İlham Şaban: “Əvvəlki aylarda Azərbaycanın gəlirləri təqribən 450-460 milyon dollar civarında idisə, artıq dördüncü rübdə gəlirlər 500 milyon dollar həcmindədir”
OPEC Azərbaycanda 2040-cı ilədək neft hasilatının stabil olaraq sutkada 0,7-0,8 milyon barrel səviyyəsində qalacağını proqnozlaşdırır. Sözügedən məsələ ilə bağlı təşkilatın “World Oil Outlook 2040” adlı hesabatında deyilir. Hesabatda qeyd olunur ki, 2022-ci ilə kimi Azərbaycanda neft və kondensat hasilatı hazırda qeydə alınan sutkada 0,8 milyon barreldən 0,7 milyon barrelədək azalacaq.
2017-ci ildə hasilat 0,8 milyon barrel, 2018-ci ildə 0,7 milyon barrel, 2019-cu ildə 0,7 milyon barrel, 2020-ci ildə 0,8 milyon barrel, 2021 və 2022-ci illərdə isə yenidən 0,7 milyon barrel təşkil edəcək. Hesabatda bununla bağlı bir sıra məqamlara toxunulur: “Bu, yeni iri layihələrin olmaması ilə və "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasilatın azalması ilə bağlıdır. Təkcə "Şahdəniz" yatağında 2018-ci ildə yeni mərhələni işə salmaq planlaşdırılır ki, bu da ümumi hasilata sutkada 65 min barrel əlavə edəcək”.
OPEC-in qənaətincə, bu vəziyyət uzunmüddətli perspektivdə də saxlanacaq. Bu o deməkdir ki, 2025-2040-cı illərdə Azərbaycanda hasilatın 0,7 milyon barrel səviyyəsində olacağı proqnozlaşdırılır.
Bütün hallarda, təşkilatın Azərbaycanda neft hasilatı ilə bağlı proqnozundan belə məlum olur ki, yaxın 23 ildə Azərbaycanda neft hasilatı sabit qalacaq. O vaxta qədər də çox güman ki, Azərbaycanda qeyri-neft sektoru tam formalaşacaq və ölkə iqtisadiyyatında çəkisi indikindən qat-qat çox olacaq. Nəticədə neft amilindən asılılıq azalacaq.
Maraqlıdır, bəz ekspertlər buna necə yanaşır? 2040-cı ilə qədər neft hasilatının stabil qalması Azərbaycanın gələcək iqtisadi inkişafı üçün nə vəd edir?
Məsələyə münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, bu, Azərbaycanın gəlirlərinin artmasına müsbət təsir göstərəcək: “Bir müddət hasilatın ötən illə müqayisədə kəskin düşmə dövrü oldu. Yəni təxminən 2 milyon tona qədər hasilatın azalması baş verdi. Ancaq ilin ikinci yarısından başlayaraq neft hasilatı stabilləşmə dövrünə qədəm qoydu. Hasilatın artmasını Energetika Nazirliyinin açıqladığı aylıq hesabatlarda görmək mümkündür. O cümlədən, Dövlət Statistika Komitəsinin aylıq hesabatlarında bunu görmək mümkündür. Bu tendensiya əsasən sentyabr-oktyabr aylarında özünü göstərib. Faktiki olaraq həmin dövrlərdə hasilat eyni həcmdə olub və çox güman ki, ilin sonuna qədər davam edəcək. Neft hasilatının həcmi sabit qalarsa, gəlirlər artacaq. Söhbət aylıq istehsal həcmlərindən gedir. Nəzərə alsaq ki, bu, dünya bazarında neftin qiymətinin artması fonunda baş verir, o zaman bunun nə demək olduğunu təsəvvür etmək çətin deyil. Bu o deməkdir ki, Azərbaycanın gəlirləri artır. O üzdən, bunun stabil qalması müsbət haldır və ölkə iqtisadiyyatının xeyrinədir. Nəzərə almaq lazımdır ki, əvvəlki aylarda Azərbaycanın gəlirləri təqribən 450-460 milyon dollar civarında idisə, artıq dördüncü rübdə gəlirlər 500 milyon dollar həcmindədir. Güman ki, bu, 550 milyon dollar səviyyəsinə qədər qalxacaq. Söhbət mənfəət neftindən əldə olunan gəlirlərdən gedir. Məsələ ondadır ki, neftin qiyməti üçüncü rüblə müqayisədə kifayət qədər artıb. Hasilat stabil qalmaqla yanaşı, qiymətlərdə ciddi azalma baş verməzsə, o zaman Azərbaycanın əldə etdiyi gəlirlər artacaq. Bu da, öz növbəsində, ölkədəki iqtisadi inkişafa müsbət təsir göstərəcək. Yox, qiymətlər kəskin şəkildə düşəcəksə, o zaman gəlirlər azalacaq”.
Vidadi ORDAHALLI