Əkrəm Həsənov: “Yararsız vəziyyətdə olan binalar sökülən ərəfədə vətəndaş yeni bina tikən tikinti şirkətinin qarşısında şərt qoymalıdır ki, yeni mənzil təhvil verilənə qədər onun ipoteka ödənişi onlar tərəfindən ödənilsin”
Bakının bir sıra ərazilərində yaşayış binaları yararsız vəziyyətdə olduğu üçün sökülür. Qeyd edək ki, qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkəti bina tikilənədək köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün pul ödəməlidir.
Bina hazır olduqdan sonra isə həmin sakinlərə yeni tikilən binada müvafiq mənzillər verilməlidir. O da bəllidir ki, sökülən binaların əksəriyyətində olan mənzillərin bir qismi ipoteka yolu ilə alınıb. Bəs bu zaman ipotekada olan mənzillərin taleyi necə olacaq? Kreditlə mənzil almış sakinlər bu prosesdə onları nə gözlədiyindən narahatdırlar.
Belə olan halda, vətəndaşlar müvəqqəti yaşamaq üçün ya kirayə, ya da yaxınlarının evlərində yaşayırlar. Ancaq onların aylıq ipoteka ödənişi isə sual altında qalır.
Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yararsız vəziyyətdə olan binalar sökülən ərəfədə vətəndaş yeni bina tikən tikinti şirkətinin qarşısında şərt qoymalıdır ki, yeni mənzil təhvil verilənə qədər onun ipoteka ödənişi onlar tərəfindən ödənilsin: “Yaxud vətəndaş yaşadığı binanı tərk edəndən sonra yeni mənzillə təmin olunmalıdır. Belə olan halda, vətəndaş aldığı yeni mənzilini dərhal İpoteka Fonduna girov qoymalıdır.
Onu da deyim ki, son zamanlar sökülən yaşayış binalarında vətəndaşlara aylıq kirayə haqqı təklif olunur. Bildirilir ki, ayda müəyyən məbləğdə kirayə pulu veriləcək. İki-üç il ərzində bina tikilərsə, vətəndaşlar ora köçərlər. Bəzi bina sakinləri bu təklifə razı olmurlar”.
Həmsöhbətimiz hesab edir ki, İpoteka Fondu sökülən binada olan mənzilin kreditinin vaxtından əvvəl qaytarılmasını tələb edə bilməz. Belə hal baş verərsə, vətəndaş İpoteka Fondunu məhkəməyə verə bilər. Məhkəmə prosesə onun yaşadığı evin dağıdılmasına razılıq verən qurumları da cəlb edə bilər.
Günel CƏLİLOVA