Rüfət Quliyev: “Ölkədə kredit faizlərinin minimum məbləği 18, maksimum məbləği isə 22-24 faiz olacaq” Elşad Məmmədov: “Kredit faizləri kəskin şəkildə aşağı salınmalıdır”
Azərbaycanda kreditlərin faiz dərəcəsinin azalması təklif olunur. Belə bir təklifi Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi Aytən Məmmədova Bakıda "Fitch Ratings” agentliyinin illik konfransında deyib. O qeyd edib ki, təklif hələ ki, müzakirə mərhələsindədir.
A.Məmmədova qeyd edib ki, kredit faizlərinin aşağı salınması ilə bağlı təklif qəbul olunarsa, kredit faizini və digər xərclərin həddini dövlət qurumu müəyyənləşdirəcək.
Qeyd edək ki, Azərbaycanda kredit faizləri əksər xarici ölkələrlə müqayisədə yüksəkdir. Məlumdur ki, ölkə başçısı İlham Əliyev fiziki şəxslərin problemli kreditlər məsələsinin həll olunması ilə bağlı sərəncam imzaladı. Sərəncama əsasən, fiziki şəxslərin problemli kreditlərlə bağlı yaşadığı çətinliklər öz həllini tapacaq.
Problemli kreditlərin həllindən sonra kredit faizlərinin aşağı salınması təklifi də gündəmə gətirilib. Ehtimal olunur ki, yaxın zamanlarda kredit faizləri aşağı salınacaq və bununla da hər kəs kredit götürə biləcək.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Rüfət Quliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ''Banklar haqqında'' Qanuna dəyişikliyin edilməsi təklif olunur. Təklif qəbul olunarsa, banklar vətəndaşlara yüksək faizlə kredit verə bilməyəcəklər: “Belə olduğu halda, kredit faizini və digər xərclərin həddini dövlət qurumu müəyyənləşdirəcək. Bu gün banklar çox yüksək faizlə kredit verir. Hətta bəzi banklar 36 faizlə kredit verir ki, bunun da geri qaytarılmasında əksər hallarda ciddi problemlər yaranır. Nəticədə isə problemli kreditlər ortaya çıxır. Məlumdur ki, problemli kreditlərin yaranması ölkə iqtisadiyyatına ziyan vurur”.
Millət vəkilinin sözlərinə görə, kredit faizləri aşağı salınmalıdır. Onun fikrincə, ölkədə kredit faizlərinin minimum məbləği 18, maksimum məbləği isə 22-24 faiz olacaq.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı Elşad Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, kredit faizləri kəskin şəkildə aşağı salınmalıdır. Bunun həyata keçirilməsi üçün aidiyyəti qurumlarda müvafiq imkanlar mövcuddur. Kredit faizlərinin aşağı salınması üçün qurumlar tərəfindən iradə nümayiş etdirilməlidir: “Ölkədə həyata keçirilən pul krediti siyasəti yumşaldılmalıdır. Bunun həyata keçməsi üçün ilk növbədə Mərkəzi Bank uçot dərəcəsini aşağı endirməlidir. Eyni zamanda, pul krediti siyasətində hökumət və Mərkəzi Bank tərəfindən yalnız faiz göstəricisi üzrə deyil, faiz siyasətinin differensiallaşdırılmasına getmək lazımdır. Hər bir sahə üzrə kreditləşmə həyata keçirilməlidir. Əks halda, real sektorun rəqabətqabiliyyətli formatda inkişafına nail ola bilmərik. Ona görə bu, ölkə iqtisadiyyatı üçün önəmlidir. Hesab edirəm ki, həm Maliyyə Bazarlarına Nəzarət Palatası, həm də Mərkəzi Bankın bütün imkanları var”.
Günel CƏLİLOVA