Qulu İsmayılov: “Bu baxımdan da Xəzər dənizinin potensialından tam istifadə bütün sahil ölkələri üçün ancaq qazanc gətirə bilər”
Xəzərin potensialından sahilyanı ölkələrin tam şəkildə istifadə etmədiyi məlum həqiqətdir. Düzdür, sahilyanı ölkələr, o cümlədən də Azərbaycan dənizdə yerləşən mövcud neft və qaz yataqlarından iqtisadi tərəqqilərində maksimal şəkildə istifadə etməyə çalışıblar. Elə qarşıdakı illər ərzində də bu istiqamətdə Xəzərin potensialından çox istifadə olunacaq. Amma aydındır ki, dəniz təkcə neft-qaz resursları baxımından iqtisadi səmərə gətirmir.
Belə görünür ki, sahilyanı ölkələr digər məqamlar baxımından da dənizin potensialından daha effektiv şəkildə istifadə üçün yeni layihələrə start verməyə hazırlaşır. Bu məsələdə mərkəzi yerlərdə duracaq ölkələrdən biri isə Azərbaycandır. Məhz belə bir vaxtda İranın Ticarət, sənaye, mədənlər və kənd təsərrüfatı palatasının sədri Qulamhüseyn Şafeyi maraqlı bir açıqlama verib. Şafeyi qeyd edib ki, İran Xəzəryanı ölkələrlə iqtisadi əlaqələrin genişləndirilməsi və təhlükəsizliyin qorunması istiqamətində ikitərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir. O bildirib ki, İran Azərbaycanla Xəzər dənizində əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Xəzərin imkanlarından sahil ölkələrilə birlikdə istifadə Azərbaycan üçün hansı dividendləri gətirə bilər?
İqtisadçı Qulu İsmayılov qəzetimizə açıqlamasında bildirdi ki, Xəzər dənizi zəngin karboehtiyatlarla yanaşı, başqa üstünlüklərə də malikdir: “Bilirsiniz ki, onun statusunun müəyyənləşməsi tam yekunlaşmayıb. Bununla bağlı sahilyanı ölkələrdə kiçik fikir ayrılıqları mövcuddur. Buna baxmayaraq, Azərbaycan Xəzərin özünə aid olan hissəsindən səmərəli şəkildə istifadə edir. Biz Xəzərin bizə aid olan hissəsindəki enerji ehtiyatlarından, gölün balıq və kürüsündən səmərəli istifadə edirik. Ancaq bu heç də Xəzərin bütün potensialı demək deyil. Həmçinin böyük enerji layihələrində biz Xəzərdən tranzit vasitəsi kimi yararlanırıq. Ancaq doğru olaraq vurğulanır ki, Xəzərdən ikitərəfli əməkdaşlıq formatında istifadə daha böyük dividendlər gətirə bilər. Azərbaycanın və İranın dəniz sahilində lazımi infrastrukturu var. Bundan səmərəli şəkildə istifadə edib turizm, yükdaşımanı inkişaf etdirmək olar. Çünki İran limanlarına çıxış Fars körfəzinə çıxış deməkdir. Biz eynilə bu istiqamətlərdə əməkdaşlığı digər Xəzəryanı ölkələrlə də edə bilərik. Bu baxımdan da Xəzər dənizinin potensialından tam istifadə bütün sahil ölkələri üçün ancaq qazanc gətirə bilər. Hesab edirəm ki, Azərbaycan bu istiqamətdə bütün ölkələrlə əməkdaşlığa hazırdır. Əminəm ki, Azərbaycanın bu potensialdan istifadə üçün kifayət qədər səmərəli təklifləri var”.
Məhəmmədəli QƏRİBLİ