Aydınxan Əbilov:”Bakıda keçirilən Şopinq Festivalında iştirak üçün ölkəmizə gələn əcnəbilər Azərbaycan tarixi, reallığı ilə tanış olurlar”
“Bakıda Şopinq Festivalının keçirilməsi təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün xüsusi əhəmiyyət kəsb edir. Festival müddətində Bakıya gələn turistlərin sayı əhəmiyyətli dərəcədə arta bilər. Bakı həm öz mədəni irsini turistlərə tanıda, həm də regionda necə böyük bir potensiala sahib olduğunu göstərə bilər. Ümumilikdə, Bakıda bu cür festivalın keçirilməsini çox yüksək qiymətləndirirəm”. Bu sözləri festivalın saytına BMT-nin Ticarət və İnkişaf Şurasının (UNCTAD) investisiya siyasəti üzrə direktoru Weber Joerg deyib.
O qeyd edib ki, Bakıda Şopinq Festivalın keçirilməsi çox yaxşı ideyadır. Bu festival Azərbaycana hər baxımdan xeyir gətirəcək: “Biz Bakı, şopinq və festival sözlərini yanaşı qoysaq, sonda bu üç tərəfin qalib gəldiyinin şahidi olacağıq. Bakı çox gözəl şəhərdir. Burada şopinq etmək üçün yaxşı imkan var. Şopinq Festival çərçivəsində mal və xidmətlərin satılması böyük fürsətdir”.
Paytaxt ərazisində keçirilən ikinci Şopinq Festivalının ölkəmiz üçün əhəmiyyətli olması haqqında tanınmış simalar öz fikirlərini bildiriblər.
İkinci Şopinq Festivalının Bakıda keçirilməsi tək Azərbaycan üçün deyil, ümumiyyətlə, region üçün böyük əhəmiyyət daşıyır.
Bakıda keçirilən Şopinq Festivalının Azərbaycan mədəni irsinin dünyada tanıdılmasında rolu barədə fikir bildirən kulturoloq Aydınxan Əbilov “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Şopinq Festivalı hansı ölkədə keçirilirsə, bu, həmin ölkənin mədəni həyatında mühüm hadisə sayılır. Bəllidir ki, Ticarət Festivalı keçirilən ölkəyə çoxlu sayda turist gəlir. Turist hansısa ölkədə keçirilən hər hansı bir tədbirdə iştirak etmək istəyirsə, öncə həmin ölkə haqqında məlumat əldə edir. Azərbaycanda keçirilən Şopinq Festivalından xəbər tutan xarici turistlər internet üzərindən Azərbaycan haqqında məlumat əldə etdikdən sonra böyük zövqlə festivalda iştirak etmək üçün Bakıya gəlirlər”.
Həmsöhbətimizin sözlərinə görə, Bakıda keçirilən Şopinq Festivalında iştirak üçün ölkəmizə gələn əcnəbilər Azərbaycan tarixi, reallığı ilə tanış olurlar. Xaricilər öz vətənlərinə qayıtdıqdan sonra özlərinin Azərbaycan haqqında müsbət düşüncələrini ölkələrində fəaliyyət göstərən müəyyən dairələrə çatdırırlar.
Günel CƏLİLOVA