Elçin Həsənov: “Cərimələrin bağışlanması məsələsi nəzərdən keçiriləcək” “Banklar tərəfindən zərərçəkən sahibkarlara əlavə kreditlərin verilməsinə də baxılacaq”
Məlum olduğu kimi, “Diqlas” ticarət mərkəzində baş verən yanğın hadisəsinə görə sahibkarlara küllu miqdarda zərər dəydi. Bu insanlara dəyən zərərin aradan qaldırılması üçün dövlət tərəfindən də dəstək göstəriləcək. Eyni zamanda, banklar da zərərçəkən sahibkarlara yardım edəcək.
Belə ki, “Diqlas” ticarət mərkəzində baş verən olayla əlaqədar ölkə Prezidentinin çağırışına cavab olaraq, yanğın nəticəsində zərərçəkən sahibkarlara kömək göstərilməsi məqsədilə banklarda kredit borcu olan sahibkarların kreditlərinin restrukturizasiya olunması, kreditlərə görə hesablanmış cərimələrin (peniyaların) bağışlanması, faizlərin aşağı salınması məsələləri Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin bu günlərdə keçirilən iclasında müzakirə olunub.
Qeyd edilənə görə, “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın zamanı zərərçəkmiş sahibkarların Azərbaycan Banklar Assosiasiyasının üzv bankları tərəfindən kreditlərinin restrukturizasiya olunması, hesablanmış cərimələrin (peniyaların) silinməsi, faizlərin aşağı salınması, eləcə də onlara müraciətləri əsasında, qaydalar çərçivəsində yeni kreditlərin verilməsi və bu tədbirlərin icrasına dərhal başlanması ilə bağlı qərar qəbul edilib.
Sahibkarların banklara olan borcu hansı mexanizm əsasında müəyyən olunacaq? Güzəştlər məbləğdən asılı olaraq tətbiq olunacaq, yoxsa bu, zərərlə üzləşən hər bir sahibkara tətbiq olunacaq? Bu istiqamətdə nə kimi araşdırmalar aparılıb?
ABA-nın təmsilçisi Elçin Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bankların tətbiq edəcəyi güzəştlər sırasında banklarda kredit borcu olan həmin sahibkarların kreditlərinin restrukturizasiya olunması, kreditlərə görə hesablanmış cərimələrin (peniyaların) bağışlanması, faizlərin aşağı salınması məsələləri var. Eyni zamanda, cərimlərin bağışlanması məsələsi nəzərdən keçiriləcək, bundan əlavə, sahibkarların istəyinə, situasiyasına, tələblərinə, həmçinin də bankların imkanlarına uyğun olaraq, kreditlərin müddəti uzadılacaq. Həm də borclar hesablanacaq və faizlərə baxılacaq. Banklar tərəfindən zərərçəkən sahibkarlara əlavə kreditlərin verilməsinə də baxılacaq. Banklar Assosiasiyasının qərarına əsasən, bu məsələni fərdi şəkildə nəzərdən keçirəcəklər. Yəni belə fərqli faiz yoxdur ki, 5 faiz aşağı olacaq, 5 faiz yuxarı olacaq. Situasiya fərqli olduğu üçün, yanaşma da ona uyğun olacaq” - deyə E.Həsənov qeyd etdi.
İradə SARIYEVA