Vüqar Bayramov: “Bu ənənənin formalaşması ölkəyə daha çox turistin gəlməsinə imkan verir”
Məlum olduğu kimi, oktyarın 15-dən etibarən paytaxt Bakıda yerli əhalinin, eləcə də şəhərimizin qonaqlarının böyük maraq və sevincinə səbəb olan Bakı Şopinq Festivalı keçirilir. Festival noyabrın 15-nə qədər davam edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına əsasən, festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub və nazirliyin nəzdində olan Azərbaycan Konqreslər Bürosu tərəfindən həyata keçirilir. Bakı Şopinq Festivalının təşkil olunması ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə də öz əksini tapıb.
Onu da qeyd edək ki, “Baku Shopping Festival - Tax Free" nişanı olan mağazalardan 100 manatdan çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların əlavə dəyər vergisini geri ala bilər. Həmin məbləğ nağd, bank hesabına və ya karta köçürmə yolu ilə əldə edilir.
Festivalın iqtisadi əhəmiyyəti barədə danışan iqtisadçı-ekspert Vüqar Bayramov bildirdi ki, Bakı Şopinq Festivalının təşkil edilməsi ölkə iqtisadiyyatına müsbət təsir göstərir: “Bir çox ölkələrin təcrübələrinə diqqət yetirsək görərik ki, şopinq festivallarının təşkil edilməsi ölkəyə sərmayənin cəlb edilməsi və eyni zamanda ölkə daxilində xidmət və digər sektorlarda dövriyyənin genişləndirilməsi baxımından vacibdir. Şopinq Festivalı xüsusən Körfəz ölkələri, həmçinin, inkişaf etmiş ölkələrdə tətbiq edilən praktikadır. İqtisadiyyata sərmayənin cəlb edilməsi və eləcə də sahibkarlıq fəaliyyətinin dəstəklənməsi baxımından kifayət qədər müsbət təsirlərə malikdir. Birmənalı şəkildə şopinq festivallarının təşkil edilməsi Azərbaycan iqtisadiyyatına müsbət təsirlərə malikdir”.
İqtisadçının sözlərinə görə, Şopinq Festivalı bir çox sahələrə təsir etdiyi kimi, turizm sektorunun inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir: “Turistlərin cəlb edilməsində festivalların rolu və payı kifayət qədər çoxdur. Nəzərə almaq lazımdır ki, turistlərin cəlb edilməsi üçün, xüsusən də indiki postneft dövründə fərqli üsullardan istifadə olunmasına ehtiyac var. Onlardan biri və kifayət qədər əhəmiyyətlisi şopinq festivallarının təşkil edilməsidir ki, Azərbaycanda artıq bu ənənə formalaşmaqdadır. Bu ənənənin formalaşması da ölkəyə daha çox turistin gəlməsinə imkan verir. Şopinq festivalları turizm sektorunun inkişafı və eləcə də ölkəyə gələn turistlərin sayının artırılması baxımından pozitiv təsirlərə malikdir”.
Günel CƏLİLOVA