Rəşad Həsənov: “Bakı Şopinq Festivalı ölkəyə xarici valyuta axınına müsbət təsir göstərir”
Oktyabrın 15-dən start götürən Şopinq Festivala maraq hər gün artır. “Ürəklər al-al deyir” devizi ilə yola çıxan Şopinq Festivalı yerli əhalilə yanaşı, turistlərin də diqqətini cəlb edir. Xaricilər böyük həvəslə ticarət festivalında iştirak etmək üçün paytaxt Bakıya gəliblər.
“Baku Shoping Festival–Tax Free” nişanı olan mağazalardan 100 manatdan çox alış-veriş edən zaman məhsulların əlavə dəyər vergisinin (ƏDV) müəyyən qismi müştərilərə geri qaytarılır. ƏDV qaytarılması yalnız “Baku Shoping Festival – Tax Free” nişanı olan mağazalarda mümkündür. Nişan olmayan mağazalarda “Tax Free” sistemi tətbiq olunmur. Onu da bildirək ki, festival noyabrın 15-ə kimi davam edəcək.
Bakı Şopinq Festivalının ölkəmizdə keçirilməsinin bir çox müsbət tərəfləri var. O cümlədən sahibkarlığın inkişafına da töhfə verəcək.
Bakıda keçirilən Şopinq Festivalının sahibkarlığın inkişafına təkan verməsi barədə yerli mütəxəssislərlə yanaşı, əcnəbilər də öz fikirlərini bildiriblər.
Fələstinin ölkəmizdəki səfiri Nasir Əbdül Kərim festivalın saytına açıqlamasında bildirib ki, Şopinq Festivalı, eyni zamanda, iqtisadiyyatın inkişafına təkan verəcək: “Festival həm də məhsulların daha cəlbedici yolla müştərilərə təqdim edilməsinə müsbət təsir göstərə bilər. Sahibkarlığın inkişafı iqtisadiyyatı irəli aparır. Bu kimi festivalların hər il keçirilməsi çox yaxşıdır. Düşünürəm ki, bu həm də daxili iqtisadiyyata, yəni bir tərəfdən turizmin inkişafına töhfə verəcək, digər tərəfdən də yerli istehlakçıların daha çox alış-veriş etməsinə şərait yaradacaq. Daha çox alış-veriş isə iqtisadiyyata təkan verəcək”.
Səfir onu da bildirib ki, bu tipli festivallar ölkədə turizmin inkişafına təsirsiz qalmayacaq. Bakıda Şopinq Festivalının keçirilməsi çox yaxşıdır: “Bu, ölkəyə turist cəlb etmək üçün möhtəşəm tədbirdir. Azərbaycan çox gözəl və füsunkar ölkədir. Şopinq Festivalı isə turistləri həm Azərbaycanın gözəlliyini görməyə, həm də buraya gəlib alış-veriş etməyə sövq edəcək”.
Krinisa İqtisadi Forumunun Proqram Şurasının sədri Ziqmunt Berdıçovski “Bakushopfest.com” saytına müsahibəsində bildirib ki, festival kiçik və orta sahibkarlığın inkişafına da müsbət təsir göstərəcək.
Bakı Şopinq Festivalının sahibkarlığa verəcəyi töhfə barədə fikirlərini iqtisadçı-ekspert Rəşad Həsənov bizimlə bölüşdü. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Bakı Şopinq Festivalı ölkə başçısı İlham Əliyev tərəfindən turizmin inkişafı haqqında imzalanan fərman əsasında baş tutur. Bu festivalın keçirilməsində əsas məqsəd turizmin canlanmasıdır. Şopinq Festivalı turizm sektoru ilə yanaşı, digər sahələrə də öz təsirini göstərir: “Bu festival sayəsində ticarət sektorunun subyektlərindən geniş istifadə olunur. Bunun üçün hazırda geniş imkanlar yaranır. Makro baxımdan məsələyə yanaşsaq, bu festival ölkəyə xarici valyuta axınına müsbət təsir göstərir. Valyuta axınını daha da artırmaq üçün bu sektoru daha da inkişaf etdirmək lazımdır”.
Həmsöhbətimiz onu da vurğuladı ki, paytaxtda keçirilən Şopinq Festivalı sahibkarlığın inkişafına səbəb olacaq.
Günel CƏLİLOVA