Dünya maliyyə bazarlarında yaşanan dəyişikliklər fonunda indi ən çox diqqət cəlb edən məsələlərdən biri də qızılın qiymətində olan dəyişikliklərdir. Maraq doğuran əsas məqam isə odur ki, bir çox ölkələr qızıl alışını çoxaltmağa başlayıb.
Eyni zamanda belə məsələ də gündəmə gətirilir ki, xarici ticarətdə də əsas ödəniş vasitəsi kimi dolların əvəzində qızıldan istifadə olunsun. Ümumiyyətlə, proseslər göstərir ki, cari il ərzində qızıla tələb əhəmiyyətli dərəcədə artacaq və bu da onun qiymətinin yüksəlməsində heç də az rol oynamayacaq. Artıq son hərraclarda qızılın unsiyasının qiyməti 5,1 dollar artaraq 1238,4 dollara çatıb. Lakin artımın davam etməsi gözlənir. İqtisadçıların fikrincə, yaxın dövrdə dünya iqtisadiyyatında qeyri-müəyyənlik davam edəcək və bu fonda dolların, avronun məzənnəsinin hansı istiqamətdə dəyişəcəyi də dəqiq bəlli deyil. Belə vəziyyətdə qızıl qoruyucu aktiv kimi öz mövqeyini gücləndirəcək. Dolların yaratdığı problemlərdən xilas olmaq istəyən bəzi dövlətlər isə ödəniş vahidi və ya ehtiyat valyuta kimi qızılın dolları əvəz etməsində maraqlıdır. Hesab edilir ki, dövlətlərin ticarətin əlaqələndirilməsi sahəsində öz qızıl ehtiyatlarından istifadə edilməsi mümkündür. Bununla bağlı qızıl alışının həcmi də artır. Qeyd olunan xüsusda fərqlənən ölkələrdən biri isə şimal qonşumuzdur. Təkcə ötən yanvar ayında Rusiyanın Mərkəzi Bankı 37 ton qızıl alıb. Bu, 1 milyon unsiyadan artıqdır. Düzdür, dekabrda Rusiya ümumiyyətlə qızıl almayıb. Bunu bir neçə amillə izah edirlər. Bəziləri burada ABŞ-da prezident masasına yeni oturan Donald Trampa dəstək kimi qiymətləndirir. Qeyd edək ki, Barak Obamanın prezidentliyinin son aylarında Rusiya qızılın satın alınmasını yüksəltmişdi. 2016-ci ilin oktyabrında Rusiya qızıl ehtiyyatlarını 1,3 milyon unsiya və ya 48 ton artırıb. Bu da 1998-ci ildən bəri Rusiyanın qızıl ehtiyatlarının ən böyük artımıdır. 2016-ci ilin noyabrında isə 1 milyon unsiyalıq artım müşahidə olunub. Ümumiyyətlə, Rusiya öz qızıl ehtiyyatlarına böyük strateji əhəmiyyət verir. Rusiyanın Mərkəzi Bankı qızıl külçələrini hüquqi və siyasi risqlərdən 100%-lik zəmanət adlandırıb. Rusiya dolların yaratdığı problemlərin aradan qaldırılması üçün qızıldan istifadə olunmasını tamamilə mümkün sayır və bu məsələdə ona dəstək verən ölkələrdən biri də Çindir. Elə dünya bazarında Rusiyadan daha fəal qızıl əldə edən də məhz Çindir. Düzdür, Çinin qızıl-valyuta ehtiyatları bu ilin yanvar ayında 0,4% azalaraq 2,998 trilyon dollara enib. Bununla da Çinin qızıl-valyuta ehtiyatları 2011-ci ilin fevral ayından etibarən ən aşağı səviyyəyə düşüb. Ehtiyatlardakı azalmaya əsas səbəb dolların məzənnəsinin qlobal valyuta bazarında möhkəmlənməsi amili olub. Belə ki, dolların güclənməsi digər aktivlərin qiymətdən düşməsinə səbəb olub. Məhz bu səbəbdən Çin də dolların təzyiqindən xilas olmağa xüsusi maraq göstərir və qızıla daha çox sərmayə yatırır.
"World Gold Council" təşkilatı isə bildirir ki, ötən il ərzində qızıl ehtiyatlarını ən çox artıran ölkələr arasında Rusiya, Çin və Qazaxıstan lider olub. Ümumiyyətlə, dünya ölkələrinin Mərkəzi Bankları 2016-ci ildə 383,6 ton qızıl alışı həyata keçirib. Rusiya, Çin və Qazaxıstanın aldığı qızıl məcmu alışın 80%-i təşkil edib. Ümumiyyətlə, qızıla olan tələb 2016-cı ildə illik müqayisədə 2% artaraq 4308,7 ton təşkil edib ki, bu da son 3 ilin ən yüksək səviyyəsidir. İndi istisna olunmur ki, ABŞ-ın maliyyə siyasətindən əziyyət çəkən ölkələr kimi Rusiya və Çin ticarəti qızılla həyata keçirsin. İran, bir çox Asiya ölkələri, Venesuela, Meksika, Hindistan, Türkiyə və Yaponiyanın da bu sıraya qoşulması mümkündür. Bütün bunlara görədir ki, "USAA Precious Metals & Minerals" şirkətinin araşdırmalarına əsasən, qızıl 2017-ci ilin ən maraqlı mövzusudur. Keçən il bu maliyyə aktivindən qaçanlar hazırda qızıla ən çox investisiya qoyanlara çevrilib. Qeyd edək ki, qızıla tələbat ABŞ iqtisadiyyatının zəifləyə biləcəyi ehtimalları ilə daha da artıb. "DoubleLine Capital"ın təsisçisi və icraçı direktoru Ceffri Gundlaç investorların mərkəzi banklara olan inamınının itməsi səbəbilə qızılın unsiyasının tezliklə 1400 dollara çatmasının mümkün olduğunu bildirir. Bütün bunlar sözügedən metalın qiymətinin ölkəmizdə də artacağını deməyə əsas verir. Eyni zamanda Azərbaycanın valyuta ehtiyatlarının tərkibində qızılın həcmini artırması da istisnalıq təşkil etmir.
Tahir TAĞIYEV