Bakıda keçirilən Şopinq Festivalı ürəkdən alqışlayıram. Belə festival həm Bakı, həm də region üçün əhəmiyyətli olacaq. “Trend”in məlumatına görə, bunu ötən ay Tiflis şəhər meri seçilən Gürcüstan baş nazirinin keçmiş müavini Kaxa Kaladze Şopinq festivalla bağlı özəl olaraq Gürcüstan azərbaycanlılarının xəbər agentliyinə (www.gaxa.ge) açıqlamasında belə deyib.
Onun sözlərinə görə, bu festival Azərbaycan və turizmin inkişafı baxımından bütövlükdə region üçün yeni imkanlar açır: “Şopinq festivalların əsas əhəmiyyəti ondadır ki, onu təşkil edən ölkə mədəniyyət və incəsənəti haqqında, iqtisadiyyat sahəsində gedən dəyişikliklər, bizneslə bağlı görülən işlər və inkişaf haqqında festival iştirakçılarına ətraflı məlumat vermək imkanı qazanır. Həmçinin, Şopinq Festivalda yeni ideyalar yaranır ki, gələcəkdə bu ideyaları tətbiq etməklə iqtisadiyyatı daha da inkişaf etdirmək mümkündür. Sözsüz ki, bu festivalın uğuru haqqında xoş xəbərlər eşidəcəyik və biz gələcəkdə Tiflisdə də belə bir möhtəşəm festival keçirməyə çalışacağıq”.
Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim Azərbaycan hökumətinin ölkədə şopinq festival keçirməklə bağlı təşəbbüsünü yüksək qiymətləndirir.
www.bakushopfest.com saytına açıqlama verən diplomat bu kimi festivalların ölkədə turizmin inkişafına təsirsiz qalmayacağı qənaətindədir: “Düşünürəm ki, Bakıda şopinq festalın keçirilməsi çox yaxşıdır. Bu, ölkəyə turist cəlb etmək üçün möhtəşəm tədbirdir. Azərbaycan çox gözəl və füsunkar ölkədir və bu gözəllik, eyni zamanda şopinq festival, turistləri həm Azərbaycanın gözəlliyini görməyə, həm də bura gəlib alış-veriş etməyə sövq edəcək”.
Səfir bildirib ki, şopinq festival, eyni zamanda iqtisadiyyatın inkişafına da təkan verəcək. Sahibkarlığın rəqabətə yol açdığını deyən səfir düşünür ki, bu həm də məhsulların daha cəlbedici yolla müştərilərə təqdim edilməsinə də müsbət təsir göstərə bilər: “Sahibkarlığın inkişafı iqtisadiyyatı irəli aparır. Bu kimi festivalların hər il keçirilməsi çox yaxşıdır. Düşünürəm ki, bu həm də daxili iqtisadiyyata, yəni bir tərəfdən turizmin inkişafına töhfə verəcək. Digər tərəfdən də yerli istehlakçıların daha çox alış-veriş etməsinə şərait yaradacaq. Daha çox alış-veriş isə iqtisadiyyata təkan verəcək”.