Bakıda güzəştli mənzilin alınması üçün yeddi mindən çox şəxs qeydiyyatdan keçib. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev Yasamal rayonunda güzəştli yaşayış kompleksinin saytının təqdimatında deyib.
O deyib: “Mənzillərin satışı “Güzəştli mənzil” elektron sistemi vasitəsilə həyata keçiriləcək. Güzəştli mənzil almaq hüququ olan vətəndaşlar bu sistem vasitəsilə qeydiyyatdan keçir. Bugünədək yeddi mindən çox adam qeydiyyatdan keçib”.
Onun sözlərinə görə, yaxın zamanlarda kompleksdə mənzillərin satışına başlamaq planlaşdırılır: “Ümid edirəm ki, 2018-ci ilin yayınadək sakinlər ilk güzəştli mənzilləri alacaq”.
A.Quliyev deyib ki, Bakının Hövsan qəsəbəsində ikinci güzəştli mənzil kompleksinin tikintisinə ilin sonunadək başlana bilər. O qeyd edib ki, layihə-smeta sənədləri artıq hazırdır: "Yaxın günlərdə işlərə başlanılacaq".
“MİDA tərəfindən vətəndaşlara "güzəştli məznil"lər mülkiyyət hüququ haqqında şəhadətnamə ("kupça") əsasında satılacaq”. "APA-Economics" xəbər verir ki, bunu da MİDA-nın aparat rəhbəri Anar Quliyev bildirib.
"Təəssüf olsun ki, hal-hazırda mənzil bazarında mənzillər müqavilə əsasında satılır, lakin sonradan vətəndaşlar mənzil aldıqlarını düşündüyü halda məlum olur ki, bu mənzil başqa bir şəxsə də satılıb. Biz isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə mənzillərin siyahısını təqdim etmişik. Artıq 584 mənzilin şəhadətnaməsi alınıb. Vətəndaşlarımız hətta həmin sənədlər əsasında mənzillərini girov qoyub kredit ala biləcəklər", - deyə o vurğulayıb.