Oktyabrın 8-də Müslüm Maqomayev adına Filarmoniyada Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Aşıqlar Birliyinin birgə təşkil etdiyi "Çiçəklən, ana yurdum" adlı böyük tədbir keçiriləcək.
Aşıqlar Birliyinin katibi, əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu "Bakı-Xəbər"ə bildirdi ki, nazirlik rəsmilərinin və AAB-nin sədri, əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının da qatılacağı tədbir Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyinə həsr olunur. Tədbirdə müstəqillik dövründə mədəniyyətimizin inkişafına, onun ayrılmaz tərkib hissəsi olan aşıq sənətinə dövlət səviyyəsində göstərilən qayğı və diqqət sayəsində aşıq sənətinin keçdiyi böyük inkişaf yoluna nəzər salınacaq, respublikamızın müxtəlif bölgələrini təmsil edən aşıqlar geniş konsert proqramı ilə çıxış edəcək. Tamaşaçılar aşıqlardan əməkdar mədəiyyət işçiləri Əhliman Rəhimov, Ağamurad İsrafilov, Samirə Əliyeva və Nemət Qasımlının, eləcə də Altay Məmmədli, İlham Aslanbəyli, Bəhmən Göyçəli, Şaiq İncəli, Vüqar Mahmudoğlu, Əli Tapdıqoğlu, Zülfiyyə İbadova, Kəmalə Qubadlı, Qələndər Zeynalov, Tural Bağırov, Nəbi Nağıyev və digərlərinin, həmçinin, "Misri", "Çeşmə" və "Laçın" folklor qruplarının, Kəlbəcər aşıqlar ansamblının ifasında çeşidli aşıq havalarını dinləyəcək.
İradə SARIYEVA