Eyyub Hüseynov: “Qida Təhlükəsizliyi Agentliyində peşakar kadrlar toplaşarsa, ərzaq ixracatı sahəsində heç bir problem yaşanmaz”
Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən institusional islahatların tərkib hissəsi kimi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addım atılıb. Dövlət başçısının 2017-ci il 13 noyabr tarixli Fərmanına əsasən, "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib. Qida Təhlükəsizliyi Agentliyinin 2018-ci il yanvarın 1-dən etibarən fəaliyyətə başlaması nəzərdə tutulub.
Artıq yeni qurumun əsasnaməsi də təsdiq olunub və səlahiyyət çərçivələri müəyyənləşib. Əsasnaməyə görə, agentlik qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risqlərin təhlilini, qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini, baytarlıq, bitki mühafizəsi və karantini sahələri istisna olmaqla, məhsulun daşıdığı risq səviyyəsinə uyğun olaraq, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Yeni yaradılan qurum ərzaq ixracatına necə təsir edəcək?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yeni yaradılan qurum ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq: “Qeyd edim ki, beynəlxalq təşkilatlar uzun illərdir ərzaq təhlükəsizliyi ilə bağlı iş aparırlar. “HASFP” adlı beynəlxalq standart var ki, ona yalnız ləpə və balıq məhsulları uyğunlaşdırılıb. Lakin Azərbaycanın çoxsaylı məhsulu var ki, Avropa bazarına çıxarıla bilər. Ölkə başçısı İlham Əliyevin sərəncamında da qeyd olunur ki, məhsulun tarladan istehsalçının masası üzərinə qoyulmasına qədər olan sistem izlənə bilər. Hesab edirəm ki, Qida Təhlükəsizliyi Agentliyində peşəkar kadrlar toplaşarsa, ərzaq ixracatı sahəsində heç bir problem yaşanmaz. Onu da qeyd edim ki, İşçi Qrupun rəhbəri Əli Əhmədova məktub ünvalayıram. Həmin məktubda qeyd edirəm ki, Azad İstehlakçılar Birliyi ictimai əsaslarla, heç bir təmənna güdmədən həmin qurumda təmsil olunmaq istəyir. Yeni yaradılan quruma öz təcrübəmizlə töhfə vermək istəyirik. Xüsusilə qeyd edim ki, biz 120 ölkəyə hansı məhsulu istehsal etməyimizlə bağlı məlumat veririk”.
Günel CƏLİLOVA