Əkrəm Həsənov: “…bank sahibləri, menecerlərinə qarşı cinayət işi açıla bilər”
Azərbaycanda vaxtı keçmiş kreditlər gələn ildən azalmağa başlayacaq. Belə bir açıqlamanı Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, ilin əvvəlindən problemli kreditərdə artım olub: “Bu, gözlənilən idi. Gələn il artiq bu proses səngiyəcək və problemli kreditlər azalacaq”.
Qeyd edək ki, problemli kreditlərin həcmi günü-gündən artır. Açıqlanan statistik rəqəmlərə görə, vaxtı keşmiş kreditlərin həcmi sentyabrın 1-nə 1,824 mlrd. manat təşkil edib. Avqustun 1-i ilə müqayisədə problemli kreditlər 11,2 mln. manat artıb. İlin əvvəlinə nisbətən problemli kreditlər 351,4 mln. manat, yaxud 23,86 faiz artım nümayiş etdirib. Son 1 ildə isə bu rəqəm 231,1 mln. manat - 14,51 faiz yüksəlib.
Maraqlıdır, problemli kreditlərin həcminin artdığı ərəfədə qaytarılmayan kreditlərin həcmi necə azalacaq?
Elə bu sualla bank sahəsi üzrə mütəxəssis Əkrəm əHəsənova müraciət etdik.
O, “Bakı-Xəbər”ə açıqlamasında problemli kreditlərin gələn ildən azalmasının mümkün olmadığını qeyd etdi: “Bu hal yalnız iki halda baş verə bilər. Ola bilər ki, geri alınmayan kreditlərin bir hissəsi silinsin. Belə olanda təbii ki, problemli kreditlərin həcmi azalacaq. Ancaq bu silinmə hər kəsə aid deyil”.
Həmsöhbətimiz onu da bildirdi ki, vaxtı keçmiş kreditlərin kimə aid olması aydınlaşdırılmaldır: “Bu işlə məşğul olan Maliyyə Bazarlarına Nəzarət Palatası və digət dövlət qurumları banklarda yoxlama aparmalıdırlar. Yoxlama zamanı problemli kreditlərin həqiqətdə kimə verilməsi müəyyənləşdirilsin. Belə olan halda, vaxtı keçmiş kreditlərin bank sahiblərinin yaxınlarına aid olduğu bəlli olar. Bu qayda tətbiq olunarsa, bank sahibləri, menecerlərinə qarşı cinayət işi açıla bilər. Məsuliyyətə cəlb olunmaqdan qorxan kredit götürənlər banka borclarını geri qaytararlar”.
Günel CƏLİLOVA