaba qüvvətin, diktaturanın qəzəbinə tuş gəlmişdi. Böyük düşüncə adamları, söz sahibləri ya qətlə yetirilir, ya da Avropanın mərkəzindən Qərbə, oradan da Amerikaya - uzaq Qərbə doğru, Sovetlərin mərkəzindən isə Uzaq Şərqə - Sibir çöllərinə doğru sıxışdırılırdılar.
V.Ömərov vurğulayır ki, lakin hadisələr formaca eyni, simmetrik olsa da, nəticələr fərqli oldu: "Uzaq Şərqə sürgün edilənlər "qaranlıq" dünyasına, uzaq Amerikaya qaçıb gedənlər isə "işıq" dünyasına düşdülər. Kimlərsə yaradıcılıqdan məhrum edildi, kimlərsə yaradıcılıq üçün daha əlverişli bir mühitə düşdü. Qərbin yeni inkişaf potensialı yarandı və onun ağırlıq mərkəzi Avropadan Amerikaya köçdü. ABŞ-ın timsalında bu gün dünyada ən böyük güc mərkəzi olan ifrat Qərb ideologiyası və texnologiyası formalaşdı. Sibir sindromu isə qoca Şərqin dərdlərinə daha bir dərd gətirdi.
Bu gün nə Hitler var, nə də Stalin. Lakin parlaq simaların Şərqdən Qərbə axını yenə də davam edir. "SS" və "ÇK" öz işini gördü, getdi. Lakin əsası hələ o vaxt qoyulan proseslərin təsiri hələ də tam silinib getməyib. Bu gün dünya ikiqütblü yox, birqütblüdür. Şərqə sürgün edilənlər yoxdur, ancaq Qərbə "könüllü" gedənlər var və bu yolun yolçuları yenə də işıqlı simalar, parlaq zəka sahibləridir. Bu gün bu prosesin adı dəyişib -"ağılların axını" olub.
Həmin 1937-ci ildə Cavid Uzaq Şərqə sürgün edilmiş, könüllü Uzaq Qərbə gedən M.İqbal isə ömrünü könüllü başa vurmuşdu. Cübran və Cabbarlının isə bu müdhiş ili gözləməyə hövsələləri çatmamışdı. Lakin bu şəxsiyyətləri birləşdirən sadəcə il deyil, həyat amalı, tale yolu, ideya yaxınlığıdır".
V.Ömərov bildirir ki, bu fikirlər S.Xəlilova aiddir. O, həmçinin, vurğulayır ki, Şərqin böyük mütəfəkkirləri ilə müqayisə etdikdən sonra Cabbarlı və Cavidi müqayisə edərək, S.Xəlilov yazıb ki, biri ideyalar, mahiyyətlər dünyasında qərar tutur və yerdəkilərə sadə bir təzahür kimi baxır, o biri yerdə olanların zahiri pərdəsini götürməklə mahiyyəti də, ideyanı da gerçək həyatın özündən intixab etməyə çalışır. S.Xəlilov yazıb: "Əslində, hər iki dahi eyni bir yolu qət edir. Biri səmadan enir, o biri səmaya yüksəlir. Biri həyatın ali məna zirvəsindən həyatın dibinə işıq salır, o biri həyatın dibindən onun ali mənasına doğru insanlarla birlikdə çox çətin bir yüksəliş yolu keçməyə çalışır. Yollar eyni olsa da, səmtlər bir-birinin əksinədir. Əvvəlcə özü nura çatıb, insanlara nurdan pay verməklə, insanlarla birlikdə nura doğru yürüş etmək fərqli hadisələrdir. Lakin istiqamətlər fərqli olsa da, məqsədlər, məramlar eynidir.
Bəli, hər iki ədib həm böyük mütəfəkkir, filosof, həm də gözəl sənətkardır. Lakin kim əvvəlcə filosofdur, kim əvvəlcə sənətkar? Bax, əsas fərq də burada üzə çıxır.
Cavid isə əvvəlcədən filosof idi. O yüksək təhsil görmüş, bir sıra fəlsəfi təlimlərdən xəbərdar olan və öz fəlsəfi konsepsiyası, ideyaları olan və bu ideyaları bədii yolla, sənət vasitəsilə çatdırmaq istəyən bir sənətkar idi. Cavid birbaşa yüksək mərtəbədən başlayır. İdeyalardan başlayıb həyatın özünə doğru gəlir.
Cabbarlı bir təbiətşünas alim, eksperimentator səyi, entuziazmı ilə yaşadığı maddi dünyanın iç üzünü axtarır, qırır, dağıdır, sökür, yenidən qurur, yenidən sökür, bütün daxili qatları alt-üst edir, açıb bizə göstərir, lakin yenə əsil mahiyyət deyil, yeni bir pərdə, yeni bir illüziya, yeni bir riya, yeni bir saxtakarlıq, haqsızlıq üzə çıxır... Bəs haradadır həqiqət? Bəs mahiyyətə necə çatmaq olar? Bax, bu suallar bütün aydınlığı ilə gözlərimiz önündə canlanır, lakin elə bil ki, cavab tapılmır. "Sevil"də çadranın atılması və guya mahiyyətin, həqiqətin üzə çıxarılması, "Oqtay Eloğlu"nda pərdənin sökülməsi, divarların iç üzünün göstərilməsi, "Od gəlini"ndə hətta paltardan da xilas olmaq, adət-ənənənin də buxovlarından azad olmaq, islamın da ehkamlarına qarşı çıxmaq cəhdləri - mütləq azadlıq axtarışları... Bütün bunlar, təbii ki, uğurla nəticələnmir. Onda nədir bu axtarışların mənası? Məna elə axtarışın uğursuzluğundadır. Mənfi cavab da bir cavabdır.
Cavid isə lap əvvəlcədən mahiyyət qatında əyləşib bizim bu fani (maddi) dünyada kölgələrin oyununu izləyir. Lakin oxucu həmin bu fani dünyanın içində olduğundan, onu mahiyyət qatına qaldırmaq, ideyalar aləminə yüksəltmək və buradakı mətləbləri ona çatdırmaq o qədər də asan iş deyil.
Cavid üçün əsas məqsəd ideyanı çatdırmaqdır. Bədii üsul və təhkiyə ola bilsin ki, hətta təsadüfi seçilmiş vasitələrdir. Yəni əsas inkişaf xətti ideya ilə bağlı olduğundan, hadisələr sonradan seçilir və bu ideyanın təkamülünə uyğunlaşdırılır. Cavid irəlicədən qoyduğu bir fəlsəfi ideyanın bədii yolla açılışına çalışarkən cari, gerçək hadisələrdən daha çox tarixi mövzulara və rəvayətlərə müraciət edir. Bu mövzular ümumbəşəri mövzulardır. Konkret zaman və məkanla bağlı deyil. Hətta tarixdə həqiqətən məlum olan hadisələr də konkret zaman-məkan müəyyənliyindən, dövrün spesifik xüsusiyyətlərindən, milli etnoqrafik mündəricədən azad olunur, bütün bunlar ancaq rəmzlərlə təqdim edilir və təhkiyə ancaq ideyanın açılışına xidmət edir. Sanki bədii xarakter də, milli kolorit də arxa plana keçir və ideyanın inkişaf yolunu kölgədə qoymamaq üçün bir fon rolunu oynamaqla kifayətlənir. Yəni Caviddə hadisələr ikinci plandadır, fokusdan kənardadır və burada hər hansı detalın elə bir əhəmiyyəti yoxdur. Məhz ona görədir ki, maddi realizm müstəvisində, konkretlik prizmasında Cavid yaradıcılığı tənqidə tab gətirmir".
Qeyd edilənə görə, Mustafa Haqqı Cavidin sovet rejimi zamanı milliyyətçi və vətənpərvər ideyaları təbliğ etdiyinə görə təqib edildiyini göstərir: "Leninin Çarlıq Rusiyası məhkumu millətlərə "Təyini-müqəddərat" haqqı vəd etməsinə rəğmən, məlum olduğu üzrə, bolşevik orduları 1920-ci ilin aprelində Azərbaycanı işğal etdilər". Bu zaman Cavid Azərbaycanın mərkəzi Bakı şəhərində idi. Buna görə də işğalın ilk anından etibarən Azərbaycanın mərkəzində cərəyan edən hadisələrin şahidi olmuşdu. Azərbaycanın rus orduları tərəfindən yenidən işğalı hər kəs üçün gözlənilməz bir hadisə oldu. Bu hadisə yalnız Cavid kimi milliyyətçi və vətənpərvər münəvvərləri deyil, hətta Azərbaycanın işğalında bolşeviklərə ön ayaq olmuş yerli kommunistləri belə şaşırtdı. Çünki işğalın ilk günlərindən etibarən Azərbaycanın muzeyləri, kitabxanaları, bank və s.-ləri yağma edilib Moskvaya daşınır, Azərbaycanın minlərcə yurdsevər övladları sorğusuz-sualsız öldürülürdü. Kommunist işğalçıların ilk gördüyü işlərdən biri də bütün mətbuata əl qoymaq və nəşr edilən hər dürlü qəzet, dərgi, broşur və kitabları sıxı senzuraya tabe etmək oldu. Belə bir vəziyyətdə bir çox azərbaycanlı yazarlar kimi Cavidə də susmaqdan başqa bir şey qalmırdı...".
Dahi Hüseyn Cavid vətən üçün çox böyük işlər görüb. Onun yaratdığı söz xəzinəsi azərbaycançılıq və türkçülüyün vəhdətindən möhtəşəm abidəyə çevrilib.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.