Multikultural ənənələrə sadiq olan Azərbaycan ölkəmizdə yaşayan bütün xalqların, dinlərin nümayəndələri üçün rahat, azad bir ölkədir. Tolerantlıq və multikulturalizmin beşiyi olan Azərbaycanda bütün xalqlar azərbaycançılıq ideologiyası ətrafında birləşib. Müxtəlif mədəniyyətlərin qovuşduğu ölkəmizdə yaşayan hər bir xalqın təmsilçisi özünü bir azərbaycançı sayır.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının bir sıra bölgələri var ki, orada bir neçə xalqın nümayəndəsi çəpər-çəpərə, işıq-işığa yaşayır. Belə məkanlardan biri də Qax rayonudur. Bu rayonda bir sıra xalqlar əminamanlıq, mehribanlıq şəraitində yaşayır.
Tarixi mənbələrdə olan məlumatlara görə, 1872-ci ildə dərc olunan və 1869-cu il əhalinin kameral siyahıya alınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən, Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Qax kəndində milli tərkibi muğallardan və ingiloylardan ibarət 160 ailə yaşayıb. Qeyd edilir ki, müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstan xalqlarının nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilib.
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən, rayonda 3.490 təsərrüfatda hər iki cinsdən toplam 13.793 nəfər əhali yaşamaqdadır.
Qeyd edək ki, Rayon Mədəniyyət və Turizm Şöbəsi 1949-cu ildə Mədəniyyət şöbəsi kimi təşkil edilib. İlk şöbə müdiri Abdurahman Hacıyev olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30.01.2006-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılıb. Hazırda Rayon Mədəniyyət və Turizm Şöbəsinin şəbəkəsində 96 müəssisə və 1 abidə mühafizəçiləri qrupu fəaliyyət göstərir. 49 kitabxana, 23 mədəniyyət evi, 17 klub, Heydər Əliyev Mərkəzi, 2 muzey (Tarix Diyarşünaslıq Muzeyi, İ.Dağıstanlı xatirə muzeyi), İlisu Tarix Mədəniyyət Qoruğu, Rəsm Qalereyası və İncəsənət Məktəbində ümumilikdə 506 nəfər işçi çalışır.
Hazırda rayonda 2 mehmanxana, "Şəfa" istirahət və müalicə pansionatı, İlisu pansionatı, "Yaşıl park", "Ulu", "İmproteks", "Ulu dağ" turizm və istirahət mərkəzləri və "Edem" Park otel, "Səngər qala" istirahət mərkəzi, "El Resort" beşulduzlu otel turistlərə xidmət işini həyata keçirir. Turizm obyektlərində yerlərin sayı 600-ə çatdırılıb. 2011-ci ildə 15 minə yaxın turist istirahət etmişdirsə, 2012-ci ildə bu rəqəm 20 minə yaxın olub.
Bildiyimiz kimi, Qax, eləcə də burada mövcud olan abidələr, məbədlər Azərbaycan multikulturalizminin nümunələri kimi azərbaycançılıq ideologiyasının ayrılmaz parçasıdır. Məlum olduğu kimi, Azərbaycan tarixinin qədim və erkən dövrlərini əhatə edən Qafqaz Albaniyası ölkə ictimaiyyətinin marağındadır. Qeyd edək ki, tariximizin bu dövrü Azərbaycan tarixçiləri və arxeoloqları tərəfindən diqqətlə öyrənilir, tariximizin açılmamış səhifələri araşdırılır. O da məlumdur ki, Prezident İlham Əliyevin 2016-cı ili "Multikulturalizm ili" elan etməsi bu istiqamətdə aparılan tədqiqatlara marağı daha da artırıb.
Mətbuatda verilən məlumata görə, tədqiqatçıların əldə etdiyi elmi nəticələri tələbələrin və ölkə ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə 23-24 aprel tarixlərində Qax rayonuna respublikanın bir qrup alim və tələbələrinin "Azərbaycanın maddi-mədəni irsi - Alban Apostol Kilsəsi Qafqazın ən qədim kilsəsidir" layihəsi çərçivəsində səfəri təşkil olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən mətbuata verilən məlumatda qeyd edilirdi ki, aprelin 23-də səfər iştirakçıları Qax Rayon Diyarşünaslıq Muzeyi ilə tanış olublar. Sonra "Azərbaycan multikulturalizmi" proqramı çərçivəsində Qax rayonu Heydər Əliyev Mərkəzində "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" və "Azərbaycanın maddi-mədəni irsi-Kürmük Alban məbədi" kitablarının təqdimatı keçirilib və "Kürmük Alban məbədi Azərbaycanın maddi-mədəni irsidir" mövzusunda "dəyirmi masa" təşkil olunub. "Dəyirmi masa"da AMEA-nın alim-arxeoloqları və memarları Azərbaycan multikulturalizminin qədim laylarından olan alban abidələri haqda apardıqları araşdırmalar əsasında tədbir iştirakçılarına maraqlı məlumatlar veriblər.
Səfərin ikinci günündə iştirakçılar Azərbaycanın maddi-mədəni irsi olan Qafqaz Albaniyasının abidələrinə səyahət ediblər. Məlumatlara görə, səyahət tarix üzrə fəlsəfə doktoru Mübariz Xəlilov, yerli ziyalılar - Qax Rayon Diyarşünaslıq Muzeyinin müdiri Mahir Əfəndi və 2 saylı Qax beynəlmiləl orta məktəbinin tarix müəllimi Vidadi Şıxəmirovun bələdçiliyi ilə keçib, Azərbaycan Respublikasının ali məktəblərində təhsil alan bir qrup tələbə və professor-müəllim heyəti erkən orta əsrlər dövrünə aid olan Qum kəndində yerləşən Qum məbədi, Ləkit kəndində yerləşən Ləkit dairəvi məbədi, Yeddi kilsə, Əmbərçay kəndində yerləşən Kürmük alban məbədləri ilə tanış olublar. Səyahət zamanı bələdçilər səfər iştirakçılarına Azərbaycanın irsi olan alban abidələri haqqında məlumat verib. Məlumatda qeyd edilir: "Bu məbədlər Azərbaycanın köklü əhalisi müklər-albanlar tərəfindən inşa edilib və Azərbaycanın maddi-mədəni irsidir. Azərbaycan multikulturalizminin tarixi köklərinə aid olan bu abidələr arxeoloji turizmin inkişafı üçün böyük əhəmiyyət daşıyır".
Xatırladaq ki, Qax rayonunda maraq doğuran, azərbaycançılığın beşiyi olan məkanlardan biri də otuz ildən artıqdır fəaliyyət göstərən Qax Rayon Tarix-Diyarşünaslıq Muzeyidir. Bu muzey öz zəngin fondu ilə başqalarından seçilir. Məlumatlara görə, muzeydə Qax rayonunun 5 min illik tarixindən soraq verən, tarixi və elmi əhəmiyyətə malik 11 mindən artıq eksponat, əşya mühafizə, tədqiq və təbliğ olunur. Fond əşyalarının tam mühafizəsini təmin etmək məqsədilə eksponatlar haqqında məlumatlar elektron daşıyıcılara daxil edilib. Son illər muzeyin ekspozisiyasının tarixi əhəmiyyət kəsb edən eksponatlarla zənginləşdirilməsinə diqqət daha da artıb.
Muzeyin direktoru Mahir Əfəndi AZƏRTAc-a bildirib ki, Lələli kəndi yaxınlığında yerləşən, eramızdan əvvəl I minillikdən eramızın XVII əsrinədək olan tarixi dövrü əhatə edən "Lələli-Torpaqqala" yaşayış məskənində və Lələli nekropolu ərazisində aparılan arxeoloji kəşfiyyat işləri zamanı tapılmış 10 əşya artıq rayon muzeyinin əsas fonduna götürülüb. Muzeyin ekspozisiya salonunda sərgilənən, Yaloylutəpə mədəniyyətinə (eramızdan əvvəl III-I əsrlər) aid edilən əşyalar - üçayaqlı vazalar, novalça boğazlı gil qablar, içərisi cızma xətlərlə naxışlanmış boşqab və digər əşyalar muzeyə gələnlərin xüsusi marağına səbəb olur. Bu əşyalar həmin ərazidə yaşayan əhalinin oturaq həyat sürdüyünü, əkinçilik və maldarlıqla məşğul olduğunu sübut edir.
Onu da vurğulayaq ki, UNESCO-nun Beynəlxalq Muzeylər Şurasının qərarı ilə mayın 18-i dünyanın hər yerində Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Şuranın tövsiyəsi ilə 2015-ci ildə keçirilən tədbirlər "Muzeylər və sabit cəmiyyətin inkişafı" mövzusuna həsr olunub.
Məlumatlara görə, 2015-ci il mayın 16-dan 18-dək Qax Rayon Tarix-Diyarşünaslıq Muzeyində "Açıq qapı günü" elan olunub.
Muzeyin direktoru Mahir Əfəndinin dediyinə görə, aksiyanın keçirilməsində əsas məqsəd muzeylə əhali arasında birbaşa əlaqənin yaradılmasına nail olmaqdır.
Aksiya çərçivəsində 3 gün ərzində rayonun ayrı-ayrı məktəb kollektivlərinin muzeyə ekskursiyaları təşkil olunub, ziyarətçilərə muzeyin fəaliyyəti, rayonun tarixi ilə bağlı maraqlı məlumatlar verilib.
Məlumatlara görə, beş yüzə yaxın eksponatla fəaliyyətə başlayan Qax Rayon Tarix-Diyarşünaslıq Muzeyində hazırda rayonun qədim tarixindən soraq verən yüzlərlə tarixi eksponat var. Bunların hər biri bir azərbaycançılıq, multikultural mədəniyyət nümunəsidir. Tədqiqatçılar vurğulayır ki, Qaxın qədim tarixini özündə əks etdirən Tarix-Diyarşünaslıq Muzeyi bura gələn turistlərin və qonaqların ən çox ziyarət etdiyi yerlərdən biridir.
Yeri gəlmişkən, Qax Tarix-Diyarşünaslıq Muzeyi Azərbaycan KP MK-nın iyul 1979-cu il tarixli plenumunun qərarına uyğun olaraq tarix-ölkəşünaslıq muzeyinin bazasında, Azərbaycan SSRİ Nazirlər Sovetinin 13 avqust 1981-ci il tarixli 445 saylı Sərəncamına əsasən yaradılıb. Muzeydə Qax rayonunun 5000 illik tarixindən soraq verən 10798 ədəd tarixi və elmi əhəmiyyətə malik əşya mühafizə, tədqiq və təbliğ olunur. Qax Rayon Tarix-Diyarşünaslıq Muzeyi rayonun daşınan tarixi abidələri, elmi təbiət kolleksiyalarını və bədii kolleksiyaları, müəyyən coğrafi və inzibati əraziyə aid xalq sənəti nümunələrini toplayan, mühafizə edən elmi-tədqiqat və mədəni-maarif müəssisəsidir. Məlumatlara görə, 8 zaldan ibarət muzey ekspozisiyası ilə hər il minlərlə tamaşaçı yaxından tanış olur. Milli-mənəvi dəyərlərin təbliği məqsədilə muzey əməkdaşları tərəfindən davamlı olaraq arxeoloji və etnoqrafik kolleksiyalar əsasında stasionar və səyyar sərgilər təşkil olunur.
Qeyd edilənə görə, Qax multikultural dəyərinə görə olduqca zəngin bir rayondur. Burada yaşayan xalqların, mövcud olan mədəniyyətlərin timsalında, simasında azərbaycançılığın izləri, tarixi keçmişi, bu günü yaşayır. Qax gerçək bir azərbaycançılıq, multikulturalizm mərkəzidir. Qax Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarının timsalında qeyd etdiklərimiz öz təsdiqini tapır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.