Ramil Osmanlı: “Bu səbəbdən düşünmürəm ki, Bakıda inşaat işləri azalsın və kapital xarici ölkələrə yönəlsin”
Son zamanlar Azərbaycanda inşaat işlərinin həcmində müəyyən azalmalar müşahidə edilir. Bu azalma hardasa özünü 20 faiz civarında göstərir. Məlumata görə, 2017-2018-ci illərdə mənzil və inşaat bazarında müəyyən qədər aktivlik olub. Həm yeni, həm də köhnə tikili mənzillərin bazarında aktivlik müşahidə edilib.
Belə fikirlər var ki, şəhərsalma arxitekturası baxımından yeni standartların tətbiq edilməsi ilə əlaqədar olaraq bu il inşaat həcminin azalması gözlənir. İnşaat bazarında qaydalar sərtləşdirildiyi üçün, mühitin rəqabətli olmasına baxmayaraq, şirkətlər qiymətləri qaldırmaq niyyətindədirlər. Yeni normalar tətbiq edildikcə, bazarda rəqabət azalacaq. Nəticədə isə qiymətlərin 30-40 faizədək qalxacağı iddia edilir. O da bildirilir ki, bu ilin əvvəlindən etibarən mənzil bazarında alıcılıq səviyyəsi aşağı düşüb. Belə davam edərsə, yerli investorlar xarici bazarlara maraq göstərəcək. Bunu onunla əlaqələndirirlər ki, təkcə bu ilin fevralında azərbaycanlılar tərəfindən 7 tikinti şirkəti Türkiyədə qeydiyyata alınıb. Eyni zamanda, azərbaycanlılara məxsus tikinti şirkətlərinin Ukraynada da aktiv fəaliyyət göstərdikləri deyilir.
Onu da qeyd edək ki, 2018-ci ildən etibarən inşaat işlərinə nəzarəti həyata keçirən yeni qurum fəaliyyətə başlayıb. Bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir. Bu qurum yeni tələblər və standartlar ortaya qoyub. Hazırkı şərtlər daxilində tikinti prosesinin başlanması üçün müəyyən məhdudiyyətlər tətbiq olunur. Maraqlıdır, bütün bunlar Azərbaycanda inşaat işlərinin azalmasına və bu sahədəki kapitalın digər ölkələrə axmasına səbəb ola bilərmi? Bununla bağlı səslənən fikirlər nə dərəcədə əsaslıdır?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı səslənən fikirlərə fərqli prizmadan yanaşdı. Onun fikrincə, həmin qaydaların tətbiqi vacib idi: “Düzdür, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikinti ilə bağlı müəyyən fundamental tələbləri var. Ancaq hesab edirəm ki, bu tələblər kifayət qədər haqlı tələblərdir. Məsələ ondadır ki, bu günə qədər Bakıda şəhərsalma qaydaları kobud şəkildə pozulurdu. Bu mənada, hesab edirəm ki, tikintinin tempinin azalması o qədər də təhlükəli deyil. Əksinə, çox xaotik, qarışıq, qaydalara, qanunvericiliyə zidd olan tikinti formaları təhlükəlidir. Hesab edirəm ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mövcud tələbləri, yeni tətbiq olunan standartlar, əslində, yetərincə normaldır. Bu daha çox qanunsuz tikililərə, eyni zamanda, tikinti normalarının pozulmasına qarşı yönəlmiş addımlardır. Bu səbəbdən düşünmürəm ki, Bakıda inşaat işləri azalsın və kapital xarici ölkələrə yönəlsin. Çünki bundan əvvəl eyni addımları atan, eyni prosesi həyata keçirən müvafiq icra hakimiyyəti orqanı, yəni Bakı Şəhər İcra Hakimiyyəti, əslində, daha çox qiymətlərin artmasına yönəlik addımlar atırdı. Məsələ ondadır ki, uzun müddət idi xeyli sayda bina istismara qəbul edilmirdi. Prezident İlham Əliyevin müdaxiləsi sözügedən problemin aradan qalxmasına gətirib çıxardı. Hesab edirəm ki, yeni qaydalara tam əməl olunarsa, gələcəkdə belə problemlər mövcud olmayacaq”.
Vidadi ORDAHALLI