Natiq Cəfərli: “Minimum əməkhaqqı və təqaüd bazası təqribən 14 faiz artırılacaq”
2018-ci ildə pensiyaların yenidən artacağı gözlənir. Bu dəfə nominal orta aylıq əməkhaqqının ötənilki artım tempinə uyğun olaraq indeksləşdirilməsi aparılacaq. Nəticədə pensiyanın bütün məbləği, yəni həm sığorta, həm də baza hissəsi artacaq.
Azərbaycanda 2018-ci ildə orta aylıq pensiya məbləğinin 216,5 manata çatacağı proqnozlaşdırılır. Bu da 2017-ci ilin gözlənilən proqnozu ilə müqayisədə 7,6 manat və ya 3,6 %, 2016-cı ilin faktiki göstəricisi ilə müqayisədə isə 24,3 manat və ya 12,6 % çoxdur.
Həmçinin, gələn il əmək pensiyaçıları üçün yaşayış minimumu 144,0 manat nəzərdə tutulub ki, bu da 2017-ci ilin gözlənilən nəticəsi ilə müqayisədə 13,8 manat və ya 10,6 %, 2016-cı ilin faktiki göstəricisi ilə müqayisədə 21 manat və ya 17,0 % artım deməkdir.
Layihəyə əsasən, əmək pensiyaçılarının 2018-ci ilin sonuna 1 304,1 min nəfər olacağı gözlənir. 2017-ci ilin sonuna bu göstəricinin 1 311,0 min nəfər olması ehtimal olunur.
Qeyd edək ki, inflyasiyanın 2018-ci ildə 6,1 %, 2019-cu ildə 4,3 %, 2020-ci və 2021-ci illərdə 3,1 % təşkil edəcəyi proqnozlaşdırılır. Bu göstərici 2017-ci ildə 13,2 % gözlənir.
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Natiq Cəfərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan qanunverciliyinə əsasən, ilin sonunda rəsmi inflyasiya səviyyəsi nə qədər olursa, yanvarın 1-dən minimum əməkhaqqı və təqaüdlərdə buna uyğun indeksləşmə aparılır. Belə olan halda, təqaüd və minimum əməkhaqqının artması gözlənir: “Bəllidir ki, bu ilin oktyabr ayına qədər rəsmi inflyasiya 14 faiz elan olunub. Çox güman ki, ilin sonuna qədər eyni vəziyyət davam edəcək. Qanunvericiliyə uyğun olaraq, indeksləşmə aparılmalı və minimum əməkhaqqı və təqaüd bazası təqribən 14 faiz artırılacaq. Bu artırılma maaş və təqaüdlərin hesablanmasına təsir göstərəcək”.
Həmsöhbətimizin sözlərinə görə, gələn il maaş və təqaüdlərin artımı gözlənir: “2018-ci ilin büdcəsi qəbul olunandan sonra müəyyən artımın olması da mümkündür”.
Günel CƏLİLOVA