Rusiyanın təqribən 80 regionu bu və ya digər dərəcədə Azərbaycanla ticarət əlaqələrinə malikdir. Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Rusiya işgüzar görüşündə RF-nin Bakıdakı səfiri Vladimir Doroxin deyib.
Diplomat qeyd edib ki, Rusiya Azərbaycanın təkcə ölkə səviyyəsində deyil, həm də regional səviyyədə əməkdaşlıq etdiyi yeganə ölkədir.
“Azərbaycan qeyri-xammal ixracının artımı üçün ciddi addım atıb”. Bunu isə Sankt-Peterburqun Sahibkarlığın və İstehlak Bazarının İnkişafı üzrə Komitəsinin sədri Elgiz Kaşayev deyib.
Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov isə deyib ki, rusiyalı sahibkarların Azərbaycan iqtisadiyyatına investisiyaları 3,7 milyard dollara çatıb.
O qeyd edib ki, Azərbaycan öz növbəsində Rusiya iqtisadiyyatına bir milyard dollardan çox investisiya qoyub: “Rusiya Azərbaycanın başlıca ticarət tərəfdaşlarından biridir. Təsadüfi deyil ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi məhz bu ölkədə açılıb. Bu onu ifadə edir ki, biz Rusiya ilə münasibətlərə böyük əhəmiyyət veririk”.