“Bakı Şopinq Festivalı Azərbaycanda üfüqi istiqamətdə bütün sahələrin inkişafına dəstək olacaq”
"Azərbaycan son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində uğurlu addımlar atmaqdadır". "APA-Economics" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakı Şopinq Festivalın saytına müsahibəsində bildirib.
Ölkənin turizm potensialının inkişafına toxunan diplomat qeyd edib ki, Azərbaycana səfər edən xarici turistlərin sayının artması, atılan addımların uğurlu nəticəsinə sübutudur. Bu baxımdan, diplomatın fikrincə, Bakı Şopinq Festivalı ölkənin daha da tanınması üçün önəmli təsir vasitəsidir. Üstəlik, festival zamanı tətbiq olunan qiymət tənzimləmələri də satışın artımına vasitəçi olmaqda, ölkə iqtisadiyyatına töhfə verməkdədir.
"Qısa müddət ərzində artıq ikinci Şopinq Festivalının keçirilməsi ilk festivalın uğurunu, onun hədəfə çatdığını göstərir. Türkiyə Azərbaycanda turizmin inkişafına dəstək verməyə davam edəcək. Əminəm ki, bu istiqamətdə yaxın zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə dövlət başçılarımızın açılışını edəcəyi Bakı-Tiflis-Qars dəmir yolu xətti də bölgədə turizmin daha da inkişafına önəmli töhfə verəcək", - deyə o vurğulayıb.
“Bakı Şopinq Festivalı bura səfər edən turistlərə Azərbaycanın istehsal potensialını görməyə şərait yaradacaq”. Bunu www.bakushopfest.com saytına açıqlamasında Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku deyib.
Səfir bildirib ki, festival ölkədə üfüqi istiqamətdə bütün sahələrin inkişafına dəstək olacaq: “Bilirəm ki, artıq festival başlayıb. Bakıda ikinci dəfədir, belə bir festival keçirilir. Şopinq Festivalının keçirilməsi çox yaxşı ideyadır. Düşünürəm ki, turistlər daha çox yerli mal alsalar, bu, xammaldan tutmuş hazır məhsul əldə olunana qədər bütün biznes sahələrinə müsbət təsir göstərər. Bu baxımdan yerli məhsulun satışı ölkə iqtisadiyyatında ciddi sıçrayışa səbəb ola bilər”.
Cənab səfir özünün və ailəsinin də festivala dəstək olduqlarını bildirib: “Biz özümüz də gündəlik həyatımızda Azərbaycan məhsulları alırıq. Zənnimcə, bu da bizim Azərbaycan iqtisadiyyatına kiçik də olsa verdiyimiz töhfədir”.