Rəşad Həsənov: “Bu baxımdan hazırda daraldıcı kredit siyasəti həyata keçirilməkdədir”
Azərbaycanda regionların kreditləşməsi prosesi illik müqayisədə 460,6 mln. manat və ya 18,2 % azalaraq 2017-ci il oktyabrın 1-nə 2 071 mln. manat təşkil edib. Beləliklə, ölkə üzrə cəmi kredit qoyuluşunun 16,65 %-i bölgələrin payına düşüb. Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatında qeyd olunur ki, Azərbaycanda regionların kreditləşməsi 18 % azalıb. Regionlar üzrə ən çox kredit qoyuluşu Aran iqtisadi rayonunda (498,4 mln. manat) qeydə alınıb. Eyni zamanda, ən yüksək orta faiz dərəcəsi də (illik 22,3 %) bu regionda müşahidə olunub.
Qeyd edək ki, 2017-ci il oktyabrın 1-nə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 12 437 mln. manat təşkil edib və bunun 10 366 mln. manatı və ya 83,35 %-i Bakı şəhərini əhatə edib. Ölkədə kreditlər üzrə orta faiz dərəcəsi illik 11,8 % təşkil etdiyi halda, Bakı şəhərində 10,4 % olub, regionlarda isə 8,6-22,3 % arasında dəyişib.
Regionlar üzrə kredit qoyuluşunun nə səbəbdən azalmasını öyrənmək məqsədilə iqtisadçı-ekspert Rəşad Həsənova müraciət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında bunun gözlənilən olduğunu bildirdi: “Bəllidir ki, bankların kredit portfeli kiçilir. İlin əvvəli ilə müqayisədə bankların kredit portfeli 4,5 milyarddan artıq azalıb. Təxminən hazırda 12 milyard kredit portfeli var. Banklar mövcud risqləri müəyyən qədər azaldmaq və növbəti dövrlər üçün problemli aktivlərin həcmini nəzarətə götürmək istəyirlər. Bu baxımdan hazırda daraldıcı kredit siyasəti həyata keçirilməkdədir. Bu isə, öz növbəsində, regionlarda da kreditin həcminə öz təsirini göstərir. Ümumiyyətlə, əvvəlki dövrlərlə müqayisədə kommersiya bankları regionlarda ciddi kredit siyasəti həyata keçirmirdilər. Bununsa müxtəlif səbəbləri var idi. O səbəblərdən biri likvidlikdir. Nəzərə almaq lazımdır ki, region müştərilərində likvidlik aşağı olur. Xüsusilə də bankların kredit təminatı üçün götürdükləri girovların sonradan satışında problem yaşanırdı. Bu səbəbdən də banklar daha çox Bakı şəhəri və Abşeron yarımadasında kredit verməyə üstünlük verirdilər. Hazırda vəziyyət daha da ağırlaşıb”.
Həmsöhbətimiz hesab edir ki, növbəti aylarda da regionların kreditləşməsi prosesində azalma daha da artıq şəkildə müşahidə olunacaq.
Günel CƏLİLOVA