Natiq Cəfərli: “İnsanların əllərində olan vəsaiti xərcləməkdənsə saxlamağa üstünlük verməsi ölkəyə gətirilən malların təqribən 30 faiz azalmasına səbəb olub”
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 16 012,583 mln. ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 faiz çoxdur.
Son bir ildə Azərbaycandan ixrac 25,8 faiz artaraq 9 054,202 mln. dollar, idxal isə cəmi 382 min dollar artaraq 6 958,381 mln. dollar olub. Son nəticədə xarici ticarətdə 2 095,821 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 8,8 dəfə çoxdur.
Azərbaycanın xarici ticarətində müsbət saldonun 9 dəfə artmasına münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “İki əsas səbəb xarici ticarətdə saldonun artmasına təsir göstərib. Ötən illə müqayisədə belə bir artımın olması gözlənilən idi. İlk olaraq qeyd edim ki, ötən ildən fərqli olaraq, neftin qiyməti 25-28 faiz artıb. Azərbaycanın ixracatında neft əsas yerlərdən birini tutur. İxracatın təxminən 90 faizi neftin payına düşür. Neftin qiymətinin artması müsbət saldonun yaranmasında, ölkəyə daha çox valyuta gəlməsində önəmli rol oynayır”.
İqtisadçının sözlərinə görə, ölkədə iqtisadi aktivliyin azalması, alıcılıq qabiliyyətinin aşağı düşməsi, insanların əllərində olan vəsaiti xərcləməyə yönəlik sıxıntılarının olmasının ölkəyə gətirilən məhsulların həcminin azalmasına səbəb olur: “İnsanların əllərində olan vəsaiti xərcləməkdənsə saxlamağa üstünlük verməsi ölkəyə gətirilən malların təqribən 30 faiz azalmasına səbəb olub. Bu da müsbət saldonun yaranmasında əsas rol oynayan faktorlardan biridir. Beləliklə, ölkəyə gətirilən məhsulların həcmi azaldı. Bu azalmanın fonunda neftə görə ixracat rəqəmləri artdı”.
Günel CƏLİLOVA