Qadir Bayramlı: “Cocuq Mərcanlıda yem emalı müəssisəsinin olması sərhəd bölgəsinə yaxın fermerlərin fəaliyyətinə də mənəvi dəstək olacaq”
Xəbər verildiyi kimi, Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" layihəsi (SEDA) çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində yem emalı müəssisəsinin təməli qoyulub. Bununla bağlı İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə nazirliyin, SEDA layihəsinin, yerli icra hakimiyyətinin nümayəndələri, həmçinin, sahibkarlar iştirak ediblər.
Böyük Qayıdışın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində icma əsaslı biznesyönümlü layihələrin, o cümlədən yem emalı müəssisəsinin inşasının da kənddə məşğulluğun təmin olunmasında, regionun sosial-iqtisadi inkişafında əhəmiyyətli olacağı bildirilib.
Yem emalı müəssisəsinin fəaliyyəti nəticəsində gələcəkdə Cocuq Mərcanlıda təsərrüfatlar yemlə təmin olunacaq ki, bu da kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək.
Cocuq Mərcanlı qəsəbəsində inşa olunacaq yem emalı müəssisəsinin heyvandarlığın inkişafına necə təsir edəcəyini öyrənmək məqsədilə ekspertə müraciət etdik.
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Cocuq Mərcanlıda yem emalı müəssisəsinin yaradılması alqışlanası bir addımdır. Nəzərə almaq lazımdır ki, həmin bölgə hər kəsin yaralı yeridir: “İşğalla bağlı olaraq biz Qarabağ bölgəsinin faydalı torpağından istifadə edə bilmirik. İllər sonra həmin ərazidə belə bir müəssisənin yaradılması xəbəri sevindiricidir”.
Həmsöhbətimiz hesab edir ki, bu, adıçəkilən bölgədə, böyük miqyasda olmasa da, lokal səviyyədə heyvandarlığın inkişaf etməsinə səbəb ola bilər. Digər tərəfdən, sərhəd bölgəsinə yaxın fermerlərin fəaliyyətinə mənəvi dəstək olacaq.
Q.Bayramlının fikrincə, Cocuq Mərcanlıda yem emalı müəssisəsinin yaradılması rayon miqyasında əhəmiyyətli addım olacaq.
İqtisad Universitetinin dosenti xüsusi olaraq vurğuladı ki, yem emalı müəssisəsini bölgədə yaradılacaq müasir bir aqroparkın ilk mərhələsi kimi görmək istəyir.
Günel CƏLİLOVA