Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində iyunun 26-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 4,5 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və xeyli sayda çətənə kolu polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb, həmçinin yabanı halda bitmiş, çəkisi 4 tona yaxın 6 min ədədə qədər çətənə kolu məhv edilib.
Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yasamal rayonu ərazisində saxlanan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Həsən Həsənovdan 3 qrama yaxın heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə polis əməkdaşları tərəfindən onun Sabunçu rayonunun Nardaran qəsəbəsindəki evinə baxış zamanı isə əlavə olaraq çəkisi 1 kiloqram 510 qram olan heroin götürülüb.
Araşdırmalarla onun Cinayət Məcəlləsinin 206 (Qaçaqmalçılıq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə axtarışda olması da müəyyən edilib.
Baş Narkotiklərlə Mübarizə İdarəsi və Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə Əsgərbəyli kənd sakini Mehman Süleymanovun həyətindəki yarımtikilidən kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu, 2 kiloqram 700 qram maruxuana, habelə müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng aşkar edilərək götürülüb.
Baş Narkotiklərlə Mübarizə İdarəsi və Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Əhmədbəyli kənd sakini Vəfadar Namazovun həyətindən də kultivasiya yolu ilə yetişdirilmiş 20 ədəd çətənə kolu götürülüb.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Türkan qəsəbə sakini Ağəli Nadirovun həyətyanı sahəsindəki istixanadan kultivasiya yolu ilə yetişdirilmiş 51 ədəd çətənə kolu, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları Yolqulular kənd sakini, əvvəllər məhkum olunmuş Elçin Rəcəbovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu, evindən isə 25 qrama yaxın marixuana götürüb.
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları Nic qəsəbəsi ərazisindən yabanı halda bitmiş, çəkisi 4 tona yaxın 6000 ədəd çətənə kolunu yığaraq yandırma yolu ilə məhv edib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı