Nicat Əlibəyli: “… cərimələr tətbiq olunmalıdır”
Gündəlik olaraq Bakıda, yaxud da regionlarda kiminsə evinin, əmlakının bu və ya digər səbəblərdən qismən və ya tamamilə yanması ilə bağlı xoşagəlməz xəbərlər eşidirik. Mülk sahibləri evlərinə dəymiş ziyanı dilə gətirsələr də, heç bir yerə müraciət edə bilmirlər. Çünki ölkədə əhalinin əmlakı sığorta etməyə həvəsi yoxdur.
Bu günlərdə “Diqlas” ticarət mərkəzinin tam şəkildə yanması əmlakın icbari şəkildə sığortalanması məsələsini yenidən gündəmə gətirdi. Əmlakını icbari qaydada sığortalamayan şəxslərə qarşı tətbiq olunan cərimələrin sərtləşdirilməsi təklif olunur.
Qeyd edək ki, ölkədə 2011-ci il iyunun 24-də "İcbari sığortalar haqqında" Qanun qəbul edilib. 2012-ci il yanvarın 1-dən tətbiqinə başlanan qanun hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, eləcə də avtomobillərin icbari qaydada sığortalanmasını nəzərdə tutur.
Buna baxmayaraq, vətəndaşlar hələ də əmlakını sığorta etdirməkdə maraqlı deyillər. Faciə baş verən anda sığorta söhbəti yada düşür. Bu lap “xəstəlik ağırlaşanda, həkim yada düşür” deyiminə bənzəyir. Gərək xoşagəlməz hadisə baş versin ki, insanların yadına sığorta düşsün.
İcbari Sığorta Bürosunun İdarə Heyətinin sədri Rəşad Əhmədov media nümayəndələrinə açıqlamasında bildirib ki, əmlakını icbari qaydada sığortalamayan şəxslərə qarşı tətbiq olunan cərimələr sərtləşdiriləcək. Bununla bağlı qanunvericilikdə mövcud olan boşluqlar aradan qaldırılacaq: “Məbləğ yüksək olmadığından müsbət nəticə vermir. Əmlak sığortası sahibkarları bir çox zərərlərdən qoruduğu üçün çox sərfəlidir”.
Məsələ ilə bağlı fikir bildirən sığorta eksperti Nicat Əlibəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 2012-ci ildən etibarən daşınmaz əmlakın sığortası icbaridir. Avtomobilə nisbətdə əmlak sığortası elə də məşhur deyil: “Məlumdur ki, avtomobillərdə Dövlət Yol Polisi tərəfindən quraşdırılan MMK-ların sayı nəticəsində vətəndaşların icbari sığortası olmadığı təqdirdə 50 manat cərimə olunur. Lakin əmlak sahəsində belə bir mexanizm yoxdur. Daşınmaz əmlakın icbari sığortasını hansısa qurum öz öhdəsinə götürüb nəzarətdə saxlasın”.
N.Əlibəylinin fikrincə, daşınmaz əmlakın sığortası sahəsində maarifləndirmə zəifdir: “Təəssüfedici haldır ki, bədbəxt hadisə baş verən an əmlak sığortası yada düşür. Faciələrdən zərərsiz çıxmaq üçün əmlakın sığorta olunmaması ilə bağlı cərimələr tətbiq olunmalıdır. Nəzərə almaq lazımdır ki, cərimələrin tətbiq olunması sırf vətəndaşların xeyrinədir”.
Ekspert onu da vurğuladı ki, bu sahədə problemlər çoxdur: “Həm təbliğat zəif aparılır, həm də cərimələr azdır. Vətəndaşlar onların qapısını döyən sığortaçıların üzünə qapını açmırlar. Mənzil-istismar idarələri fəaliyyət göstərsələr, bəlkə onların vasitəsilə sığorta problemini həll etmək olardı. Tədqiqatlar göstərir ki, icbari sığortanın tətbiq edilməsinin az olması buna nəzarət mexanizminin zəif olması ilə əlaqədardır. O üzdən, nəzarət mexanizminin, qanunvericiliyin gücləndirilməsinə ehtiyac var. Qanunvericiliyin möhkəmləndirilməsi olduqca vacibdir".
Günel CƏLİLOVA