Nüsrət İbrahimli: “İpoteka kreditləşməsi ilə bağlı yeni qərar daşınmaz əmlak və tikinti bazarında canlanma yaradacaq”
Xəbər verildiyi kimi, Azərbaycanda dövlət ipoteka kreditlərinin maksimal məbləği 50 faiz artırılıb. “Azərbaycan İpoteka Fondu” ASC-nin Müşahidə Şurasının qərarı ilə dövlət xətti ilə verilən kommersiya xarakterli ipoteka kreditlərinin maksimal məbləği artırılıb. Qərara əsasən, sözügedən məbləğ 100 min manatdan 150 min manata çatdırılıb.
Məlumat üçün bildirək ki, sosial ipoteka kreditlərinin maksimal məbləği isə 100 min manat olaraq qalıb.
Xatırladaq ki, hazırda kommersiya xarakterli ipoteka kreditləri illik 8 faizlə, sosial ipoteka kreditləri isə illik 4 faizlə verilir.
İpoteka kreditlərinin maksimal məbləğinin 50 faiz artırılmasının mənzil bazarına necə təsir edəcəyini öyrənmək məqsədilə ekspertə müraciət etdik.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ipoteka məbləğinin artması mənzil bazarında stabilliyin yaradılmasına səbəb olacaq: “İpoteka Fondunun bazara ayırdığı vəsait ümumi bazar payında 5 faiz təşkil edir. Bu rəqəm elə böyük deyil ki, bazarda ciddi şəkildə nəzərəçapracaq dərəcədə dəyişiklik etsin. Ancaq hesab edirəm bu sektorda stabilləşdirici duruma səbəb olacaq. Bəllidir ki, mənzil bazarının qiymət siyasəti fərqli olur. Mənzillərin bir ay bir qiyməti olur, növbəti ay isə fərqli qiyməti müşahidə edirik. Zənnimcə, ipoteka məbləğinin artırılması mənzil bazarında stabil vəziyyət yarada bilər”.
Ekspertin sözlərinə görə, bazarda ümumi pul kütləsinin həcmi artdıqca, bazarın həcmi böyüyür. Belə olan vəziyyətdə bazarda stabillik hökm sürə bilər. Həmsöhbətimiz onu da bildirdi ki, ipoteka kreditlərinin məbləğinin artması mənzil bazarında canlanmaya səbəb ola bilər.
Günel CƏLİLOVA