Vüqar Bayramov: “... yerli istehsalın inkişafı baxımından vacib addımlardan biri olacaq”
Dövlət Gömrük Komitəsi bəzi gömrük dərəcələrinin aşağı salınması ilə bağlı hökumətə müraciət edib. DGK sədri Aydın Əliyev media nümayəndələrinə açıqlamasında bildirib ki, gömrük dərəcələrinin aşağı salınması aktual məsələlərdən biridir. Üçpilləli sistemə keçidlə bağlı təkliflər var. Müxtəlif nazirliklər kimi, biz də bu təklifləri hazırlayıb hökumətə təklif etmişik. Son qərarı hökumət verəcək".
Onun sözlərinə görə, ölkəyə idxal olunan xammala tətbiq olunan rüsumlara güzəştlər tətbiq oluna bilər: "Bu xammal ölkə daxilində istehsalın artırılması üçün lazımdır. Buna görə bu məsələyə baxıla bilər, müəyyən güzəştlər tətbiq oluna bilər".
Gömrük dərəcələrinin aşağı salınması fikrinə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, xammal formasında ölkəyə idxal olunan məhsulların gömrük rüsumunun azaldılması vacibdir: “Bəllidir ki, xammal formasında məhsullar vergiyə cəlb olunur və nəticədə yerli istehsalla məşğul olan sahibkarlar məcburiyyətdən xammalı ölkədə olmayan məhsulları xaricdən gətirirlər. Belə olan halda, həmin məhsulun qiyməti daha baha olur.Təbii ki, belə olan halda, yerli məhsul rəqabət apara bilmir”.
Həmsöhbətimiz hesab edir ki, xammala tətbiq olunan vergi dərəcələrinin bir qisminin ləğv olunması, bəzilərinin isə azaldılmasına ehtiyac var: “Gömrük dərəcələrinin aşağı salınması yerli istehsalın dəstəklənməsinə səbəb olacaq. Ölkəyə gətiriləcək xammalın rüsümdan azad olunması imkan verəcək ki, yerli istehsalın xərci azalsın. Bu idxaldan asılılığın aradan qaldırılması baxımından vacibdir. Həmçinin, gömrük dərəcələrinin aşağı salınması daxili bazarda satışın genişləndirilməsində mühüm rol oynaya bilər. Bu, yerli istehsalın inkişafı baxımından vacib addımlardan biri olacaq”.
Günel CƏLİLOVA